Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3640/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə ünvanında yerləşən və dövlət mülkiyyətində olan 39969.6 kv.m torpaq sahəsinin Cəmiyyətə məxsus texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə ünvanında yerləşən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 39969.6 kv.m torpaq sahəsinin 2800 kv.m hissəsində Cavabdeh ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 253 nömrəli sərəncamı ilə"xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Təchizat və satış mərkəzinin bazasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2002-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri Cəmiyyətə məxsus texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Lakin qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 180.1, 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.36 və 3.0.46-cı yarımbəndlərinə istinad olunmuşdur. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra Qərar) 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə iş materialları əsasında qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.2001-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə ünvanında yerləşən keçmiş Təhcizat və satış mərkəzinin bazasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti yaradılmış, qeyd edilən ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının registrindən 15 avqust 2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi sonuncunun istifadəsindədir. Göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq cavabdehin istifadəsinə verilsə də, torpaq sahəsinə dair cavabdeh ilə hər hansı bir müqavilə bağlanmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələb iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Eyni zamanda tərəflər arasında olan hüquq münasibətlərinin xarakterindən aydın olur ki, hüquq münasibəti tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələbin və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin tərəflərdən yalnız birinin, yəni cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət orqanları kommersiya mübahisələrində subyekt qismində məhdud çərçivədə iştirak edə bilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da dövlət orqanlarının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə hansı hallarda kommersiya işi üzrə subyekt qismində iştirak edə bilməsi göstərilmiş, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə isə subyekt qismində çıxış etməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, Qərarın 23-cü bəndində əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Qərarın 25-ci bəndinə əsasən ... dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, ... əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, dövlət orqanları mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət vəsaiti hesabına alınmasında sahibkarlıq subyektləri ilə bağlanmış mülki hüquqi əqdlərdən irəli gələn tələblər üzrə kommersiya mübahisəsi üzrə subyekt kimi çıxış edirlər. Hazırkı iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətihttps://emlak.gov.az/ ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdikləri mülki hüquqi əqd bağlanmamışdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müvafiq bəndlərinə istinad edərək, yəni bilavasitə öz xidməti funksiyalarından çıxış edərək dövlət maraqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmişdir. Bu isə hazırkı iş üzrə iddiaçı qismində çıxış edən dövlət orqanının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə subyekt qismində iştirak etməsi əsasının olmadığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bundan başqa iş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı və torpaq sahəsinin yerləşdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonudur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 31-32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3640/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3640/2023
11.09.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver