Məhkəmə qərarları › İş №e-2-2(113)-3611/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3611/2023

05.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3611/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq müqavilə, əşyaların və hüquqların alqı-satqısı, yol xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2750 manat məbləğində pulun və 66 manat mediasiya xərcinin, 15 manat yol xərcinin iddiaçının xeyrinə tutulması, artıq ödənilən 48 manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı daha əvvəl masaj salonu işlətmiş, 2023-cü il yanvar ayında yenidən sağlamlıq mərkəzi – masaj salonu açmaq qərarına gəlmiş, üç illik tanışı Fidan Cəfərova ilə razılaşaraq şərikliklə obyekt icarəyə götürüb işlətməyə başlamışdır. Lakin sonuncunun obyektə gəlməməsi, bütün yükün gecə-gündüz üstünə düşməsi və s. səbəblərdən iddiaçı öz gəlir və səlahiyyətlərini satmaq qərarına gəlmişdir. 2.2. Bundan sonra iddiaçı daha əvvəl şəriki vasitəsilə tanış olduğu X2 ilə 30 mart 2023-cü il tarixdə müqaviləyə bağlayaraq razılaşmışdır ki, sonuncu 2750 manatı xx.xx.2023-cü il tarixində iddiaçıya ödəməlidir. Müqavilə imzalandıqdan sonra obyekt X1 təhvil verilmişdir. Lakin razılaşdırılmış pul bu günədək ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739, 742.1, 743, 746-cı maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, Fidan Cəfərova ilə birlikdə 2023-cü ilin yanvar ayında icarəyə götürərək işlətdiyi masaj salonu üzrə bütün səlahiyyətlərini və gəlirini 30 mart 2023-cü il tarixdə cavabdehə satmışdır. Tərəflər arasında yazılı razılığa əsasən, 30 aprel 2023-cü il tarixədək cavabdeh ona 2750 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Masaj salonunu cavabdehə təhvil vermiş, lakin o qeyd edilən məbləği ödəməmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, 28 martda cavabdeh müqavilə şərtlərini demiş, o isə əl yazısı ilə yazmışdır. 30 martda həmin yazını kompüterə köçürmüş və müqaviləni hər iki tərəf təsdiqləmişdir. Eyni zamanda cavabdeh may ayının sonunda daha böyük obyektə keçəcəkdi, həmin pulu isə iddiaçıya obyektdəki əşyalara və müştərilərinə görə ödəməli idi. Belə ki, iddiaçı cavabdehə hazır masaj salonunu vermişdir ki, həmin salonda jalüzlər, reklam, masaj stolları, divan-kreslo, ariston, təhlükəsizlik kamerası və s. olmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınsa da, bu gün də obyekti işlədir.

7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin yaşayış üzrə rəsmi qeydiyyat ünvanına çatdırılmış, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdehin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə olunmuş 30 mart 2023-cü il tarixli müqavilədə göstərilmişdir ki, Xətai rayon, Qaçaq Nəbi, 5 ünvanında yerləşən açdığım masaj salonunu mən – İddiaçı Faiq qızı və qarşı tərəf – X3 ilə bağladığımız bu müqaviləyə əsasən, həmin obyektə qoyduğum 2750 (iki min yeddi yüz əlli) manat məbləği mənə (İddiaçı Faiq qızına) X3 xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Və mən (İddiaçı) obyektdəki səlahiyyətlərimi məbləğin “ödənilməsi şərtilə” həmin şəxsə dövr edirəm. Müqavilə iddiaçı və cavabdeh tərəfindən imzalanmış, Cavabdeh (VÖEN **********) möhürü ilə təsdiq olunmuşdur.

11. İddia ərizəsinə əlavə olunmuş 20 mart 2023-cü il tarixli əlyazma müqavilədən görünür ki, 30 mart 2023-cü il tarixli müqavilə ilə eyni məzmunlu müqavilə tərtib olunaraq iddiaçı tərəfindən imzalanmış, cavabdehin möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə iclasında tədqiq edilən vatsap yazışma və audio yazılarından görünür ki, iddiaçı 2023-cü ilin aprel və may ayları olmaqla müxtəlif tarixlərdə cavabdehdən müqavilədə qeyd olunan pul məbləğini tələb etmiş, cavabdeh obyekti qəbul etdiyi vaxtdan pul qazana bilmədiyini bildirərək pulu ödəməkdən imtina etmişdir (xx.xx.2023-cü il tarixli yazışmada olan audio yazı).

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli əşyaların və hüquqların alqı-satqısı haqqında qarışıq müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Xətai rayonu, Qaçaq Nəbi, 5 ünvanında yerləşən masaj salonu üzərində bütün hüquqları və əşyaları cavabdeh satmağı, cavabdeh isə masaj salonunu qəbul edərək 2750 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə və vatsap yazışmaları ilə də təsdiqləndiyi kimi obyekti – masaj salonunu və onun üzərindəki bütün hüquqlarını müqavilə imzalandığı tarixdən cavabdehə versə də, cavabdeh tərəfindən əşya və hüquqların dəyəri kimi şərtləşdirilən məbləğ ödənilməmişdir.

14. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2750 manat pulun ödənilməsini tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

21. Məhkəmə xx.xx.2023-cü il tarixli müqavilənin əşyaların alqı-satqısı və hüquqların alqı-satqı müqavilələrinin elementlərini əhatə etdiyini nəzərə alaraq, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Həmin Məcəllənin 652-ci maddəsinə əsasən, hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir.

26. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alqısatqısına əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmçinin eyni qayda hüquqların alqı-satqısına münasibətdə də tətbiq edilir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə və tərəflər arasındakı işgüzar münasibətlər nisyə alqı-satqı müqaviləsi formasında olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi, əvvəlcə obyekt – masaj salonu əşyaları və onunla əlaqəli iddiaçıya məxsus bütün hüquqları ilə birlikdə cavabdehə verilmişdir.

29. Belə olan halda iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

34. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın (hüquqların) dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2750 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

40. İddiaçı həmçinin mediasiya xərci kimi ödənilmiş 66 manat, yol xərci kimi ödənilmiş 15 manat pulun cavabdehdən tutulmasını və artıq ödənilmiş 48 manat dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir.

41. Məhkəmə qeyd edir ki, ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə artıq ödənilmiş dövlət rüsumu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3611/2023 nömrəli qərardadı ilə iddiaçıya qaytarılmışdır.

42. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00964 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçı sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 65 manat məbləğində mediasiya xərcini ödəmişdir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

45. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

46. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

47. Məhkəmə qeyd edir ki, iddiaçı yol xərcləri ilə bağlı hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda yol xərci kimi 15 manat məbləğində pulun cavabdehdən tutulması mümkün deyildir.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə iddia tələbinin təmin olunduğunu və xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00964 nömrəli arayışa əsasən mediasiya xərci kimi ödənilən məbləği nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 65 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 65 (altmış beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar