Məhkəmə qərarları › İş №e-2-2(113)-3669/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3669/2025

01.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3669/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X3" MMC-nin cavabdeh "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “X3" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "X3" MMC-nin cavabdeh "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "X3" MMC cavabdeh "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən 257.679,07 manat müqavilə üzrə əsas borc, 12.664 manat gecikdirməyə görə dəymiş zərərin, vəkilə ödənilən 520 manat vəkil xidmətinin və 561 manat dövlət rüsumunun alınaraq "X3" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "X3" MMC ilə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Sumqayıt Melioservis İdarəsi" arasında VV/30-2023 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Satıcı tərəfindən müxtəlif çeşiddə metal borularda (dayaqların) hazırlanan məhsullar Alıcıya satılması, Alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin qiyməti isə xx.xx.2023-cü il tarixli, 1 nömrəli X2na əsasən 152577.71 manat, xx.xx.2023-cü il tarixli, 2 nömrəli X2na əsasən 45750.96 manat və xx.xx.2024-cü il tarixli, 3 nömrəli X2na əsasən 105350.4 manat olmaqla, ümumilikdə 303679.07 manat təşkil edir. Satıcı tərəfindən 30 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 49064.44 manat, 18 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına asasən 56075.55 manat, 15 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 47237.76 manat, 06 dekabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 45750.96 manat, 18 aprel 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 105350.40 manat dəyərində mallar hazırlanmış və həmin mallar təhvil-təslim aktına əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Sumqayıt Melioservis İdarəsi" tərəfindən qəbul edilmişdir. Satıcı "X3" MMC tərəfindən təhvil-təslim aktlarına əsasən ümumilikdə 303479.11 manat dəyərində işlər yerinə yetirilmişdir. EBDN 220840 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 49064.40 manat, EBDQ 771006 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 56075.55 manat, EBDS 768518 nömrəli, xx.xx.2023-cü il tarixlielektron qaimə-faktura üzrə 47237.76 manat, EBDU 476599 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 45750.96 manat və EBEC 023947 nömrəli, xx.xx.2024cü il tarixli elektron qaimə-faktura üzrə 105350.40 manat olmaqla, 303479.11 manat ödəniş tələb edilmişdir. Lakin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Sumqayıt Melioservis İdarəsi" tərəfindən 30000 (otuz min) əsas, 16000 (on altı min) manat əlavə dəyər vergisi ödənilməklə qalan 257679.07 manat vəsait isə bu günə qədər ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3" MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X3" MMC (satıcı) ilə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Satıcı tərəfindən müxtəlif çeşiddə metal borularda (dayaqların) hazırlanan məhsullar Alıcıya satılması, Alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-faturalara/elektron qaimələrə uyğun məbləği ödəyir.

13. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli X2 ilə müqavilə üzrə 152.577,71 manat məbləğində, xx.xx.2023-cü il tarixli X2 ilə müqavilə üzrə 45.750,96 manat məbləğində, xx.xx.2024-cü il tarixli X2 ilə müqavilə üzrə 105.350,40 manat məbləğində alınacaq malın adı, ölçü vahidi, qiyməti barədə tərəflər razılığa gəlmişlər.

14. Müqavilə və ona Əlavələr (X1) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan " X3 " Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.

17. İş materiallarından görünür ki, hər iki tərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 49.064,44 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 56.075,55 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 47.237,76 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 45.750,96 manat, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 105.350,40 manat məbləğində mal alıcı tərəfindən qəbul edilmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDN seriyalı, 220840 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 49.064,40 manat, EBDQ seriyalı 771006 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 56.075,55 manat, EBDS seriyalı 768518 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 47.237,76 manat, EBDU seriyalı, 476599 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 45.750,96 manat, EBEC seriyalı, 023947 nömrəli xx.xx.2024cü il tarixli dəyəri 105.350,40 manat məbləğində elektron qaimə göndərilmişdir.

19. Sadə riyazi hesablama ilə görünür ki, təhvil təslim aktları və elektron qaimələrdə qeyd edilmiş məbləğlərin ayrı-ayrıqlıda cəmi 303.479,11 manat təşkil edir.

20. Hazırda iddiaçı cavabdehin 257.679 manat məbləğində borcunun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.

21. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərinə əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixdə 20.000 manat, xx.xx.2024-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 6.000 manat, ümumilikdə 46.000 manat məbləğində ödəniş edilmişdir.

22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

24. Ona görə də, təhvil alınmış mallar üzrə cavabdeh tərəfindən ödənişlər edilməsini və iddiaçının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, 257.479,11 (303.479,11- 46.000) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 12.664 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İddiaçı tərəfindən son elektron qaimənin 2024-cü ilin aprel ayında göndərildiyini və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 1 il sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 12.664 (257.479,11x5/100=12,873,95 (1 il üçün) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə hesab edir ki, iddianın 520 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir.

28. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.

29. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 561 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 257.479 (iki yüz əlli yeddi min dörd yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik məbləğində pul "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 12.664 (on iki min altı yüz altmış dörd) manat məbləğində pul "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 561 (beş yüz altmış bir) manat məbləğində pul "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar