Məhkəmə qərarları › İş №e-2-2(113)-369/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-369/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-369/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15279.88 manat əsas borc, 5592.13 manat faiz borcu, 3894.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24766.87 manat kredit borcunun və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərci olaraq ödənilmişdir) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15279.88 manat əsas borc, 5592.13 manat faiz borcu, 3894.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24766.87 manat kredit borcunun və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərci olaraq ödənilmişdir) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 16 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faizlə 24 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 16 mart 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli Əlavə Sazişlərə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 18662.6 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. 2022-ci il sentyabr ayının 07-dək Cavabdeh2 banka 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15279.88 manat əsas, 5592.13 manat faiz borcu, 3894.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24766.87 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. İddiaçı ASC cavabadehlərlə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı krеdit verilməsinə dair müqavilədən görünür ki, iddiaçı Cavabdeh2 illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə 18000 manat kredit vermişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli 22-MZ2-1-0-141-20 saylı Zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1, xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı krеdit verilməsinə dair müqavilə üzrə bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən iddiaçı qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1108 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı krеdit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka olan borcu ümumilikdə 21598,10 manat məbləğində, o cümlədən əsas borc üzrə 16797,50 manat, faiz borcu 4800,60 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı krеdit verilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh2 illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə 18000 manat kredit vermişdir. Eyni zamanda iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-141-20 saylı krеdit verilməsinə dair müqavilə üzrə bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən iddiaçı qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bank tərəfindən kredit razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdehlər keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişlər. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilmələrinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı Cavabdeh2 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh2 iddiaçıya olan xx.xx.2020-ci il tarixli 22- MZ2-1-0-141-20 saylı krеdit verilməsinə dair müqavilə üzrə 15279.88 manat məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Əsas borcla bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə əsas borcun məbləği iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış krеdit müqaviləsinə əsasən Cavabdeh2 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdehlər Cavabdeh3 və Nəsirova X3 müqavilələri ilə Cavabdeh2 bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşlər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0- 141-20 saylı krеdit verilməsinə dair müqavilə üzrə 5592.13 manat faiz borcu tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/1108 saylı ekspert rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu faiz borcu 4800,60 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 4800,60 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsinə dair müqaviləyə 1 saylı Əlavədən irəli gəlir. Belə ki, əlavəyə əsasən Cavabdeh2 ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2 faiz cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 760 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 210 manat məbləğində mediasiya xərcini cavabdehlərdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 164,3 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 84,15 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 183,96 manat (210 manat (mediasiya xərcinin məbləği) – 26,04 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 183,96 manat) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15279.88 manat əsas borc, 4800,60 manat faiz borcu, 760 manat cərimə borcu olmaqla, ümumilikdə 20840,48 manat kredit borcu və mediasiya xərcinə görə 183,96 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 84,15 manat məbləği cavabdehlərdən müştərək qaydada, 15,85 manat məbləği isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15279.88 manat əsas borc, 4800,60 manat faiz borcu, 760 manat cərimə borcu olmaqla, ümumilikdə 20840,48 manat kredit borcu və mediasiya xərcinə görə 183,96 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 84,15 manat məbləği Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 15,85 manat məbləği isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar