Məhkəmə qərarları › İş №e-2-2(113)-3616/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3616/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3616/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6 sentyabr 2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə 11611,68 manat əsas borc, 824,64 manat faiz borcu, 114,29 manat dəbbə pulu və 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə cavabdeh – Cavabdeh4 arasında bağlanmış 6 sentyabr 2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsinə əsasən illik 21 % (iyirmi bir) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 6 sentyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Sahil filialı ilə digər cavabdeh(lər) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 6 sentyabr 2023cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 6 sentyabr 2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh4 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 6 sentyabr 2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 640,48 (altı yüz qırx manat qırx səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydadaicraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh4 6 sentyabr 2023-cü il tarixli, SBK- 1019 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11611,68 (on bir min altı yüz on bir manat altmış səkkiz qəpik) manat, faiz borcuna görə 824,64 (səkkiz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat, dəbbə borcuna görə 114,29 (bir yüz on dörd manat iyirmi doqquz qəpik) manat, borcun cəmi məbləği 12550,61 (on ikimin beş yüz əlli manat altmış bir qəpik) manat təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında Cavabdeh4 iddia tələblərini qəbul etdiyini göstərib iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. İİİ. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 21 % (iyirmi bir) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir.

13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

14. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

15. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

16. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə əsas borc 11611,68 manat, faiz borcu 824,64 manat, cərimə borcu 114,29 manat, cəmi borc 12550,61 manat təşkil edir.

17. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

19. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsinə əsasən illik 21 % (iyirmi bir) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində krеdit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər xx.xx.2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən (əsas borclu və zaminlər) birgə qaydada 11611,68 manat əsas borc, 824,64 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 114,29 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 11611,68 manat əsas borc, 824,64 manat faiz borcu və 114,29 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 128 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 6 sentyabr 2023-cü il tarixli, NSBK-1019 saylı kredit müqaviləsi üzrə 11611,68 manat əsas borc, 824,64 manat faiz borcu, 114,29 manat dəbbə pulu, 128 manat dövlət rüsumu, ümumilikdə 12678,61 (on iki min altı yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar