Məhkəmə qərarları › İş №e-2-2(113)-3650/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3650/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3650/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 353350-CNS-38608 saylı kredit müqaviləsinə əsasən bank kredit alana (cavabdehə) bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə (dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması)) istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən, əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə görə cavabdehə verilən kreditin məbləği 7000 manat, müddəti xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi 24% müəyyən edilmişdir.

2. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə Kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma imzalanmış, Həmin Əlavə ilə kredit alana verilən kreditin məbləği restrukturizasiya edilərək 3759,75 manat məbləğində hesablanmış, müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi 23% müəyyən edilmişdir. Həmin razılaşmanın 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,20 manat məbləğində cərimə hesablanır və borc alan tərəfindən ödənilir.

3. xx.xx.2023-cü il tarixli Razılaşmaya edilmiş 1 nömrəli Əlavəyə əsasən xx.xx.2024-xx.xx.2025-ci il dövrü üzrə aylıq ödəniş 196,92 manat (sonuncu ay üzrə ödəniş 198,68 manat olmaqla) müəyyən edilmişdir. Cavabdeh kredit vəsaitini cari hesabına köçürmə yolu ilə almışdır.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 353350-CNS-38608/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 2190,48 manat əsas, 67,70 manat faiz, ümumilikdə isə 2258,18 manat və 42,58 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 353350-CNS-38608 saylı, “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 24 faiz hesablanması şərti ilə 24 ay müddətinə 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilərək cari hesabına köçürülmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, 353350-CNS-38608 saylı kredit müqaviləsinə (annunitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2023-cü il tarixli, 353350-CNS-38608/1 saylı Əlavə Razılışma bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 353350- CNS-38608/1 Əlavə Razılaşmaya əsasən Cavabdeh2 illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 3759,75 manat məbləğində yeni qrafik üzərində kredit verilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli, 353350- CNS-38608/1 saylı kredit müqaviləsi üzrə cavabdeh Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqavilələrinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

6. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır. b) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 353350-CNS-38608 saylı kredit müqaviləsi və kredit məbləğinin restrukturizasiya edilməsi məqsədi ilə tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli Kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 7000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehdən tələb edir.

24. İş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür ki, borc alanın 353350-CNS-38608/1 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2190,48 manat əsas, 67,70 manat faiz olmaqla, ümumilikdə 2258,18 manat məbləğində ödənilməmiş borcu mövcuddur.

25. Həmçinin, cavabdeh tərəfindən sözü gedən kredit müqaviləsi üzrə edilmiş əlavə ödənişlərə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

27. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 42,58 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 353350-CNS-38608/1saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 2190,48 manat əsas, 67,70 manat faiz borcu olmaqla, ümumilikdə 2258,18 (iki min iki yüz əlli səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 42,58 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar