Məhkəmə qərarları › İş №e-2-2(113)-363/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-363/2021

04.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-363/2021 04.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) Cavabdeh Mənzil Tikinti Kooperativinə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5537,66 (beş min beş yüz otuz yeddi manat altmış altı qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "Cavabdeh” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu 09/1600 olan "Cavabdeh” MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx” ASC-yə cəmi 5537,66 (beş min beş yüz otuz yeddi manat altmış altı qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh "Cavabdeh” MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 5537,66 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. "xxxx” ASC-nin əməkdaşları hər ay "Cavabdeh” MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbini irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, borc məbləğinin bir hissəsi ödənildiyindən cavabdehdən 2865 manat məbləğində borc və 30 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC ilə istehlakçı Cavabdeh MTK arasında enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı barədə 09/1600 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh MTK-nın abonent haqqında məlumata əsasən elektrik enerjisindən istifadəyə görə ödənilməmiş borcu 2865 manat təşkil edir. - 01-184/21 nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin elektrik enerjisindən istifadə etdiyi dövr üzrə hal-hazırda qalıq borcu 2865 manat təşkil edir. - İddiaçı 01-172/20 nömrəli, xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək, istehlak olunmuş elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə istehlakçı Cavabdeh MTK arasında enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı barədə 09/1600 saylı müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh istifadə etdiyi elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 2865 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 12-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün sonunadək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Həmin müqavilənin 13-cü bəndinə əsasən tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normalarının tələblərini və müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 2865 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən elektrik enerjisindən istifadəyə görə yaranmış 2865 (iki min səkkiz yüz altmış beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 2895 (iki min səkkiz yüz doxsan beş) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar