Məhkəmə qərarları › İş №e-2-2(113)-3643/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3643/2022

15.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3643/2022 15.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 16800,16 manat məbləğində pulun, habelə “İlkin media sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 16800,16 manat məbləğində pulun, habelə “İlkin media sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 may 2018-ci il tarixli ***-*******8 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1ci bəndinə və 02 saylı 18 may 2018-ci il tarixli qiymət razılaşma protokolunun 1-ci bəndinə əsasən, cavabdeh həmin maddələrdə qeyd edilən malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin 4-cü bəndinə əsasən Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə fakturalarda göstərilən məbləğdə dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında 18 may 2018-ci il tarixli ***-*******8 saylı alqı-satqı müqaviləsi və X2 imzalanmışdır. Həmin X2 əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında damazlıq yumurtalar alıcıya təhvil verilmişdir. Həmin qaimə-fakturalar üzrə cavabdehin iddiaçıya 16800,16 manat borcu yaranmışdır. Beləliklə, cavabdehdən Müqavilədə nəzərdə tutulan damazlıq yumurtaları alıb, lakin bunun müqabilində öhdəliyinə düşən 16800,16 manat borcu inidyənədək ödəməmişdir. Cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməktən boyun qaçırır və öhdəliyinin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmır. Odur ki, cavabdehin Müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından iddiaçının maliyyə vəziyyətinə zərər dəyməktədir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 may 2018-ci il tarixli ***-*******8 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı, Müqavilə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 qiymətləri və digər göstəriciləri göstərilmiş damazlıq yumurtaları Müqavilə ilə nəzərdə tutulmuş müddətdə satıcının ünvanından alıcının ünvanına cavabdehin göndərdiyi nəqliyyat vasitəsi ilə göndərməyi, cavabdeh isə, həmin malları, iddiaçı tərəfindən təqdim olunan qaimə-fakturaya əsasən, qəbul edərək almağı və bu Müqavilənin tərkib hissəsi sayılan X1, qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 222151 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 20000,16 manat dəyərində damazlıq toyuq yumurtası satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 18 may 2018-ci il tarixli ***-*******8 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, Müqavilə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 qiymətləri və digər göstəriciləri göstərilmiş damazlıq yumurtaları Müqavilə ilə nəzərdə tutulmuş müddətdə satıcının ünvanından alıcının ünvanına cavabdehin göndərdiyi nəqliyyat vasitəsi ilə göndərməyi, cavabdeh isə, həmin malları, iddiaçı tərəfindən təqdim olunan qaimə-fakturaya əsasən, qəbul edərək almağı və bu Müqavilənin tərkib hissəsi sayılan X1, qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 20000,16 manat dəyərində damazlıq toyuq yumurtası satılmış, lakin cavabdeh tərəfindən həmin malların dəyərindən 16800,16 manat iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 18 may 2018-ci il tarixli ***- *******8 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 16800,16 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 16800,16 manat məbləğində pul və “İlkin media sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar