Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3670/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Aslanov Nazir Elşad oğlunun iştirakı ilə, İddiaçı X2 cavabdeh Aslanov Nazir Elşad oğluna qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Aslanov Nazir Elşad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aslanov Nazir Elşad oğlundan 4.500 manat icarə haqqının, 627 manat kommunal xidmət borcunun, işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manatın, digər ziyan üçün 1.950 manatın, hüquqi yardım xərcləri üçün 510 manatın, 100 manat mediasiya xərcinin, 16 manat dövlət rüsumunun, ümumilikdə 9.703 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən “ŞAM” restoranını 20 aprel 2021-ci il tarixli öhdəlik əsasında Aslanov Nazir Elşad oğluna vermişdir. Yazılı öhdəliyə əsasən, cavabdeh restoranı işlətdiyinə görə 2021-ci ilin sentyabr ayının 1-dən başlayaraq növbəti hər ay üçün əvvəlcədən 1.500 manat ödəməyi, restoranın fəaliyyətinin təşkili və idarəçiliyini öz üzərinə götürdüyü, restoranın fəaliyyəti ilə bağlı işçilərin qanunvericiliyinə uyğun işə qəbulu, sənədləşməsi, yanğın və əmək təhlükəsizliyi qaydalarına əməl olunması, kassa, vergi və digər məcburi ödənişlərə, razılıq və icazələrin alınmasına görə tam cavabdehliyi, restoranın əmlakını təhvil aldığı vaxtdan onun salamatlılığına və bərpasına cavabdeh olduğunu, ona veriləcək etibarnamə əsasında hərəkət edəcəyini və restoran sahibinin hüquqlarına və qanuni mənafeyinə zidd ola bilən hər hansı hərəkətə (hərəkətsizliyə) və ziyana yol verməyəcəyini, restoranı işlətməyi dayandırmaq istəyi barədə ən azı 2 ay əvvəl yazılı şəkildə Restoran sahibinə məlumat verəcəyini öhdəsinə götürmüş, öhdəliyi qəbul etdiyini və yerinə yetirəcəyinə təminat verdiyini imzası ilə təsdiq etmişdir. Növbəti ay üçün ödənişi gecikdirdiyinə görə cavabdehlə maraqlanarkən o, telefon zənglərinə cavab verməmiş, bəzi hallarda başqa yerdə olduğunu bildirmişdir. Restorana getdikdə oranın bağlı olduğu və yenidən onunla telefon əlaqəsi yaradıldıqda 11 yanvar 2022-ci ildə onun tərəfindən restoranın bağlandığı məlum olmuşdur. Cavabdeh restoranı təhvil verməkdən boyun qaçırmış, yalnız təkidli müraciətlərdən sonra 15 yanvar 2022-ci ildə restorana gəlmişdir. Təhvil-təslim zamanı aşkar edilmişdir ki, ödəniş vaxtı çatmış kommual xərclər: təbii qaza görə 240.25, elektrik enerjisinə görə 178.83, suya görə 208 manat ödənilməmişdir, nəfis hazırlanmış təcrid taxta arakəsmələr sökülüb aparılmış, istilik sistemi sıradan çıxarılmış, restoranın qapısı sındırılmış, işıq və istilik sistemi bərbad hala salınmış, Wİ-Fİ aparatı aparılmış və digər çoxsaylı ziyanlı hallara yol verilmişdir (cavabdehin imzası ilə təsdiq olunmuş aktlar əlavə olunur). Restorana təbii qazın verilməsi dayandırılmış, elektrik enerjisin və suyun kəsiləcəyi barədə son xəbərdarlıq verilmişdir. Cavabdeh borcları ödəyəcəyi, arakəsmələri və əşyaları gətirib qaytaracağı barədə şifahi və yazılı vədlər versə də çoxsaylı təkrar müraciətlərə baxmayaraq bunların heç birini yerinə yetirməmişdir (elektron yazışmalar əlavə olunur). Restoranın 15 gün ərzində fəaliyyətini bərpa etmək mümkün olmamışdır. Məcbur olub ziyanın böyüməsinin qarşısını almaq üçün kommunal borcları ödəmiş, kombini təmir etdirmiş və digər təmir işləri aparılmışdır. Bilərəkdən restoranın fəaliyyətini qəsdən iflic vəziyyətə çatdırmış və sahibkar kimi iddiaçının, sahibkarlıq obyekti kimi restoranın imicinə ciddi maddi və nüfuz ziyanı vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Aslanov Nazir Elşad oğlu iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Aslanov Nazir Elşad oğlu xx.xx.2021-ci il tarixdə “Öhdəlik” adlı “sənədi” imzalayaraq ünvan 1 ünvanında yerləşən X3 məxsus “ŞAM” restoranını xx.xx.2022-ci il tarixinədək işlətmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə ancaq Aslanov Nazir Elşad oğlu tərəfindən imzalanmış “Öhdəlik” adlı “sənədə” qiymət verilməli və tərəflər arasında olan əsl münasibət müəyyən edilməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən normaların məzmununa əsasən ancaq Aslanov Nazir Elşad oğlu tərəfindən imzalanmış “Öhdəlik” adlı “sənədə” müqavilə kimi qiymət verilə bilməz. Belə ki, ilk növbədə qeyd edilən “Öhdəlik” adlı “sənəd” ancaq Aslanov Nazir Elşad oğlu tərəfindən imzalanmaqla qarşı tərəfin iradə ifadəsi mövcud deyildir. Ancaq işin müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında faktiki icarə hüquq münasibətləri olmuş və xx.xx.2021-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixinədək davam etmişdir. Ona görə də, iddianın 4.500 manat icarə haqqının tələb edilməsi ilə bağlı hissəsinə dair icarə müqaviləsinə aid normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə olan halda müəyyən edilməli olan ilk məqam cavabdehin iddiaçıya hər hansı bir borcunun qalıb-qalmamasıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının icarə haqqı borcunun tələb edilməsi ilə qeyd edilən aylarda tərəflər 1.500 manat aylıq icarə haqqı ödəmək barədə razılığa gəlmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında icarə haqqının ödənilmədiyini bildirmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək icarə haqqını tam ödədiyini və borcunun qalmadığını bildirir. İşdə olan 15 yanvar 2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci ildə obyektin təhvil verilməsi zamanı Aslanov Nazir Elşad oğlunun kommunal xidmətlərə görə borcunun olduğu aşkar edilmiş, restoranı işlətməyə görə xx.xx.2022-ci il tarixədək bütün borcları öz üzərinə götürdüyünü və ödəyəcəyini imzası ilə təsdiq etmişdir. X6 Elşad oğlu imzalamışdır. Məhkəmə qeyd edir ki, 15 yanvar 2022-ci il tarixli akt İİİ şəxsin adından yazılmaqla ancaq Aslanov Nazir Elşad oğlu tərəfindən imza edilmişdir. Qeyd edilən akt elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaçı tərəfindən işə əlavə edilmişdir. Məhkəmə iclasında qeyd edilən aktın məhz kim tərəfindən tərtib edilməsi araşdırılmış, iddiaçı tərəf aktın kim tərəfindən tərtib edilməsini bilmədiyini, cavabdeh tərəf isə aktdakı imzanın ona məxsus olduğunu, mətninin isə iddiaçı tərəfindən yazıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, aktın mətni iddiaçı tərəfindən yazılmışdır. Belə ki, işdən də göründüyü kimi, iddiaçı tərəfin istinad etdiyi “Öhdəlik” adlı “sənəddə” də ancaq Aslanov Nazir Elşad oğlunun imzası mövcud olsa da, həm onu, həm də qeyd edilən aktı məhkəməyə iddiaçı tərəf təqdim etmişdir. Yəni iddiaçı tərəfindən qeyd edilən sənədlərə istinad edilməsi, həmin sənədlərin iddiaçının özü tərəfindən tərtib edilməsinə dəlalət edir. Həmin aktın da, iddiaçı tərəfindən tərtib edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin icarə haqqı üzrə borcu qalmış olsa idi, qeyd edilən aktda bu barədə də, hər hansı bir məlumat mövcud olmuş olardı. Belə olan halda məhkəmə hesab edir ki, iddia icarə haqqı borcunun tələb edilməsi hissəsində əsassızdır. Məhkəmə 627 manat kommunal haqqı borcunun tələb edilməsi hissəsini isə əsaslı hesab edir. Belə ki, ilk növbədə cavabdeh tərəf məhkəmə iclasında özü borcun əmlakdan onun istifadə etmiş olduğu dövrdən qaldığını etiraf etmiş, həm də bu barədə 15 yanvar 2022-ci il tarixli akta da imza etmişdir. Bundan əlavə də, abonent saldosundan görünür ki, iddiaçıya məxsus obyektin 2022-ci ilin yanvar ayının əvvəlinə qazdan istifadəyə görə 240,14 manat borcu yaranmışdır. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi istifadə olunan elektrik enerjisinə görə 178.53 manat məbləğində EBBP seriyalı 502208 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir. Məhkəmə işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manat pulun tələb edilməsi hissəsini əsassız hesab edir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddiaçı tərəf işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manat pul tələb etsə də, ümumiyyətlə işgüzar nüfuzuna hansı zərərin dəydiyini əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə həmçinin iddianın digər ziyan üçün 1.950 manat pulun tələb edilməsi hissəsində də, əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 1.950 manat miqdarında digər ziyan üçün tələb etsə də, qeyd olunan zərərin nədən ibarət olduğunu izah edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 510 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilə bilməz. Belə ki, Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilməsi üçün çəkilmiş xərclərlə bağlı sənədin təqdim edilməsi təklif edilmiş, ancaq bu barədə sənəd təqdim edilməmişdir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın mediasiya xərclərinə görə 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Kommunal xidmətləri borcu üzrə 627 (altı yüz iyirmi yeddi) manat məbləğində pul Aslanov Nazir Elşad oğlundan tutularaq X3 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat, ümumilikdə 116 (yüz on altı) manat məbləğində pul Aslanov Nazir Elşad oğlundan tutularaq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3670/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3670/2022
26.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver