Məhkəmə qərarları › İş №e-2-2(113)-3689/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3689/2025

10.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3689/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2rşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma, alınmış məbləğin geri qaytarılması, hüquqdan sui istifadə, mənəvi zərər) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1191-ci məhəllə, ev 14, (Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 4S) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “DN20mm ön ödənişli smart kart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılması” üçün əsassız olaraq alınmış 248,23 manat pulun və 500 manat mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1191-ci məhələ, ev 14, yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 4S ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra su ilə təmin olunması və müvafiq sayğac quraşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçı müraciət etdikdən sonra həmin qurumun əməkdaşları tərəfindən yerində baxış keçirildi və qeyri-yaşayış sahəsinin yerləşdiyi bina tərəfindən ona məxsus sahəyə su xətti verilməsinin vacibliyi bildirildi. Tərəfindən bina idarəçilərinə edilmiş müraciət nəticəsində iddiaçıya ayrıca su xətti təqdim edildi. Bu hadisədən sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsindən yeni qrup gələrək yenidən baxış keçirildi. Bu dəfə hər şeyin qaydasında olduğu bildirilərək, “Akt” tərtib edildi və su xəttinə qoşulmağa yararlı olması qeyd edilmişdir. Bu hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq növbəti addımlar həyata keçirilməmişdir. İddiaçının dəfələrlə etdiyi müraciətlərin nəticəsində xx.xx.2024-cü il tarixdə özünü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinin Sayğaclarla iş şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs tərəfindən ona zəng edilərək, idarəyə yaxınlaşmağını və sayğac üçün 247 manat ödəniş etməli olduğunu bildirildi. Hansı qərarın hansı maddəsinə əsasən mənim ödəniş etməli olduğumu soruşduqda sə, Baş idarəyə zəng edərək hüquqşünasla danışa biləcəyim bildirildi. 012 *** ** ** və daxili 2967 nömrəsinə zəng etdiyimdə, özünü idarənin hüquqşünası kimi təqdim edən əməkdaş da öz növbəsində -“bizim idarə tərəfindən verilmiş göstərişə əsasən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri “hüquqi şəxs” kimi tanınır və istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar ödəniş etməlidirlər” cavabını verdi. Nəticədə məlum oldu ki, qeyd olunan idarə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq, bütün qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən “Hüquqi şəxs” kimi ödəniş tələb edilərək alınır. Mənim müraciətimdən 2 aydan artıq vaxt keçməsini, bu qədər uzun müddət ərzində mənə məxsus qeyri-yaşayış sahəsinin su ilə təmin olunmaması nəticəsində xx.xx.2024-cü il tarixdə məcbur qalaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 X4 İdarəsinə yaxınlaşaraq sayğacla bağlı sənədləşmə işlərinin aparılmasına razı olduğunu bildirmişdir və ona təqdim edilmiş hesaba 248,23 manat ödəniş etmişdir. Ödəniş etdikdən sonra xx.xx.2024-cü il tarixdə ona məxsus qeyri-yaşayış sahəsinə su sayğacı qoyuldu. xx.xx.2024-cü il tarixdə isə mənə smart kart təqdim edildi. Nəticədə onun müraciətindən 70 gün sonra, qanuni tələblərinə baxmayaraq, heç bir qanuni əsası olmadan ondan məcburi qaydada ödəniş alındı. Beləliklə uzun müddət dəfələrlə idarələrə getməyi, yazışmalar və ədalətsizlik nəticəsində vətəndaşa xidmət məqsədi ilə fəaliyyət göstərən dövlət idarəsinə onun inam və etibarı itmiş, olduqca ciddi sarsıntı keçirtmişdir. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarının 5.1- ,6.5,7.20-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, ödənişi ödəməkdən imtina etməmə səbəbi 70 gün ərzində onun müraciətinə cavab vermədikləri və sudan istifadəsinə məhdudiyyət qoyduqları üçün məcbur qalması olmuşdur. Bu məbləği daha sonra məhkəmə qaydasında mübahisələndirəcəyi qənaətində olmuşdur. Həmçinin 70 gün müddətinə ona məxsus qeyri-yaşayış sahəsinin içməli su və çirkab xəttinə qoşulması təmin edilməmiş, müvafiq sayğac quraşdırılmamışdır. Heç bir qanuna əsaslanmadan, haqsız olaraq ondan ödəniş tələb edilərək onu ödəniş etməyə məcbur etmişlər. Dəfələrlə əsassız və haqsız olaraq onun cavabdeh quruma məxsus idarələrə getməyi, telefon əlaqələri saxlamağı həyata keçirilmişdir. İş şəraitindən ayrılaraq məhkəməyə gəlməyi, bütün bu proseslərin onun üçün kifayət qədər vaxt itkisi olmaqla yanaşı, mənəvi sarsıntılar keçirməyinə də səbəb olmuşdur. Bütün bunlar məhkəmədən mənəvi zərərin də qarşı tərəfdən tutulub ona ödənilməsinə əsas verir. Sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iş üzrə təqdim edəcəyi hər hansı sübut yoxdur. Prezidentin Fərmanına əsasən yalnız əhali qrup abonentlər üçün sayğacın quraşdırılması su istehlakçı müəssisənin hesabına həyata keçirilir. Digər qeyri-əhali abonentlərə sayğacın dəyəri həmin şəxslər tərəfindən öncədən ödənildikdən sonra sayğac quraşdırılır. Tərəf ödənişin edilməsi halını qəbul etmiş ödənişini edərək sayğacı almış və sayğacdan istifadə etməyə davam edir. Bugunki gündə tərəfin qaldırdığı iddia, edilən ödənişin geri qaytarılması və tərəfə hər hansı dəymiş mənəvi zərərin ödənilməsi tələbi əsassızdır. Tərəf fərdi sahibkardır, oradan gəlir əldə edir. Qeyri-əhali abonentlər üçün güzəşt nəzərdə tutulmur. Tərəfin hərfi mənaya istinad etməsi onu ödəniş etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Prezidentinin Fərmanında “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında və digər su təchizatı haqqında qanunların hər birində fiziki və hüquqi şəxs anlayışından istifadə olunsa da, həmin anlayışlar əhali və qeyri-əhali kimi nəzərdə tutulur. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Xətai Rayon Sukanal İdarəsinə ünvanlanan xx.xx.2024-cü il məktubdan görünür ki, ona məxsus qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını, suölçən cihazla təchiz edilməsini və fərdi hesab açılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, **********04-05301-083017 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1191-ci məhəllə, ev 14, (Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 4S) ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən İddiaçı tərəfindən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin PHŞ-nin X4 İdarəsinə 247,23 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən DN20mm ön ödənişli smart kart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılması üçün 248,23 manat ödəniş edilmişdir. Təqdim edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Xətai Rayon Sukanal İdarəsi ilə olan vatsap yazışmalarından 2 aya yaxın iddiaçı tərəfindən edilən müraciətlər və müraciətə cavab verildiyi görünür. xx.xx.2025-ci il tarixli, **********20 nömrəli qəbzdən görünür ki, “İddiaçı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinə əsasən hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar: a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda; c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda. 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 60-cı maddəsinin 1-ci hissəsinin ç) bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 5.1.2-ci bəndinə əsasən istehlakçının su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək hüququ vardır. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən edildi ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə su xətti çəkilməsi və sayğac quraşdırılması üçün cavabdehə müraciət etmiş, cavabdeh cavabında onun fiziki şəxs olsa da, qeyri-əhali olduğunu, sayğac üçün ödəniş etməli olduğunu bildirmiş, onun müraciətindən sonra 2 ay sayğac quraşdırılaraq içməli su verilmədiyi üçün o, məcbur qalıb xx.xx.2024-cü il tarixdə cavabdehin X4 İdarəsinə yaxınlaşaraq sayğacla bağlı sənədləşmə işlərinin aparılmasına razı olduğunu bildirmiş və 248,23 manat ödəniş etmişdir. Hazırda iddiaçı əsassız olaraq ondan alınmış həmin məbləğin geri qaytarılmasını və mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki cavabdeh təbii inhisar subyekti olaraq öz mövqeyindən sui-istifadə etməklə iddiaçını, fiziki şəxs olmasına baxmayaraq, heç bir qanuni əsas olmadan sayğaca görə ödəniş etməyə məcbur etmişdir. Halbuki mülki qanunvericiliyə əsasən hüquqdan suiistifadə yolverilməzdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən fiziki şəxslər üçün quraşdırılan sayğacların xərci cavabdeh tərəfindən, hüquqi şəxslər üçün quraşdırılan sayğacların xərci isə hüquqi şəxslərin özləri tərəfindən ödənilir. Qanunvericilikdə sayğacın quraşdırılmasına görə əhali və qeyri-əhali kateqoriyaları üzrə ödəniş edilməsi ilə bağlı fərq nəzərdə tutulmamışdır. Buna görə də iddiaçı, fiziki şəxs olduğu halda, qeyri-yaşayış sahəsinə sayğac qoşulması üçün ödəniş etməli deyil, ondan bu cür ödəniş tələb edilməsi qanunsuzdur. Göründüyü kimi cavabdeh heç bir qanuni əsas olmadan, fiziki şəxs olan iddiaçıdan sayğacın quraşdırılmasına görə pul alaraq iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Odur ki, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddiaçının cavabdehdən əldə etdiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ödədiyi 248,23 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı ona dəymiş mənəvi ziyanın əvəzi kimi cavabdehdən 500 manat pul tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətindən sonra 2 ay müddətində iddiaçını içməli su ilə təchiz etməməsi, iddiaçının dəfələrlə cavabdehə müraciətlər etməsi, cavabdehin idarələrinə getməsi, bütün bunlara zaman sərf etməsi, cavabdehin təzyiqi ilə ödəniş etməyə məcbur olması, əsassız olaraq süründürməçiliyə və ödəniş etməyə məcbur qalması iddiaçının, həqiqətən mənəvi sarsıntı keçirdiyini təsdiq edir və bunlar, cavabdehin hərəkətlərindən sonra iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Buna görə də iddiaçının cavabdehdən mənəvi zərərin əvəzi olaraq kompensasiya ödənilməsini tələb etmək hüquq vardır və onun tələbi haqlıdır. Lakin, bununla belə məhkəmə, işin konkret hallarını, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilən 30 manatın 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 248 (iki yüz qırx səkkiz) manat 23 (iyirmi üç) qəpik, vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatının əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar