Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3642/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında xx.xx.2021ci il tarixli №24 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1000 manat razılaşdırılmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, №12 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1500 (bir min beş yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verənə” nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli №24 saylı icarə müqaviləsi üzrə xx-xx-2021 tarixli, EBBM 506436 nömrəli elektron qaimə üzrə 1000 manat, xx-xx-2021 tarixli, EBBO 820726 nömrəli elektron qaimə üzrə 1000 manat, xx.xx.2022-ci il tarixli, №12 saylı icarə müqaviləsi üzrə xx-xx-2023-cü il tarixli, EBDJ 040577 nömrəli elektron qaimə üzrə 1500 manat və xx-xx-2023-cü il tarixli, EBDP 619997 nömrəli elektron qaimə üzrə 1500 manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində borc yaranmışdır. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 7 (yeddi) ədəd məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. X1 müraciətlərimizə verdiyi izahatda qeyd etmişdir ki, yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehlərdən müştərək qaydada 3500 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 800 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh1, xx.xx.2022-ci il tarixli, №12 saylı icarə müqaviləsi üzrə 1500 manat məbləğində pulun Cavabdeh2, məhkəmə və vəkil xərclərinin hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edib iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə sahəsi hazırda onun sahiblik və istifadəsindədir, tələb edilən icarə haqları tərəfindən tam şəkildə ödənilmişdir. İcarə haqları bir qayda olaraq nağdsız qaydada ödənilmiş, hazırda tələb edilən icarə haqlarını isə o, nağd qaydada iddiaçının mühasibinə ödəmiş, ona kassa mədaxil orderləri təqdim edilmişdir, o, digər cavabdehə hər hansı vəsait ödəməmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi, 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh1, xx.xx.2022-ci il tarixli, №12 saylı icarə müqaviləsi üzrə 1500 manat məbləğində pulun Cavabdeh2, məhkəmə və vəkil xərclərinin hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
8. Sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə görə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 290 kv.m hissəsini orada yerləşən və icraəyə verənə məxsus olan əşyalarla, avadanlıqlar, qurğular və sair inventarla icarəçiyə icarəyə verir.
11. Müqavilənin 3.1.1-ci bəndinə görə aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləği 18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olmaqla 1500 manat müəyyən olunmuşdur.
12. Müqavilənin 5-ci bəndinə görə icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBM 506436 nömrəli 1000 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBO 820726 nömrəli 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDJ 040577 nömrəli 1500 manat məbləğində, xx.xx.2023-cü il tarixdə EBDP 619997 nömrəli 1500 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
14. Cavabdeh tərəfindən təqdim edilmiş Seriya Gif/4 № 582540 saylı, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən iddiaçıya 1000 manat, Seriya Gif/4 № 582560 saylı, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən isə 1000 manat icarə haqqı ödənilmişdir.
15. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 1998-ci ildən hazırkı vaxta qədər İddiaçı ASC-də kargüzar kimi fəaliyyət göstərir, 2021-ci ildən etibarən daxil olan məktubları qeydiyyata alıb, daşınmasını həyata keçirir. 2024-cü ilin iyun ayına qədər Cavabdeh1 İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. O, icarəçi olan Cavabdeh2 icarə haqqı ilə bağlı vəsaiti bir neçə dəfə nağd qaydada almış, lakin dəqiq məbləği və tarixləri yadında deyildir. İcarə haqqını qəbul etdikdən sonra vəsaiti baş mühasibə vermiş, müsahib isə həmin vəsaitləri rəsmiləşdirmişdir. İş materiallarında olan kassa mədaxil orderləri İddiaçı ASC-yə məxsusdur, Cavabdeh1 işdən ayrıldıqdan sonra şirkətə nağd şəkildə pul daxil olmur, əvvəlki dövrdə isə nağd qaydada da ödənişlər edilirdi.
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, hazırkı iddia ərizəsi iki hissədən ibarətdir: 1. icarə haqqının tutulması; 2. zərərin ödənilməsi.
18. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin sahiblik və istifadəsinə vermiş, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, 2023-cü ilin iyul ayı üzrə ödənilməli olan 1500 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməmişdir.
20. Cavabdeh tələb edilən həmin vəsaiti ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməli, 1500 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə iddia ərizəsini ikinci hissədə isə əsassız hesab edir.
26. İddiaçı ASC onun icra orqanının rəhbəri olmuş digər Cavabdeh1 ASC-yə vurduğu zərərlə bağlı olaraq 2000 manat pulun tutulmalı olmasını iddia edir.
27. İddiaçı iddia ərizəsinə verdiyi əlavədə göstərmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli N 24 saylı icarə müqaviləsi üzrə xx-xx-2021-ci il tarixli, EBBM 506436 nömrəli elektron qaimə üzrə 1000 manat, xx-xx-2021-ci il tarixli, EBBO 820726 nömrəli elektron qaimə üzrə 1000 manat olmaqla ümumilikdə 2000 manat borc üzrə kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalanmış, lakin həmin məbləğlər ASC-nin hesabına daxil edilməmişdir.
28. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.
29. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında həmin ödənişləri nağd qaydada ASC-nin işçisi olan Şahid ödədiyini, sonuncu məhkəməyə verdiyi ifadəsində həmin vəsaitin baş mühasib tərəfindən kassa mədaxil orderləri ilə rəsmiləşdirildiyini bildirmiş, materiallarda olan kassa mədaxil orderlərinin baş mühasib tərəfindən imza edildiyini təsdiq etmişdir.
30. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh1 tərəfindən 2000 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.
32. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
34. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
35. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
36. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
37. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
38. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
41. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
42. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
43. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
44. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Bundan başqa iddia ərizəsində 800 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 300 manat hüquqi yardıma görə xərc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 500 manat xərc isə iddiaçının özünə aid edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 35 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 35 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1500 manat məbləğində pul, 35 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc, ümumilikdə 1835 (bir min səkkiz yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 35 manat dövlət rüsumu, 500 manat hüquqi yardıma görə xərc İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova