Məhkəmə qərarları › İş №e-2-2(113)-3616/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3616/2022

19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3616/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya məxsus 150739 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 9904 manat pulun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya məxsus 150739 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 9904 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin fiziki şəxsin sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsinə əsasən VÖEN ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-cil il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəzarət İdarəsinin əməkdaşları heç bir bildiriş və xəbərdarlıq etmədən iddiaçıya məxsus obyektə gəlmiş və obyektə məxsus su sayğacını çıxararaq özləri ilə yoxlamaya aparmışlar. Bir müddət sonra isə iddiaçıya bildirmişlər ki, ona 9904 manat borc hesablanmışdır. Bütün pandemiya dövrü toyların və kütləvi tədbirlərin keçirilməsi dayandırılsa da hesabat dövrü 2020-cil il əhatə etməklə qanunsuz və əsassız olaraq sahibkarlıq subyektinə hesabat aparılmışdır. Cavabdeh ASC-nin X3 İdarəsinin Suölçən Cihazların Kalibirləmə Labaratoriyası tərəfindən verilən 27809/0153437 saylı xx.xx.2022-ci il tarixli rəyindən aydın görünür ki, abonentə məxsus AlfasuAS-40 markalı, zavod nömrəsi 50127809, cavabdehə məxsus plomb nömrəsi B023805 olan sözügedən sayğacda Dövlət plombunun mövcudluğu və STKM-ə məxsus Azərsu loqolu plombun movcudluğu tam olmuş və qırılma müdaxilə və pozulma olmamışdır. Bütün göstərilənlər ona əsas verir ki, sayğacın tamlığı və bütövlüyü pozulmadığı halda sayğaca hər hansı müdaxildən söhbət gedə bilməz. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir. Bütün bunlardan əlavə həmin tarixdə keçirilən yoxlamanın nəticələri əsassız və qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən müəssisəyə gedərək sayğaca kənar müdaxilə olduğu müəyyən edilmişdir. Laboratoriyaya göndərildikdən sonra 11598 manat borc hesablanmışdır. Hesab edir ki, borc əsaslı olaraq hesablanmışdır. İddia tələbi əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2022-ci il tarixli 007185 saylı “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” aktdan görünür ki, abonentin su xəttinə quraşdırılmış su sayğacı istismara verilmişdir. xx.xx.2022-ci il tarixli İnventarizasiya aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanında yerləşən iddiaçıya məxsus Qubadlı restoranında su xəttinə baxış keçirilmiş, baxış zamanı su xəttində GSS- 40D su sayğacı aşkar olunmuş, sayğac çıxarılmış və yeni GSS-40D su sayğacı quraşdırılmış, möhürlənərək iddiaçıya təhvil verilmiş, çıxarılmış sayğacın elektron hissəsinin işləməməsi aşkar olunmuş və laboratoriyaya göndərilmişdir. 27809/0153437 saylı rəydən görünür ki, sayğacın hesablayıcı mexanizminin kipləşdirici metal halqasında müdaxilə izlərinin, sayğacın baza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə göstəricisinin 18117 kub.metr, xx.xx.2019-cu il tarixində isə göstəricinin azalaraq 15479 kub.metr olması, sayğacın elektron platasının kənar şəraitdə formatlanması, hesablayıcı mexanizmində müdaxilənin olması, təmirə və istismara yararsız olması aşkar olunmuşdur. Abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2022-ci ilin yanvar ayına 11598 manat borc hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 01/1/01-7/6/12289 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, Sumqayıt Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 150739 olan obyektin su xətti üzərində xx.xx.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-40 markalı, 50127809 nömrəli smart tipli su sayğacı 24.01,2022-ci il tarixdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X3 İdarəsinə aparılmışdır. Laboratoriyanın xx.xx.2022-ci il tarixli 27809/0153437 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.15-ci bəndinə əsasən 681 m3 əlavə sərfiyyat hesablanmışdır. Su xətti üzərinə yeni 255506 nömrəli, SMART CSS-40 markalı smart tipli su sayğacı quraşdırılmışdır. Yaranmış borcla bağlı bildirir ki, sayğacın sərfiyyatı istismarda olduğu müddət ərzində 19644 m3 olmuşdur ki, bunun da 2435 m3 istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta 17209 m3 su yüklənmişdir. O cümlədən sayğacın elektron platası kənar şəraitdə formatlandığı üçün itirilmiş sərfiyyatı 2638 m3 olmaqla bərpa olunmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc sayğac göstəricisi 777 m3 olmaqla 9013.61 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanında yerləşən iddiaçıya məxsus Qubadlı restoranında su xəttinə baxış keçirilmiş, baxış zamanı su xəttində GSS-40D su sayğacı aşkar olunmuş, sayğac çıxarılmış və yeni GSS-40D su sayğacı quraşdırılmış, möhürlənərək iddiaçıya təhvil verilmiş, çıxarılmış sayğacın elektron hissəsinin işləməməsi aşkar olunmuş və laboratoriyaya göndərilərək xx.xx.2022-ci il tarixli İnventarizasiya aktı tərtib olunmuşdur. Eyni zamanda çıxarılmış su sayğacının yerinə yeni su sayğacı quraşdırılmaqla istismara verilmiş və bu barədə xx.xx.2022-ci il tarixli 007185 saylı “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 11598 manat məbləğində borc hesablanmışdır. İddiaçının hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcu 9013.61 manat təşkil edir. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir. Belə ki, suyun təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. xx.xx.2022-ci il tarixli İnventarizasiya aktı ilə iddiaçıya 11598 manat borcun hesablanması barədə aparılan yoxlamanın hüquqi nəticəsi olmasa da, Abunə haqqında məlumatdan və cavabdehin xx.xx.2022-ci il tarixli 01/1/01-7/6/12289 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda müvafiq ödənişlər edilmiş və hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcu 9013.61 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia ödənilməmiş 9013.61 manat məbləğdə borc hissədə təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd olunmalıdır. Çünki, ödənən borc artıq mövcud olmayan borcdur, həmin borc öhdəlikdən kənar ödənilmiş pul kimi əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus 150739 nömrəli abonent hesabından 9013,61 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş üzrə dövlət rüsumu məbləğinin 119,04 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 91 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 108,32 manat (119,04 manat (dövlət rüsumunun məbləği) x 91 faiz (iddianın təmin edilmiş hissəsi) = 108,32 manat) cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 150739 nömrəli abonent hesabından 9013,61 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. 108,32 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar