Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3633/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: delikt, maddi ziyan) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı MMC iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Chevrolet Lacetti” markalı, 12534.20 dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 12534,20 manat məbləğində pulun və 142.60 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 fevral 2024-cü il tarixdə saat 02 radələrində Cavabdeh2 idarə etdiyi “Opel Astra” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 1(005)-86/2025 saylı Hökmü ilə Cavabdeh2 yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş “Qüsur Aktı”na əsasən “Chevrolet Lacetti” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17534.20 manat məbəğində maddi zərər dəymişdir. Hesab edir ki, İddiaçı MMC-yə məxsus olan “Chevrolet Lacetti” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qalan 12534.20 manat hissəsi Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə, İcbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 18.1, 18.2-ci maddələrinə istinad etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsində qeyd etmişdir ki, proses dövründə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti dəymiş zərərə görə 5000 manat sığorta ödənişini İddiaçı MMC-nin hesabına ödəmişdir. Bu səbəbdən iddianın Dövlət Sığorta Şirkətinə qarşı hissəsindən imtina etmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən, 1000-1500 manat hissəsində qəbul etdiyini, qiymətləndirmə rəyi ilə razı olmadıqlarını, avtomobilə dəymiş ziyanın yüksək qiymətləndirildiyini, qarşı tərəf razı olsa idi avtomobili təmir etdirə biləcəklərini, hadisənin baş verməsi, təqsirin olmasının işin mübahisəsiz hal olduğunu bildirmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Lizinq verən İddiaçı MMC ilə lizinq alan X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1957 nömrəli daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı ("Chevrolet Lacetti "boz rənglı minik markalı 77YX056 dövlət qeydiyyat nişanlı avtomobil) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 5.3-cü bəndə əsasən Lizinq alan tərəfindən Lizinq obyekti kasko sığorta etdirilmədikdə, "Daxili Lizinq" müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalniz lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 %-indən çox olması halı istisna olmaqla, dəymiş zərarin 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: .... ə) Lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin (şəxslərin) təqsiri nəticəsində zədələndikdə. 6.1-ci bəndə əsasən tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına "DaxiliLizinq" müqaviləsi imzalandıqdan (bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən "Daxili Lizinq" müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. 6.4-cü bəndə əsasən Lizinq obyekti lizinq alan tərəfindən sığortalandıqdan sonra sığorta hadisəsi baş verərsə, Sığorta Şirkəti tərəfindən verilən sığorta ödənişi lizinq verənə ödənilir. Sığorta ödənişini alan lizinq verən həmin məbləği ilk növbədə lizinq alanın lizinq verənə olan gecikmə borcunun ödənilməsinə yönəldir, artıq qalan məbləği isə lizinq obyektinin bərpasına sərfedir. Sığorta Şirkəti tərafindən verilən sığorta ödənişi lizinq obyektini bərpa etməyə kifayət etməzsə, qalan məbləğ lizinq alan tərəfindən ödənilir. Əgər lizinq obyekti sığorta hadisəsi zamanı tam məhv olarsa, Sığorta şirkəti tərəfindən ödənilən sığorta ödənişi lizing alanın lizng verənə olan borcuna yönəldilir və bu zaman lizing verənlə lizinq alan arasındakı münasibətlər bu müqavilənin 5.4-cü bəndinə uyğun olaraq davam etdirilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-86/2025 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən “Chevrolet Lacetti” minik markalı, 77YX056 dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin və texniki xidmətin ƏDV daxil dəyəri 17.534,20 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3633/2025 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 23 sentyabr 2025-ci il tarixli, CVN/S 59-35025 nömrəli mütəxəssis rəyinə əsasən "Chevrolet Lacetti "boz rənglı minik markalı 77YX056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 11 376 manat, hal-hazırkı vəziyyətdə avtomobilin cari qiyməti 21000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şirkəti (ləğv prosesindədir) tərəfindən 5000 manat məbləğində pul iddiaçının hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 142,60 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 23 sentyabr 2025-ci il tarixli, CVN/S 59-35025 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 250 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3633/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şirkətinə (ləğv prosesindədir) aid hissədə iddiadan imtinasının qəbul edilməsi, İddiaçı cavabdehlər Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətı̇ (ləğv prosesindədir), Məmmədov Elvı̇ n Bəhram oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə kommersiya işi üzrə cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şirkətinə (ləğv prosesindədir) aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, 23 fevral 2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi “Opel Astra” markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-86/2025 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Mülki qanunvericiliyə əsasən cavabdeh törətdiyi mülki hüquq pozuntusu üçün mülki hüquq məsuliyyəti daşıyır və həmin mülki hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş ziyanı ödəməlidir. Bu fakt yuxarıda qeyd edilən hökmlə də öz təsdiqini tapmışdır, həmçinin cavabdehin nümayəndəsi cavabdehin təqsiri nəticəsində iddiaçıya ziyan dəydiyini mübahisələndirməmişdir. Buna görə də, iddiaçının Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən ona dəymiş maddi ziyanı zərərvuran şəxsdən, cavabdehdən tələb etmək hüququ var və onun maddi ziyan tələbi haqlıdır. Lakin, bununla belə işin faktiki hallarından və cavabdehin nümayəndəsinin izahatından görünür ki, dəymiş ziyanın həcmi ilə bağlı mübahisə mövcuddur. Belə ki, iddiaçı qüsur aktına əsasən avtomobilə ümumilikdə 17534,20 manat ziyan dəydiyini, həmin məbləğin 5000 manatın Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şirkəti (ləğv prosesindədir) tərəfindən ödənildiyini qeyd edərək qalıq 12534,20 manat məbləğində pulu Cavabdeh2 tələb etmişdir. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. "xxxx" MMC-nin mütəxəssis rəyində "Chevrolet Lacetti” minik markalı 77YX056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 11 376 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edilənləri, "xxxx" MMC-nin mütəxəssis rəyini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 11376 manat müəyyən olunaraq, Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şirkəti (ləğv prosesindədir) tərəfindən dəymiş ziyan üzrə ödənilmiş 5000 manat məbləğ çıxılmaqla dəymiş ziyanın əvəzi olaraq 6376 manat (11376-5000) məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənməlidir. Beləliklə məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 142,60 manat dövlət rüsumunun 83,76 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Həmçinin, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaitinin 125 manatı Cavabdeh2, 125 manatı isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 6376 (altı min üç yüz yetmiş altı) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 83 (səksən üç) manat 76 (yetmiş altı) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaitinin 125 (yüz iyirmi beş) manatı Cavabdeh2, 125 (yüz iyirmi beş) manatı isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin (Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi: **********, M.h.: AZ03N ABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3633/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3633/2025
21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver