Məhkəmə qərarları › İş №e-2-2(113)-3676/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3676/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3676/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12199,17 manat məbləğində əsas kredit borcu, 613,13 manat məbləğində hesablanmış faiz borcu, 16,49 manat cərimə olmaqla, cəmi 12828,79 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 128,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən, Cavabdeh1 36 ay müddətinə illik 14,5 faizlə 25300 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərin təmin olunması üçün bankla digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı zaminlik müqaviləsi bağlanmış və o, kreditin verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.8-ci bəndinə əsasən, kreditorun zaminə olan bildirişləri, xəbərdarlıqları və.s sənədləri Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park 28 saylı küçə, B7, m 59 ünvanına bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təsdiqetməni təsdiq edən digər üsulla çatdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər zaminə çatdırılmış hesab olunacaqdir. Cavabdeh1 onunla bağlanmış razılaşmanın şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmadan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 12199,17 manat məbləğində əsas kredit borcu, 613,13 manat məbləğində hesablanmış faiz borcu, 16,49 manat cərimə olmaqla, cəmi 12828,79 manat məbləğində borcu qalmaqdadır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 11698,17 manat məbləğində əsas kredit borcu, 613,13 manat məbləğində hesablanmış faiz borcu, 16,49 manat cərimə olmaqla, cəmi 12327,79 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 128,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİ.Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, iddia ərizəsinin bu hissədə təmin edilməsinə etiraz etmədiyini bildirib, faiz və cərimə borcunun silinməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, digər cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin:

8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 14,5 faizlə 25300 manat məbləğində kredit verilmişdir.

14. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

15. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 501 manat məbləğində ödəniş edilmişdir.

16. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

20. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 14,5 faizlə 25300 manat məbləğində krеdit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2023cü il tarixli 32FİZAM122910402 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli 32FİZAM122910402 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada 11698,17 manat əsas borc, 613,13 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 16,49 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 11698,17 manat əsas borc, 613,13 manat faiz borcu və 16,49 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 128,49 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada 11698,17 manat əsas borc, 613,13 manat faiz borcu, 16,49 manat cərimə, 128,49 manat dövlət rüsumu, ümumilikdə 12456,28 (on iki min dörd yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar