Məhkəmə qərarları › İş №e-2-2(113)-3614/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3614/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3614/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə müqaviləsi, zaminlik, müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul və əmlak tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul və əmlak tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh1 Məhdud Məhdud Cəmiyyəti (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 avqust 2023-cü il tarixli, No 26/0823P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 7921,53 manat və ona hesablanmış 1425,87 manat ƏDV borcu; 2000 manat cərimə, ümumilikdə dəyəri 9015 manat: 8960 manat dəyərində olan 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 55 manat dəyərində olan 0,8 m ölçülü 11 ədəd uzun qol iskələ; hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) manat pul və 170 manat dövlət rüsumunun (154 manat iddia tələbi və 16 manat müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 26 avqust 2023-cü il tarixli, No 26/0823P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən digər cavabdeh Qanuni nümayəndə İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 avqust 2023-cü il tarixli, 26/0823P saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməsinə görə birgə cavabdehliyi öz üzərinə götürmüşdür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri razılaşdırılmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilərək, icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmiş, cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda 26 avqust 2023-cü il tarixli, 26/0823P saylı icarə müqaviləsi üzrə 7921,53 manat əsas və ona hesablanmış 1425,87 manat ƏDV borcu yaranmışdır. Bundan başqa, cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 9015 manat olmaqla, 8960 manat dəyərində 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 55 manat dəyərində olan 0,8m ölçülü 11 ədəd uzun qol iskələ bu günədək geri qaytarılmamışdır. Bundan başqa, müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, icarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% miqdarında icarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edilir. Qeyd edilir ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən məbləğlər (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmiş, lakin cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 avqust 2023cü il tarixli, No 26/0823P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 7921,53 manat əsas və ona hesablanmış 1425,87 manat ƏDV borcu; 2000 manat cərimə, ümumi dəyəri 9015 manat olan –8960 manat dəyərində 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 55 manat dəyərində 0,8m ölçülü 11 ədəd uzun qol iskələ; hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) manat pul və 170 manat dövlət rüsumunun (154 manat iddia tələbi və 16 manat müvəqqəti təminat tədbiri üçün) Cavabdeh1 MMC və Qanuni nümayəndə alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 1096.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2023-cü ilin avqust ayından 2025-ci ilin mart ayına qədər hesablama aparılıbdır. Dirəklərin müəyyən hissəsi qaytarılıb, cəmi 320 ədəd dirək qalır. 1 dirəyin qiyməti təxmini 23,24 manat müəyyən edilib. Bu bazar qiymətinə uyğundur. Aktlarda qeyd olunanlar dəmir dirəklərin icarə haqqıdır. 160 ədəd dəmir dirək Xətaiyə göndərilib və qalanlarının qaytarılması etiraf edilir. Əlavədə dəmir dirəklərin icarə haqqı göstərilib. 0.8 ölçüdə olan 11 ədəd iskələ qaytarılmayıbdır. Cavabdeh tərəf özü də əlyazmada malları satmağı etiraf edibdir. Əslində iskələ və dirəklərin dəyərinin əhəmiyyəti yoxdur və yalnız onların geri qaytarılması tələb olunur, dəyər məlumat üçün qeyd edilmişdir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökülmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir; 2.2-ci bəndinə əsasən icarə müddətinin ilk ayı tam olaraq hesablanır; 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd qaydada ödəyir və ya hesablaşma hesabına köçürür; 3.1-ci bəndinə əsasən icarəyə verənin icarə haqqının vaxtında ödənilməsini icarəçidən tələb etmək hüququ vardır; 3.4-cü bəndinə əsasən icarəçinin icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi vardır; 5.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; 5.3-cü bəndinə əsasən icarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, icarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1%-i miqdarında icarəyə verənə cərimə ödəyir; 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə imzalanır; 6.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasına 30 gün qalmış tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı bir-birinə xəbərdarlıq etməzlərsə, müqavilə eyni müddətə və şərtlərlə uzadılmış hesab edilir. Uzadılmaların sayı məhdudlaşdırılmır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 saylı əlavənin məzmunundan müəyyən olunur ki, 3.85 m dəmir dirəyin bir ədədinin bir aylıq icarə haqqı 1 manat olaraq müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 saylı əlavənin məzmunundan müəyyən olunur ki, 3.85 m dəmir dirək və 0.8 m ensiz iskələnin bir ədədinin bir aylıq icarə haqqı 1 manat olaraq müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, 01 saylı malların təhvil-təslimi haqqında aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə 280 ədəd 3.85 m dəmir dirək təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsinə uyğun olaraq 02 saylı malların təhvil-təslimi haqqında aktın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixində 160 ədəd 3.85 m dəmir dirək, xx.xx.2023-cü il tarixində 87 ədəd 0.8 m ayaq hissə iskələ, 410 ədəd 0.8 m ensiz iskələ, 80 ədəd 0.8 m qısa qol iskələ, 160 ədəd 0.8 m uzun qol iskələ, xx.xx.2023-cü il tarixində 116 ədəd 0.8 m ayaq hissə iskələ, 550 ədəd 0.8 m ensiz iskələ, 110 ədəd 0.8 m qısa qol iskələ, 220 ədəd 0.8 m uzun qol iskələ təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İcarəyə verən İddiaçı MMC ilə zamin Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC şirkətinə zamin duran Qanuni nümayəndə İddiaçı MMC və Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 26/0823P saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə görə icarəçi qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin icarəyə verənin qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2025-ci il tarixli yerinə yetirilmiş işlər haqqında aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC-yə müxtəlif vaxtlarda təhvil verilmiş və qaytarılan icarə predmetlərinin qaytarılma vaxtlarına qədər (2023-cü ilin müxtəlif ayları) və qaytarılmayan 320 ədəd 3.85 m dəmir dirəklərə görə isə xx.xx.2025-ci ilə qədər hesablanmış icarə haqqı borcu 7921,53 manat təşkil edir.

15. Qanuni nümayəndə tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatında qeyd edilmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəlində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı MMC-yə məxsus 440 ədəd 3.85 m hündürlüyündə və bundan əlavə 960 iskələ icarəyə götürülmüş və Xətai rayonuna daşınmışdır. Materiallar üçün 8000 manat Seyid adlı şəxsə verilmişdir. Qanuni nümayəndə tərəfindən söz verilmişdir ki, xx.xx.2023-cü il tarixdə Seyid adlı şəxsdən materialları geri alaraq İddiaçı MMC-yə geri qaytaracaqdır. İzahat Qanuni nümayəndə tərəfindən imzalanmışdır.

16. Qanuni nümayəndə tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli iltizamında qeyd edilmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəlində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı MMC-nin anbarında X1 440 ədəd 3.85 m hündürlüyündə və bundan əlavə 960 iskələ icarəyə götürülmüş və həmin materiallar Seyidov Seyidə satılmışdır. Qanuni nümayəndə tərəfindən iltizam verilmişdir ki, xx.xx.2023-cü il tarixdə Seyid adlı şəxsdən materialları geri alaraq Abşeron rayonu, Saray qəsəbəsində olan İddiaçı MMC-nin anbarına geri qaytaracaqdır. İzahat Qanuni nümayəndə tərəfindən imzalanmışdır.

17. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 26/0823P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə üzrə hazırda Cavabdeh1 MMC-nin 7921,53 manat icarə haqqı borcu, 2000 manat cərimə borcu və 1425,87 manat ƏDV borcu yaranmış və 9015 manat dəyərində qaytarılmayan avadanlıq qalmışdır.

18. İddiaçı MMC tərəfindən Qanuni nümayəndə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun və əmlakların 3 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, 26/0823P nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Eləcə də, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən icarəçiyə zamin duran Qanuni nümayəndə İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi icarəyəverən qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin icarəyə verənin qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, icarə predmetləri təhvil verilmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, müqavilə üzrə icarə haqqı tam ödənilməmiş və icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq, bir çox icarə predmetləri iddiaçıya geri qaytarılmamışdır.

22. İddia tələbinin bir hissəsini cavabdehlərdən 7921,53 manat əsas və ona hesablanmış 1425,87 manat ƏDV borcunun tutulması təşkil edir.

23. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə hər iki tərəfin təsdiq etdiyi təhviltəslim aktlarını təqdim etmiş, yəni icarə predmetləri cavabdehə təhvil verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli yerinə yetirilmiş işlər haqqında aktda öz əksini tapan, hesablanmış icarə haqqı borcunun (7921,53 manat) ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də qəbul olunur ki, cavabdehin müqavilə üzrə 7921,53 manat əsas və ona hesablanmış 1425,87 manat ƏDV borcu vardır və həmin borcun bir qismini qaytarılmayan 320 ədəd 3.85 m dəmir dirəyə görə xx.xx.2023-cü il (280 ədəd) və xx.xx.2023-cü ildən (40 ədəd) xx.xx.2025-ci ilə qədər hesablanmış icarə haqqı borcu (5356,13 manat hissə), qalan qismini isə Cavabdeh1 MMC-yə müxtəlif vaxtlarda (2023-cü ildə) təhvil verilmiş və qaytarılan icarə predmetlərinin qaytarılma vaxtlarına qədər (2023-cü ilin müxtəlif ayları) hesablanmış icarə haqqı borcu təşkil edir.

24. Beləliklə, iddia tələbində qeyd olunan əmlakların cavabdehə təhvil verilməsi təhvil-təslim aktları ilə öz təsdiqini tapır və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı icarə müqaviləsi üzrə haqqın ödənilməsi ilə bağlı tələbi cavabdehlərə qarşı irəli sürməkdə haqlı olmuşdur.

25. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında 2 təhvil-təslim aktı imzalanmışdır. Həmin aktlara əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə 280 ədəd 3.85 m dəmir dirək, xx.xx.2023-cü il tarixində 160 ədəd 3.85 m dəmir dirək, xx.xx.2023-cü il tarixində 87 ədəd 0.8 m ayaq hissə iskələ, 410 ədəd 0.8 m ensiz iskələ, 80 ədəd 0.8 m qısa qol iskələ, 160 ədəd 0.8 m uzun qol iskələ, xx.xx.2023-cü il tarixində 116 ədəd 0.8 m ayaq hissə iskələ, 550 ədəd 0.8 m ensiz iskələ, 110 ədəd 0.8 m qısa qol iskələ, 220 ədəd 0.8 m uzun qol iskələ təhvil verilmişdir. Aktlar Cavabdeh1 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə təmin edilməli və Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 26 avqust 2023-cü il tarixli, 26/0823P saylı saylı icarə müqaviləsi üzrə yaranmış 7921,53 manat (yeddi min doqquz yüz iyirmi bir manat əlli üç qəpik) borc, 1425,87 manat (min dörd yüz iyirmi beş manat səksən yeddi qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir.

27. İddia tələbinin digər hissəsini 2000 manat cərimənin cavabdehlərdən iddiaçının xeyrinə tutulması təşkil edir.

28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, icarə haqqı iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən icarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, icarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1%-i miqdarında icarəyə verənə cərimə ödəyir.

29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cərimə məbləği azaldılaraq, 400 (dörd yüz) manat müəyyən edilməli, qalan hissədə təmin edilməməlidir.

30. İddia tələbinin digər hissəsini ümumi dəyəri 9015 manat olmaqla, 8960 manat dəyərində 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 55 manat dəyərində 0,8m ölçülü 11 ədəd uzun qol iskələnin geri qaytarılması təşkil edir.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, pretenziya məktubunda pul tələbi ilə yanaşı, əmlakların da geri qaytarılması tələb olunmuşdir ki, bu da iddiaçının cavabdehlə müqavilə münasibətlərinin davam etdirilmək niyyətində olmaması, müqavilədən imtina etmək niyyəti kimi qəbul edilməlidir.

32. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MMC tərəfindən icarəçiyə qeyd olunan əmlaklar təhvil verilmişdir.

33. Cavabdehlər tərəfindən iddiaya heç bir münasibət bildirilməmiş, müqavilə predmeti olan materialların geri qaytarılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.

34. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 0,8 m ölçülü 11 ədəd uzun qol iskələ cavabdehlərdən alınaraq İddiaçınə geri qaytarılmalı, qalan hissədə isə təmin olunmamalıdr. Belə ki, iddiaçı tərəfindən əmlakların dəyəri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iskələ və dirəklərin dəyərinin əhəmiyyəti yoxdur və yalnız onların geri qaytarılması tələb olunur, dəyər məlumat üçün qeyd edilmişdir. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinmişdir.

35. Eləcə də, iddiaçı hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) manat pulun və 170 manat dövlət rüsumunun (154 manat iddia tələbi və 16 manat müvəqqəti təminat tədbiri üçün) pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pul vəsaiti, eləcə də 600 (altı yüz) manat məbləğində hüquqi yardım xərci cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 640 manat hüquqi yardım xərcinin tutulmasını xahiş etsə, təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, cəmi 600 manat hüquqi yardım xərci ödənilmişdir.

37. Cavabdeh Qanuni nümayəndə münasibətdə hazırkı nəticəyə gələrkən nəzərə alınmışdır ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən icarəçi öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin icarəyə verənin qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 26 avqust 2023-cü il tarixli, 26/0823P saylı saylı icarə müqaviləsi üzrə yaranmış 7921,53 manat (yeddi min doqquz yüz iyirmi bir manat əlli üç qəpik) əsas borc, 1425,87 manat (min dörd yüz iyirmi beş manat səksən yeddi qəpik) ƏDV məbləği, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 9747,40 manat (doqquz min yeddi yüz qırx yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. 3,85 m ölçüdə olan 320 ədəd dəmir dirək və 0,8m ölçülü 11 ədəd uzun qol iskələ cavabdehlərdən alınaraq İddiaçınə geri qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 600 (altı yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar