Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3695/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçı və cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 8531.61 manat əsas borc, 606.07 manat faiz borcu, 860 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli Razılaşmaya əsasən borcalan Cavabdeh1 bankdan 18 ay müddətinə, xx.xx.2022 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 15000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 8531.61 manat; b) faizlər üzrə 606.07 manat; c) cərimə üzrə 860 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Məhəmməd Hüseynov və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. Tələbin əsaslılığını təsdiq edən sənədlər: kredit limiti müqaviləsi; razılaşma və ona əlavə ödəniş cədvəli; kassa məxaric orderi; zaminlik müqavilələri; bank hesabından çıxarış; pretenziya; mediasiya arayışı Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1 maddəsinə görə “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2 maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı mediasiya prosesi ilə bağlı 200 manat xərc çəkdiyi üçün hazırkı iddianın verilməsinə görə ödənilməli olan 119.98 manat dövlət rüsumunu ödəməkdən azaddır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və əsas və faiz borcuna dair iddiada göstərilən məbləğlərə heç bir etirazının olmadığını bildirmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3695/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Hüseynov Məhəmməd Əli oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə icraata Hüseynov Məhəmməd Əli oğlundan (xx.xx.2023-cü il tarixində ölməsi səbəbi ilə) pul tutulması hissəsində xitam verilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16260***- *******01L saylı kredit limiti müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən borcalana 200.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit limiti müqaviləsi çərçivəsində borcalana verilən kreditlər razılaşmann bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kreditverənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova qoyulmuş əmlaka yönəltmək hüququ vardır.
12. xx.xx.2021-ci il tarixli 16260***-*******01L saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən tərəflər arasında bağlanmış 16260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdilər. Bu şərtlərə əsasən kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. Borcalan və 16260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsəi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərlərinə götürür və məsuliyyət daşıyırlar.
13. Razılaşmanın 2-ci bəndinə əsasən kreditverən 16260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 22 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 0 ay güzəşt olmaqla 15000 manat məbləğdə borc pul vəsaitini borcalanın mülkiyyətinə verir. Borcalan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir.
14. Razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləri məqsədi ilə verilir.
15. Razılaşmanın 8-ci bəndinə əsasən 16260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borcməbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.
16. Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 16260***-*******01L kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən əsas borc məbləği 15000 manat, faiz borcu 2752,82 manat olmaqla cəmi ödənilməli məbləğ 17752,82 manat müəyyən edilmişdir.
17. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli 16260***-*******01L saylı kredit müqaviləsi üzrə borclunun kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
18. Borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən kreditin məbləği 15000 manat, kreditin verilmə tarixi xx.xx.2021-ci il, kreditin faiz dərəcəsi 22%, kreditin müqavilə üzrə hissə-hissə və ya tam qaytarılmalı olduğu tarix xx.xx.2022-ci il, kredit müqaviləsinin bitmə tarixinə əsasən kredit borcunun məbləği 8531,61 manat, kredit müqaviləsinin bitmə tarixinə faiz borcunun məbləği 606,07 manat, kredit müqaviləsinin bitmə tarixinə cərimə borcunun məbləği 2658,43 manat və borc üzrə iddia tələbinin cəmi məbləği 11796,11 manat qeyd edilmişdir.
19. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasan borcalan Cavabdeh1 illik 22% ödəmək və xx.xx.2022 ilədək qaytarmaq şərti ilə 15000 manat kredit verildiyi, zaminlər Cavabdeh2 və Hüseynov Məhəmməd Əli oğlu kredit Öhdəliyinin icrasına görə bank qarşısında borcalanla birgə məsuliyyəti öz üzərinə götürdükləri, borcalan krediti və ondan istifadəyə görə faizləri kredit razılaşmasının tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi, onun kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Banka olan borcun məbləği əsas borc üzrə 8531.61 manat faizlər üzrə 606.07 manat və dəbbə pulu üzrə 2658.43 manat təşkil etdiyi, borclu öhdəliyini pozduğu üçün kredit limiti müqaviləsinin birtərəfli qaydada ləğv edilyi qeydolunmuş və 3 gün müddətində borcun ödənilməsi tələb edilmişdir.
20. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
26. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16260***-*******01L saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021ci il tarixli razılaşmaya əsasən hesablanmış 860 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq tutulacaq dəbbə pulu 426 manat məbləğində müəyyən edilməlidir.
36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 8531,61 manat əsas bоrcu, 606,07 manat faiz borcu, 426 manat cərimə borcu, cəmi 9563,68 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən cəmi 9563,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 16260***-*******01L saylı Razılaşmaya əsasən 8531,61 (səkkiz min beş yüz otuz bir manat, altmış bir qəpik) manat məbləğində əsas borc məbləği, 606,07 (altı yüz altı manat, yeddi qəpik) manat məbləğində faiz borcu və 426 (dörd yüz iyirmi altı) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 9563,68 (doqquz min beş yüz altmış üç manat 68 qəpik) manat və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova