Məhkəmə qərarları › İş №e-2-2(113)-364/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-364/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-364/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 33996,11 manat (otuz üç min doqquz yüz doxsan altı manat on bir qəpik) əsas borc, 2730,64 manat (iki min yeddi yüz otuz manat altmış dörd qəpik) faiz borcu, 5821,23 manat (beş min səkkiz yüz iyirmi bir manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 42547,98 manat (qırx iki min beş yüz qırx yeddi manat doxsan səkkiz qəpik) məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat (əlli bir manat) rüsum və 217,64 manat (iki yüz on yeddi manat altmış dörd qəpik) dövlət rüsumunun cavabdehlərdən (Cavabdeh1 (borcalan) və Cavabdeh2 (ipotekaqoyan və zamin) tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 (ipotekaqoyan, zamin) məxsus ünvan 1 ünvanında mülkiyyətində olan, 361.90 kv.m ümumi sahəsi, 0.1995 ha torpaq sahəsi, tövlə 22.8 kv.m, hasar L=111.0 m, B=0.2 m 22.2 kv.m, metal darvaza (3.0*3.0) ibarət həyətyanı sahə və qurğulara yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, MK 0103-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə bocalana 36 ay müddətinə, illik faiz dərəcəsi 18% olan 60000 manat (altmış min manat ) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan, ümumi sahəsi 361.90 kv.m, 0.1995 ha torpaq sahəsi, tövlə 22.8 kv.m, Hasar L=111.0 m, B=0.2 m 22.2 kv.m, metal darvaza (3.0*3.0) ibarət həyətyanı sahə və qurğularla birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 120000 manat (bir yüz iyirmi min manat) məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci tarixli, MK-0103/ F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki,xx.xx.2022-ci il tarixli, MK 0103/ F-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödənilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə cəmi borcu 42547,98 manat (qırx iki min beş yüz qırx yeddi manat doxsan səkkiz qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18% olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi almadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər. Borclu tərəfindən kredit borcu və hesablanmış faizlərin qaytarılmaması həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halını yaradır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 34927,36 manat (otuz dörd min doqquz iyirmi yeddi manat otuz altı qəpik) əsas borc, 2730,64 manat (iki min yeddi yüz otuz manat altmış dörd qəpik) faiz borcu, 5821,23 manat (beş min səkkiz yüz iyirmi bir manat iyirmi üç qəpik) cərimə olmaqla, ümumilikdə 43479,23 manat (qırx üç min dörd yüz yetmiş doqquz manat iyirmi üç qəpik) məbləğində cəmi borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat (əlli bir manat) məbləğində rüsum və 217,64 manat (iki yüz on yeddi manat altmış dörd qəpik) dövlət rüsumunun cavabdehlərdən (Cavabdeh1 (borcalan) və Cavabdeh2 (ipotekaqoyan və zamin) tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 (ipotekaqoyan, zamin) məxsus ünvan 1 ünvanında mülkiyyətində olan, 361.90 kv.m ümumi sahəsi, 0.1995 ha torpaq sahəsi, tövlə 22.8 kv.m, hasar L=111.0 m, B=0.2 m 22.2 kv.m, metal darvaza (3.0*3.0) ibarət həyətyanı sahə və qurğulara yönəldilərək, açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, MK 0103-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehlərdən (borcalan – Cavabdeh1 və ipotekaqoyan, zamin-Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi.

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F- 22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 18% olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafıkin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18% olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçiin məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi alınmadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər. Borcalanın kredit borcu iiə onun bankdakı pul vəsaiti fərqli valyuta növlərində olduqda bank həmin vəsaiti silinmə günü bankın təyin etdiyi daxili məzənnə ilə konvertasiya edərək silinməni həyata keçirəcək. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bankın kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, müqavilədə və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək, kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq, borcalan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən borcalanın kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək, borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri, cərimə faizlərini banka ödəmək, bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək, kredit hesabına çəkilən xərcləri təsdiq edən sənədlərin surətlərini xərclər ödənildikdən sonra 10 gündən gec olmayaraq banka təqdim etmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC, zamin qismində Cavabdeh2, borcalan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə görə zamin borcalanın xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə, illik 18% olmaqla, aldığı 60000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

10. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2, borc alan – Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1, 361,9 kv.m ümumi sahəsi, 0,1995 ha torpaq sahəsi, tövlə 22,8 kv.m, hasar L=111 m, B=0,2 m 22,2 kv.m, metal darvaza (3,0*3,0) ibarət həyətyanı sahə və qurğular ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 120000 manat müəyyən edilir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 260 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış daşınmaz əmlakla bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

13. xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 və ipoteka qoyan – Cavabdeh2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 1, 361,9 kv.m ümumi sahəsi, 0,1995 ha torpaq sahəsi, tövlə 22,8 kv.m, hasar L=111 m, B=0,2 m 22,2 kv.m, metal darvaza (3,0*3,0) ibarət həyətyanı sahə və qurğular) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.

14. İddiaçı ASC tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, 130 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2025-ci il tarixə banka 34927,36 manat əsas borc, 2730,64 manat faiz, 5821,23 manat cərimə borcu olmaqla, cəmi borcu 43479,23 manat təşkil edir.

15. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, 42547,98 manat borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

16. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış, ödəniş cədvəli əlavə edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/904 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (pretenziya məktubunda göstərilən tarixə) əsas borc üzrə 34927,86 manat, faiz borcu üzrə 1964,93 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 34927,86 manat, faiz borcu üzrə 3152,48 manat təşkil edir. Qeyd edilmişdir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 1000,65 manat məbləğində ödəniş aparılmışdır.

18. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-002/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 211000 manat, bazar dəyəri 235000 manat təşkil edir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit verilmiş, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə zamin qismində Cavabdeh2 və borcalan qismində Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 nömrəli ipoteka müqaviləsi bağlanmış və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK 0103/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1, 361,9 kv.m ümumi sahəsi, 0,1995 ha torpaq sahəsi, tövlə 22,8 kv.m, hasar L=111 m, B=0,2 m 22,2 kv.m, metal darvaza (3,0*3,0) ibarət həyətyanı sahə və qurğular ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

24. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 34927,36 manat əsas, 2730,64 manat faiz borcunun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/904 saylı ekspert rəyini, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam və faiz borcunun tutulmasına dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 34927,36 manat (otuz dörd min doqquz yüz iyirmi yeddi manat otuz altı qəpik) əsas borc, 1964,93 manat (min doqquz yüz altmış dörd manat doxsan üç qəpik) faiz borcu tutularaq iddiaçıya ödənilməli, faiz borcunun tutulmasın dair iddia qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür.

26. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5821,23 manat cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, 1800 (min səkkiz yüz) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

30. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, müqavilə üzrə tutma Cavabdeh2 məxsus ünvan 1, 361,9 kv.m ümumi sahəsi, 0,1995 ha torpaq sahəsi, tövlə 22,8 kv.m, hasar L=111 m, B=0,2 m 22,2 kv.m, metal darvaza (3,0*3,0) ibarət həyətyanı sahə və qurğulara yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

32. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

33. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 211000 manat müəyyən edilmişdir.

34. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 211000 (iki yüz on bir min) manat müəyyən edilməlidir.

35. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

36. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 217,64 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir.

37. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193,7 manat (yüz doxsan üç manat yetmiş qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

38. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 89 (səksən doqquz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 11 (on bir) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada MK 0103/F-22 saylı kredit razılaşması üzrə 34927,36 manat (otuz dörd min doqquz yüz iyirmi yeddi manat otuz altı qəpik) əsas borc, 1964,93 manat (min doqquz yüz altmış dörd manat doxsan üç qəpik) faiz borcu və 1800 (min səkkiz yüz) manat cərimə, cəmi 38692,29 manat (otuz səkkiz min altı yüz doxsan iki manat iyirmi doqquz qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193,7 manat (yüz doxsan üç manat yetmiş qəpik) olmaqla, ümumilikdə 38936,99 manat (otuz səkkiz min doqquz yüz otuz altı manat doxsan doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında 361,9 kv.m ümumi sahəsi, 0,1995 ha torpaq sahəsi, 22,8 kv.m tövlə, 22,2 kv.m hasar (L=111, B=0,2 m), metal darvazadan (3,0*3,0) ibarət həyətyanı sahə və qurğulara yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 211000 (iki yüz on bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 89 (səksən doqquz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 11 (on bir) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar