Məhkəmə qərarları › İş №e-2-2(113)-3696/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3696/2023

23.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3696/2023 23.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 16.082 manat məbləğində borcun İddiaçı **********10490 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev 7A ünvanında fəaliyyət göstərən İddiaçı kiçik müəssisə ilə Cavabdeh arasında “qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AMX4041/22 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 1 (bir) m3 üçün 0.25 manat məbləğində müəyyən edilmişdir. Bildiririk ki, müəssisə tərəfindən abonent kodu üzrə təbii qazdan istifadəyə görə vaxtlı-vaxtında və tam şəkildə ödənişlər edilmişdir. 2022-ci ilin 11 ayı ərzində qaz sərfiyytanın həcminin ən aşağı göstəricisi iyun ayı üzrə 5491 m3 (1372.75 manat), ən yuxarı göstərici isə yanvar ayı üzrə 27840 m3 (6960 manat) olmuşdur. 2022-ci ilin dekabr ayı üzrə isə qaz sərfiyyatının həcmi 64331 m3 (16082.75 manat) olmuşdur ki, müəssisədə (market) bu həcmdə qaz sərfiyyatı olması mümkün deyildir. Belə ki, nə 2022-ci il, nə də ki ondan əvvəlki illər üzrə heç vaxt müəssisədə bu həcmdə qaz sərfiyyatı olmamışdır. Əlavə olaraq bildiririk ki, Cavabdeh İB tərəfindən digər aylar üçün qaz sərfiyyatına görə göndərilmiş hesab-fakturalarda elektron və mexaniki sayğac göstəricləri üzrə sərfiyyatın həcmində cüzi fərqlər olmuşdur. Lakin dekabr ayı üzrə qaz sərfiyyatına baxdıqda mexaniki göstərici ilə elektron göstərici arasında kəskin fərqin olduğu görünür. Hesab edir ki, qeyd olunan rəqəm reallığı əks etdirmir və Cavabdeh İB tərəfindən quraşdırılmış sayğaclarda yaranmış texniki problemlə bağlı olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında “qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AMX4041/22 nömrəli müqavilə imzalanmışdır.

8. Müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfinfən təqdim edilən hesaba əsasən ödəyir.

9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 1 (bir) m3 üçün 0.25 manat məbləğində müəyyən edilmişdir.

10. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuşdur. .

11. İddiaçı tərəf 2022-ci ilin dekabr ayı üçün hesablanmış 16.082 manat borcun digər aylara nisbətdə çox olduğunu bildirərək, borcun silinməsini xahiş edir.

12. Cavabdeh tərəf isə, 2022-ci ilin dekabr ayı üçün hesablanmış borcun hər hansı akt əsasında deyil, məhz qazdan istifadə üzrə sayğacın göstəricilərinə əsasən yaranmış borc olduğunu qeyd edir.

13. İşdə olan abonentin saldosundan göründüyü kimi, 2022-ci ilin dekabr ayı üçün hesablanmış 16.082 manat məbləğində borc həqiqətən də, qazdan istifadə üzrə sayğacın göstəricilərinə əsasən yaranmış borcdur.

14. Məhkəmə iclasında dekabr ayı və ya ondan öncə və ya sonra sayğacın dəyişilib-dəyişilməməsi soruşuluş, hər iki tərəf sayğacın dəyişmədiyi və həmişə eyni sayğac olduğunu bildirmişlər.

15. İş materiallarında olan Cavabdeh İB tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə borc məbləği 64331 kub metr sərfiyyat üzrə 16082.75 manat təşkil edir.

16. Göründüyü kimi, iddiaçı tərəfindən silinməsini xahiş etdiyi borc qazdan istifadə üzrə sayğacın göstəricilərinə əsasən yaranmış borcdur və iddiaçı tərəf də, borcun əsassız hesablandığını bildirsə də, bunu sübut edə bilməmişdir.

17. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar