Məhkəmə qərarları › İş №e-2-2(113)-3620/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3620/2024

04.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3620/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında təsdiqlənmiş 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı və bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5620,94 manat əsas borcun, 932,5 manat cərimənin və ödənilmiş 86 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh ilə iddiaçı arasında mal mübadiləsi olmuş, iddiaçı cavabdehə müxtəlif avadanlıq və ehtiyat hissələri satmışdır. Həmin alqı-satqı mübadiləsindən cavabdehin iddiaçıya borcu qalmışdır. Bu barədə 23 yanvar 2024-cü il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Daha sonra, 09 fevral 2024-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında T/N-0162024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh iddiaçıdan 1865 manat məbləğində nisyə olaraq ehtiyat hissələri almışdır. Cavabdeh iddiaçıdan aldığı malların müəyyən hissəsinin pulunu ödəməmiş, borcu yaranmışdır. 22 aprel 2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 5620,94 manat təşkil edir. Bununla əlaqədar olaraq, cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin borclu bu günədək öhdəliklərini icra etməmişdir. Halbuki müqavilənin 5.5-ci bəndinə görə alıcı (cavabdeh) ödənişi vaxtında etmədikdə hər gecikdirilmiş günə borc qalığının 1 faiz cəriməni satıcıya (iddiaçı) ödəməlidir. Müqavilə bağlanan günü cavabdehə 1865 manat məbləğində ehtiyat hissələri təqdim edilmişdir. Müqavilənin 5.3-cü bəndinə görə cavabdeh xx.xx.2024-cü il tarixədək 1865 manat borcu ödəməli idi. Lakin cavabdeh 50 gündür, iddiaçıya 1865 manat borcu ödəmir. Bu səbəbdən həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh iddiaçıya 932,5 manat cərimə ödəməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425, 465-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3620/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı üzrə 4255,94 manat borcunun olduğunu, 09 fevral 2024-cü il tarixli T/N-0162024 nömrəli alqı-satqı müqaviləsi üzrə malları təhvil aldığını, lakin bank hesablarına vergi borcu ilə əlaqədar sərəncam qoyulduğundan həmin malların dəyərini nağd ödədiyini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2024-cü il tarixli T\N-0162024 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Aİıcı”ya bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən avadanlıq, ehtiyat hissələri və sair satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir (1.1). Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə müəyyən olunur (1.2). Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə müəyyənləşdirilir (2.1). Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz (2.2). “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən sifariş etdiyi X1 göstərilən müddətdə “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür (4.1). “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir (4.2). Müqaviləyə əsasən “Alıcı” sifariş olunan Malın dəyərini Müqaviləyə Əlavədə göstərilən həddində “Sifarişçiyə” ödəyir (5.1). Ödənişi sifariş təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra Əlavədə göstərilən iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir (5.2). Mal “Alıcı”ya tam təhvil verildikdən sonra otuz gün ərzində ödəniş etməlidir. Satıcıya nisyə verilən Malın dəyəri ƏDV-siz 5000 (beş min) manat məbləğdən artıq ola bilməz (5.3). Malın dəyərinin ödənilməsi “Satıcı”nın yazılı razılığı ilə üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər (5.4). “Alıcı” bu müqavilə ilə müəyyən edilən malı təhvil götürdüyü gündən 30 (otuz) gün ərzində dəyərini ödəməlidir (5.5).

12. Həmin müqaviləyə 01 saylı 09 fevral 2024-cü il tarixli əlavədən görünür ki, ƏDV daxil olmaqla 1865 manat məbləğində malın miqdarı, qiyməti razılaşdırılmış, əlavə imzalanan an “Alıcı”nın göstərilən malları “Satıcı”dan tamamilə qəbul etdiyi göstərilmişdir.

13. Məhkəməyə təqdim edilən 23 yanvar 2024-cü il tarixli üzləşmə aktından görünür ki, iddiaçı ilə cavabdeh arasında hesablaşmalar aparılmış, həmin tarixə cavabdehin iddiaçıya olan borcu hər iki hüquqi şəxs tərəfindən 4255,94 manat təsdiq edilmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi əsasında mal dövriyyəsi olmuş və 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 4255,94 manat kimi təsdiq edilmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli T\N-0162024 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavədə müəyyən olunmuş avadanlıq, ehtiyat hissələri və sair malları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin müqavilə üzrə 1865 manat dəyərində mal verilmiş, malları qəbul etdiyini cavabdeh 1 saylı əlavə ilə təsdiq etmişdir.

15. İddiaçı 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı və 09 fevral 2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 5620,94 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

16. Cavabdeh 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı üzrə 4255,94 manat borcu olduğunu qəbul edir, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə malları qəbul etdiyini, lakin borcu nağd qaydada ödədiyini göstərir.

17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

25. Cavabdehin etirazına münasibətdə isə göstərilməlidir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

26. Hazırkı halda isə cavabdeh öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, iddiaçının qəbul etdiyi ödənişdən kənar edilmiş hər hansı ödənişi sübut edə bilməmişdir.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı və 09 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cəmi 5620,94 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

33. İddia ərizəsində iddiaçı həmçinin 932,5 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

34. 09 fevral 2024-cü il tarixli T/N-0162024 nömrəli müqavilənin 5.5-ci bəndinə əsasən, “Alıcı” bu Müqavilə ilə müəyyən edilən ödənişi vaxtında icra etmədikdə satıcı tələb edərsə, hər gecikdirilmiş günə borc qalığının 1 (bir) faiz cəriməsini “Satıcı”ya ödəyir.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 09 fevral 2024-cü il tarixli T/N-0162024 nömrəli alqı-satqı müqaviləsi üzrə mallar xx.xx.2024-cü il tarixdə verildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, 09 fevral 2024-cü il tarixli T/N-0162024 nömrəli müqavilə üzrə cavabdehdən tutulmalı cərimə məbləğinin 93 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

40. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 93 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

41. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 86 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli üzləşmə aktı və 09 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5620 (beş min altı yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik əsas borc, 93 (doxsan üç) manat cərimə olmaqla ümumilikdə 5713 (beş min yeddi yüz on üç) manat 94 (doxsan dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar