Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-361/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" Kommersiya Bankı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 47373 manat icarə haqqının və ödənilmiş 248,05 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, LPO "xxxx" Kommersiya Bankı QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində daşınmaz əmlaka dair İC/045 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, “icarəyə verən” hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, seriya MA ******* saylı, **********21-05301-083001 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 964-cü məhəllə, X3 küçəsi, 9 ünvanında yerləşən (ümumi sahəsi 425.1 kv.m) qeyriyaşayış sahəsini cavabdehə istifadə üçün verməyi, cavabdeh isə həmin sahədən istifadə edərək icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli İC/045 saylı icarə müqaviləsinə 1 saylı əlavə sazişə əsasən, cavabdeh hər ayın 12-də 4500 manat məbləğində icarə haqqını və 810 manat məbləğində ƏDV-ni ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İC/045 saylı icarə müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh icarə müqaviləsinin 4.4.2-ci bəndinin tələblərini pozaraq icarə haqqını ödəməmişdir. Belə ki, cavabdeh 7 ay (6 ay+19 gün) üçün 29850 manat icarə haqqı və 22 ay (21 ay+19 gün) üçün 17523 manat ƏDV-ni ödəməmiş, bunun nəticəsində iddiaçıya ümumilikdə 47373 manat borc öhdəliyi yaranmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 684, 700-cü maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahlar verdilər və iddianın təmin edilməsini xahiş etdilər
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X2 cavabdehin icarə obyektini 2023-cü ilin oktyabr ayının sonu, noyabr ayının əvvəlində təhvil verdiyini, lakin təhvil-təslim aktının tərtib edilmədiyini, icarə haqqının 12 oktyabr 2021-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək hesablandığını bildirdi.
7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək iddiaçı ilə barışıq üçün danışıqların aparılacağını bildirdi.
8. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 12 iyul 2021-ci il tarixli İC/045 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, seriya MA ******* saylı, **********21- 05301-083001 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 964-cü məhəllə, X3 küçəsi, 9 ünvanında yerləşən (ümumi sahəsi 425,1 kv.m) qeyri-yaşayış sahəsini cavabdehə istifadə üçün verməyi, cavabdeh isə bu sahədən istifadə edərək icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, icarə haqqı və hesablaşma qaydasının müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə 01 saylı əlavə ilə 12 sentyabr 2021-ci il tarixdən hər ayın 12-də ödənilməklə aylıq 810 manat ƏDV daxil 5310 manat icarə haqqı şərtləşdirilmiş, 13 sentyabr 2021-ci il tarixli 02 saylı əlavə ilə icarə obyektinin kanalizasiya sistemində yaranmış problemlərin aradan qaldırılması məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarə obyektinin əvəzsiz istifadə edilməsi razılaşdırılmışdır.
13. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ƏDV daxil olmaqla 47373 manat məbləğində icarə haqqının tutulmasını tələb edir.
14. Cavabdehin nümayəndəsi məhkəmənin yalnız 1 hazırlıq iclasında iştirak edərək barışıq üçün danışıqlar aparıldığını bildirmiş, lakin növbəti məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaya etiraz da təqdim etməmişdir.
15. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
16. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
18. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
19. Məhkəməyə təqdim edilən 16 yanvar 2025-ci il tarixli izahlı maliyyə arayışından görünür ki, icarə müqaviləsinin 13 sentyabr 2021-ci il tarixli 02 saylı əlavəsinə əsasən, icarə haqqının hesablanması 12 oktyabr 2021-ci il tarixdən başlanmalıdır. Cavabdeh MMC tərəfindən 12 oktyabr 2021-ci il tarixindən 12 sentyabı 2023-cü il tarixinədək aylıq 4500 manat icarə haqqı və 810 manat ƏDV, 12 sentyabr 2023-cü il tarixindən 01 oktyabr 2023cü il tarixədək (19 gün üçün) isə 2850 manat icarə haqqı və 513 manat ƏDV ödəməli idi. 12 oktyabr 2021-ci il tarixindən 01 oktyabr 2023-cü il tarixinədək 76500 manat icarə haqqı və 1620 manat ƏDV ödənilmişdir. İcarəçi tərəfindən 7 ay (6 ay və 19 gün) üçün 29 850 manat icarə haqqı və 22 ay (21 ay və 9 gün) üçün 17523 manat ƏDV ödənilməmişdir. Beləliklə, icarə üzrə borc 29850 manat icarə haqqı və 17523 manat ƏDV, cəmi 47373 manat təşkil edir
20. İş materiallarına əlavə edilən xx.xx.2019 – xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 2021-ci ilin noyabr ayı üçün 4500 manat, xx.xx.2021-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin mart ayın üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin iyun ayı üçün 4500 manat, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin may ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin avqust ayı üçün 4500 manat, xx.xx.2023cü il tarixdə 2022-ci ilin sentyabr ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin iyul ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin noyabr ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin noyabr ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2022-ci ilin dekabr ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin yanvar ayı üçün 4500 manat, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin fevral ayı üçün 4500 manat olmaqla ümumilikdə 76500 manat məbləğində icarə haqqı cavabdeh tərəfindən iddiaçıya köçürülmüşdür.
21. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 810 manat, xx.xx.2022-ci il tarixdə 810 manat olmaqla ümumilikdə 1620 manat məbləğində ƏDV ödənilmişdir.
22. Qeyd edilənlərdən görünür ki, 12 iyul 2021-ci il tarixli İC/045 nömrəli icarə müqaviləsi üzrə 12 oktyabr 2022-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək 23 ay 19 gün üçün ödənilməli icarə haqqı məbləği ƏDV daxil olmaqla 125 493 (23 ay * 5310 aylıq icarə haqqı + 3363 manat 19 gün üçün icarə haqqı) manat olduğu halda, cavabdeh tərəfindən ƏDV daxil olmaqla 78120 manat məbləğində icarə haqqı ödənilmişdir.
23. Eyni zamanda mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
24. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
25. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
30. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi icarə haqqının tutulması hissəsində təmin olunmalı, 12 iyul 2021-ci il tarixli İC/045 nömrəli icarə müqaviləsi üzrə 47373 (ödənilməli 125 493 manat – ödənilən 78120 manat) manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
31. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 248,05 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 211,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
33. İş materiallarına əlavə edilən ********** nömrəli mədaxil qəbzindən görünür ki, 36,5 manat məvləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 233 manat təşkil edir.
37. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-yə ödənilməlidir. V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə 47373 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova