Məhkəmə qərarları › İş №e-2-2(113)-3662/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3662/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3662/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, iddianın etirafı, medasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 633,26 manat əsas borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərəflər arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilələr bağlanılmışdır. Müqavilələrə əsasən, “sifarişçi” (cavabdeh) müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının İddiaçı MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, “icraçı” (iddiaçı) isə “sifarişçi”nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilələrin 5.3-ci bəndinə görə, ödənişin sifariş əsnasında tələb edildiyi reklam qiymətləri ilə təklif edilən rezervasiyalar istisna olmaqla, bütün rezervasiyalar gəlişdən 24 saat əvvəl tam şəkildə qabaqcadan ödənilməlidir. Müqavilələrin tələblərinə uyğun olaraq iddiaçı cavabdehə sonuncunun sifariş verdiyi mehmanxana xidmətlərini tam göstərmiş, lakin göstərilmiş mehmanxana xidmətlərinin dəyəri olan 30633,26 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Həmin müqavilələrin 5.4-ci bəndinə əsasən, ödəniş gəlməmişdən qabaq edilməzsə, yerləşmə haqqı şirkətə hər hansı bir xəbərdarlıq edilmədən, qonaq (lar) dan, mobil tətbiqlər, ödəniş terminalları, veb daxil olmaqla, lakin onlarla mədudlaşmadan, günün pərakəndə satış məzənnəsi ilə nağd, kredit, yaxud alternativ ödəmə vasitələri ilə tutulacaqdır. Cavabdeh müqavilənin 5.4-cü bəndinin tələblərini pozmuş və bununlada müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Qonaqlar isə onlar tərəfindən vəsaitin tam şəkildə cavabdehə ödənildiyini bildirmişdir. İddiaçının cavabdeh qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur və iddiaçı müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəlikləri yerinə yetirmişdir. Tərəflər arasında 27 fevral 2023-cü il tarixində üzləşmə aktı imzalanmış və həmin akta əsasən cavabdehin İddiaçı MMC-nin Ramada otelinə 6397,85 manat, Shah Palace otelinə 1955,31 manat, Promenade otelinə 17893,65 manat və Theatrum otelinə 5964,95 manat qalıq borcu olduğu müəyyənləşdirilmişdir. Tərəflər arasında 27 fevral 2023-cü il tarixində öhdəlik müqaviləsi imzlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh mehmanxana xidmətlərinin göstərilməsinə dair iddiaçı qarşısında yaranmış 32 211,76 manat borc məbləğini iddiaçının ilkin tələbi üzrə ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq və Poçt vasitəsilə cavabdehə pretenziya qaydasında məktub ünvanlanaraq göstərilmiş mehmanxana xidmətlərinin ödənilməmiş hissəsini 10 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin 32 211,76 AZN məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı 28 aprel 2023-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə” təklif məktubunu cavabdehə göndərmiş, daha sonra 18 may 2023-cü il tarixli ərizə ilə Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən iddiaçıya “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. İddiaçı mediasiyada iştirak edilməsi ilə bağlı 200 manat mediasiya xərci ödəmişdir. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra cavabdeh 1578 manat ödəniş etmiş, 30 633,26 manat borc qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh 1578 manat ödəniş etmiş, ona görə də tələbin həcmini azaltmışlar.

5. Məhkəmənin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iddianı etiraf etmiş, maddi vəziyyətləri ilə bağlı ödəniş edə bilmədiklərini bildirmişdir.

6. Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə iddianın etirafı barədə yazılı ərizə təqdim etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Məhkəmənin mövqeyi:

a) Borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, tərəflər arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli xidmət müqavilələri bağlanmış, qeyd olunan müqavilələr üzrə üzləşmə aparılaraq xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 32 211,76 manat borcunun olması barədə akt tərtib olunaraq hər iki tərəfin möhürü ilə təsdiq edilmiş, cavabdeh qeyd olunan borc məbləğinin ilkin tələbi üzrə iddiaçıya qaytaracağına dair həmin tarixdə öhdəlik götürmüşdür.

9. İddiaçı üzləşmə aktı tərtib olunduqdan sonra cavabdeh tərəfindən 1578 manat ödəniş edildiyini bildirir və 30 633,26 manat pulun tutulmasını tələb edir.

10. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək 30633,26 manat borcu etiraf edir, iddianın təmin olunmasını xahiş edir.

11. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

12. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

13. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

14. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

15. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

16. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

17. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

18. İddia cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 30 633,26 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

19. İddiaçı həmçinin mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutulmasını xahiş edir.

20. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11-00966 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

23. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən 30 633 (otuz min altı yüz otuz üç) manat 26 (iyirmi altı) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar