Məhkəmə qərarları › İş №e-2-2(113)-367/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-367/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-367/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5713 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat notariat qaydasında çəkilmiş xərc, ödənilmiş 77,13 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Etibarnamə Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 1 il müddətinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən dəymiş zərərin hesablanmasına dair verilən akta əsasən avtomaşının bərpası üçün 5713 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtoservisdə 5713 manat ödəyərək, avtomobili öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Həmçinin iddia ərizəsi də eyni qaydada göndərilmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 19 aprel 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.), Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, depozit məbləğinin ziyanın məbləğindən çıxılmasına etiraz etmir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini təxminən 3000, 3500 hissədə qəbul edir, yəni dəymiş ziyanın məbləği təxminən həmin məbləğdə ola bilər, artıq ola bilməz. Maşını cəmi 12 gün işlətmişdir. İlkin olaraq 780 manat ödəmişdir. Nəqliyyat hadisəsi zamanı onun təqsiri olmuş və barəsində cərimə növündə inzibati tənbeh də tətbiq edilmişdir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında 19 aprel 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini Ravon RS **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; nəqliyyat vasitəsini yanacaq və sürtkü materialları ilə icarəyə verən tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə; nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etmək, avtomobilin üzərinə reklam stikerlərinin vurulmamasına; nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə; nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verən tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə; yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə; nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 700 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxsə öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 21 manat icarə haqqı verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə, dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. 19 aprel 2024-cü il tarixli, 1904.24/FL812 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, X2 tərəfindən **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil əlavədə qeyd edilən vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən iş materiallarına icarəyə verilmiş nəqliyyat vasitəsinin fotoşəkilləri və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əlavə edilmişdir.

11. X4 (Avtoservis) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktın məzmunundan müəyyən olunur ki, “Ravon Nexia R3 minik” markalı, **-FL-*** nömrəli avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə evakuatorla avtoservisə gətirilmişdir. Avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobilin qəzalı olduğu və motorun təmirə ehtiyacı olduğu müəyyən edilmişdir. Cavabdeh bu barədə məlumat verilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Aktda avtomobildə dəyişməli olan detallar öz əksini tapmışdır.

12. X4 (Avtoservis) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanması haqqında aktın məzmunundan müəyyən olunur ki, “Ravon Nexia R3” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumiyyətlə 5713 manat zərər vurulmuşdur.

13. X4 tərəfindən tərtib edilmiş arayışdan müəyyən olunur ki, İddiaçı tərəfindən “Ravon Nexia R3 minik” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 3453 manat, təmir usta işlərinin qiyməti 2260 manat, cəmi 5713 manat məbləğ xx.xx.2024-cü il tarixdə avtoservisə ödənilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1606 nömrəli ekspert rəyinin məzmunundan müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Khazar rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon nexia R3” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5400 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti-3450 manat; təmir-bərpa işlərinin qiyməti-1950 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4763 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti-2813 manat; təmirbərpa işlərinin qiyməti-1950 manat.

15. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 19 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsi üzrə icarə predmeti olan nəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmiş, lakin qısa müddət sonra yol nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında hadisənin onun təqsiri üzündən baş verdiyini və buna görə barəsində inzibati tənbeh tədbirinin tətbiq olunduğunu bildirmişdir. Hadisə zamanı icarə predmeti olan avtomobilə ziyan dəymiş və ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Həmin hallar işin mübahisəsiz hallarını təşkil edir. Cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirmişdir. Beləliklə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü müvafiq öhdəlikləri (nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək və s.) yerinə yetirməmişdir.

19. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış 19 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 5713 manat maddi ziyanın tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmədiyini, bağlı belə olan halda isə iddiaçının avtomobilin təmiri üçün çəkdiyi xərci cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh vurulmuş maddi ziyana görə 4063 (dörd min altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

21. Məhkəmə bu qənaətə gələrkən ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1606 nömrəli ekspert rəyini nəzərə almışdır. Belə ki, dəymiş ziyanın məbləği ilə bağlı mübahisə olduğundan ekspertiza təyin olunmuş və rəy verilmişdir. Ekspert rəyi ilə avtomobilin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, dəyişilməli hissələrin (2813 manat) və təmirbərpa işlərinin qiyməti (1950 manat) təxminən 4763 manat müəyyən edilmişdir.

22. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə, dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir.

23. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 700 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəmişdir. Qeyd edildiyi kimi, icarəyə götürən tərəfindən avtomobilə vurulan zərər qeyd edilən depozit hesabına ödənilməli, depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli olmadığından, qalan fərq nəqliyyat vasitəsini icarəyə verənə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, depozit kimi qoyulan 700 manat dəymiş ziyanın məbləği olan 4763 manatdan çıxılmalıdır. Belə olan halda Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan məbləğ 4063 manat (4763-700=4063) olacaqdır.

24. Eləcə də, iddiaçı 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 77,13 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 77,13 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

26. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun 35,6 manat hissəsi Cavabdeh, 14,4 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4063 (dörd min altmış üç) manat, 100 (yüz) manat hüquqi yardım xərci, 17,25 manat (on yeddi manat iyirmi beş qəpik) etibarnamə üçün ödənilmiş rüsum və ödənilmiş dövlət rüsumuna görə 54,85 manat (əlli dörd manat səksən beş qəpik) olmaqla, ümumilikdə 4235,1 manat (dörd min iki yüz otuz beş manat on qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun 35,6 manat hissəsi Cavabdeh, 14,4 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar