Məhkəmə qərarları › İş №e-2-2(113)-3667/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3667/2022

05.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3667/2022 05.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ******* nömrəli abonent kodu əsasında fəaliyyət göstərən Çörək sexinə əsassız hesablanmış 6984 manat pulun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ******* nömrəli abonent kodu əsasında fəaliyyət göstərən Çörək sexinə əsassız hesablanmış 6984 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 14 fevral 2008-ci il tarixdə qeydiyyata alınmışdır. Nizamnamə əsasısında fəaliyyət göstərən İddiaçı təsərrüfat subyekti olaraq Çörək istehsalı müəssisəsi kimi fəaliyyət göstərir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2005-ci il tarixdə 062473 abonent kodu verilməklə su təchizatından istifadəyə dair müqavilə bağlanmışdır. 18 oktyabr 2021-cil il tarixdə cavabdehin Səbail Rayon Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məxsus Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Çörək sexinə gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində iddiaçının sudan qeyri-qanuni istifadə etdiyini əsas gətirərək 007526 nömrəli akt tərtib etmişdirlər. Sonradan məlum olmuşdur ki, akt əsasında iddiaçıya 6984 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı sudan istifadə ilə bağlı heç bir kənar qoşulma həyata keçirməmişdir. Təqdim edilən və istifadə olunan suyun dəyərini hər zaman vaxtında və tam ödəmişdir. Bundan əlavə, keçirilmiş yoxlamada iddiaçının iştirakı təmin olunmamış, həmçinin yoxlamanın nəticələri qanunsuz və əsassızdır. Sahibkarlıq subyekti olaraq hüquqları pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, qanunsuz qoşulma ilə bağlı faktlar aktda öz əksini tapmışdır. Şəxsin aktı imzalamaması onun hüququdur. İddianın əsassız olduğunu hesab edir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli 007526 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus çörək sexinə baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən d=32 mm PE25 borcu vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 6984 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus çörək sexinə baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən d=32 mm PE25 borcu vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar olunaraq xx.xx.2021-ci il tarixli 007526 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 6984 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 89,84 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus ünvan 2 ünvanında yerləşən ******* nömrəli abonent kodu əsasında fəaliyyət göstərən Çörək sexinə hesablanmış 6984 manat borc silinsin. 89,84 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar