Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3698/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə və subicarə müqaviləsi, prosessual maraq, pandemiya fors-major hal kimi, dəbbə pulu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6486,67 manat icarə haqqının, 900,8 manat cərimənin və 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 110,0 kv.m ölçüsündə olan “1229” nömrəli qeyriyaşayış sahəsini icarəyə verməyi, cavabdeh isə iddiaçıya icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə həmin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə cavabdeh kommunal və sair xərclər daxil olmamaqla hər ay 350,00 manat (ƏDV daxil) icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən icarə müqaviləsinə 16 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. 2.2. Lakin cavabdeh ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, ona görə də 308 nömrəli müqavilə üzrə 6486,67 manat icarə haqqı borcu və ona hesablanmış 900,80 manat cərimə məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. 2.3. Bundan sonra mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator təyin edilmişdir. Mediatorun da çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 700.1-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3698/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, cavabdeh icarəçi qismində kommunal xidmətlərin haqqı istisna olmaqla aylıq 350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə icarə haqqını ödəmişdir. Digər aylar üçün ödənişlər edilmədiyindən icarə müqaviləsinə 16 sentyabr 2021-ci il tarixdən birtərəfli qaydada xitam verilmiş, həmin tarixdə akt tərtib edilməklə icarə obyekti təhvil alınmışdır. Obyektin içərisindəki əşyalar isə saxlanca verilmişdir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə 2020-ci il mart ayının 27-dən 2021-ci ilin iyun ayının 10-dək Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi bağlı qalmış, lakin əczaçılıq fəaliyyəti ilə bağlı anbarlardan istifadəyə icazə verilmişdir. Ümumilikdə pandemiya dövründə kompleksdə icazəsi olanlar fəaliyyət göstərmişdirlər.
8. Cavabdehin hüquqi ünvanına və qanuni təmsilçisinin rəsmi qeydə alındığı ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirakını təmin edilməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəməyə təqdim edilən 30 yanvar 2018-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcarəyə verən qismində) ilə iddiaçı (icarəçi qismində) arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən, “İcarəçi” “İcarəyə verən”dən Bakı şəhəri, Sumqayıt yolu, 3 və 6 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki aşağıda göstərilən əmlakları və həmin əmlaklara olan bütün hüquqları icarəyə götürür: əmlak kompleksi kimi müəssisə - Avtovağzal Kompleksi (ümumi sahəsi 140448,6 kv.m); qeyriyaşayış binası (89,5 kv.m); həmin ünvandakı torpaq sahəsinin üzərində yerləşən, İcarəyə verənə məxsus bütün digər əmlaklar (1.1). İcarə predmetləri ilə bağlı “İcarəyə verən”ə məxsus olan və qanunvericiliklə başqa şəxsə verilə bilinməsi mümkün olan bütün hüquqları (subicarəyə vermək, ipoteka və girovla, habelə sair formada yüklü etmək, təmir-tikinti, yenidənqurma işləri görmək, həmin əmlaklarla bağlı istənilən əqd bağlamaq da daxil olmaqla – bütün hüquqlar) “İcarəyə verən” bu müqavilə ilə “İcarəçi”yə verir və “İcarəçi” bu hüquqları “İcarəyə verən”dən razılıq almadan istifadə edə bilər. “İcarəyə verən” bu müqaviləni imzalamaqla “İcarəçi”nin icarəyə götürdüyü torpağın təyinatını dəyişməyə, torpaqda binalar, digər tikililər və qurğular ucaltmağa razılıq verir (1.2).
13. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (İcarəyə verən qismində) ilə cavabdeh (İcarəçi qismində) arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsinin 1-ci hissəsinə əsasən, İcarəyə verən aşağıda göstərilən əmlakı İcarəçiyə İcarəyə verməyi və İcarəçi isə İcarəyə verənə icarə haqqı müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, 110 kv.m olan “1229” nömrəli qeyri-yaşayış sahəsidir. Tərəflərdən biri tələb etdikdə, icarə obyekti müvafiq akt tərtib edilməklə təhvil verilir.
14. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, bu müqavilə qüvvədə olduğu müddət ərzində İcarəçi İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 350 (üç yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir (4.1). Təqvim ayının tam icarə haqqı həmin ayın 5-dan gec olmamaqla İcarəçi tərəfindən İcarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, İcarəyə verənin razılığı olduqda isə nağd ödənilir. İcarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir, habelə bir aylıq icarə haqqı məbləğində daimi saxlanan ödənişi etməlidir. İcarəçinin icarəyə verən qarşısında yaranan öhdəliklərini (cərimə, zərər və sairə) icarəyə verən həmin depozit hesabına təmin edə bilər (4.2).
15. Adıçəkilən müqavilənin 7-ci hissəsinə əsasən, bu müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır. Bu müqavilənin qüvvəyə minməsi ilə tərəflərin arasında olan əvvəlki bütün müqavilələrin və razılaşmaların qüvvəsinə xitam verilir. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır (7.1). Hər iki tərəfin digər tərəfi 15 (on beş) gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var (7.2). Bir tərəf bu müqavilə və ya qanunvericiliyin tələblərini pozarsa, digər tərəfin 7 (yeddi) gün öncədən xəbərdar etməklə, müqaviləyə birtərəfli xitam vermək hüququ var (7.3).
16. İş materiallarına əlavə edilmiş 02 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin bağlanılması üçün aktdan görünür ki, həmin akt tərtib edilməklə icarə obyekti orta vəziyyətdə, müvafiq sayğac göstəricisi və aylıq 350 manat icarə haqqı şərti ilə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdehin möhürü ilə təsdiqlənmişdir.
17. Məhkəməyə təqdim edilən 01 sentyabr 2021-ci il tarixli 02-02/228 nömrəli borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, cavabdehdən 7 gün müddətində yaranmış 6300 manat icarə haqqı borcunun ödənilməsi tələb edilmiş, əks halda müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi, borcun ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehin hüquqi ünvanına (eyni zamanda 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsində qeyd edilən ünvanı) göndərilən həmin məktub geri qayıtmışdır.
18. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli 423 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsinə 16 sentyabr 2021-ci il tarixdən etibarən müqavilənin 7.3-cü bəndinə müvafiq olaraq xitam verilmişdir.
19. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün aktdan görünür ki, icarə obyekti icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verildiyindən orta təmirli, 6486,67 manat borcla təhvil alınmışdır.
20. Məhkəməyə təqdim edilən 21 iyun 2023-cü il tarixli 02-07/320 nömrəli maliyyə arayışı və obyektin əməliyyat tarixçəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində 350 manat olmaqla ümumilikdə 1050 manat icarə haqqı ödənmiş, xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri üçün ödənilməli icarə haqqı məbləği isə 7536,67 manat təşkil etmişdir.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 30 yanvar 2018-ci il tarixli icarə müqaviləsində irəli gələn hüquq əsasında iddiaçı ilə cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli subicarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, 110 kv.m olan “1229” nömrəli qeyri-yaşayış sahəsini cavabdehə subicarəyə verməyi, cavabdeh isə həmin obyektdən istifadə və bəhər üçün hər ay kommunal və sair xərclər daxil olmamaqla 350 manat (ƏDV daxil) icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyekti 02 dekabr 2019-cu il tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində olmaqla ümumilikdə 1050 manat məbləğində icarə haqqı ödənilmişdir. İddiaçı sözügedən subicarə müqaviləsinin 7.3-cü bəndinə əsaslanmaqla 16 sentyabr 2021-ci il tarixdən icarə münasibətlərinə birtərəfli qaydada xitam vermiş, həmin tarixdə obyekti təhvil almışdır.
22. İddiaçı 16 sentyabr 2021-ci il tarixinədək olan dövr üçün ümumilikdə 6486,67 manat icarə haqqının cavabdehdən tutulmasını tələb edir.
23. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
27. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
28. Hazırkı iş üzrə iddiaçının cavabdehdən icarə haqqının ödənilməsi tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
29. Məhkəmə qeyd edir ki, cavabdeh 02 dekabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə şərtləşdirilmiş icarə haqqını sonuncu dəfə xx.xx.2020-ci il tarixində ödəmiş, ödənişlər uzun müddət edilmədiyindən icarə müqaviləsinə 16 sentyabr 2021-ci il tarixdən xitam verilmişdir. Belə olan halda, iddiaçı həmin tarixədək icarə haqqını tələb etməkdə haqlıdır.
30. Məhkəmə Koronavirus (COVİD-19) pandemiyasının hazırkı icarə münasibətlərinə təsiri ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
31. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx.xx.2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin Qərarın 4.2.3 və 4.2.4cü bəndlərin ilə baytarlıq xidmətləri və tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı istiqamətlərində fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli 178 nömrəli Qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə müəyyən məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir. Qərarın 2-ci bəndi ilə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ləğv edilmişdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarı ilə müvafiq məhdudiyyətlərin qüvvəsi bir neçə dəfə uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarının 2.2-ci bəndi ilə 2021-ci il 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilmişdir
35. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.”
36. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. Belə ki, 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsinin 6-cı hissəsinə əsasən, bu müqavilə üzrə öz öhdəliklərini iradəsindən asılı olmayan müharibə, mülki iğtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə tərəflər məsuliyyətdən azad edilir (6.1). Müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş sənəd forsmajor halın mövcudluğunu və onun davamlılığını təsdiq etməlidir (6.2). Öz öhdəliyini yerinə yetirməyən tərəf bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsinə mane olan fors-major hallar haqqında digər tərəfi xəbərdar etməlidir (6.3). Əgər fors-major halları və şəraiti 3 (üç) ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam oluna bilər (6.4).
37. Göründüyü kimi, tərəflər müqavilənin sözügedən hissəsində fors-major hallarının siyahısını açıq tutmuş, bu barədə iradələrini “digər təbii fəlakətlər kimi” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada bir-biri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını qəbul etmişlər.
38. Yuxarıda istinad olunan qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır və Müqavilənin 6-cı hissəsində nəzərdə tutulan “digər təbii fəlakətlər kimi” sözləri bu halı da əhatə edir. Lakin karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir.
39. Hazırkı işin hallarından isə belə bir hadisəyə istinad olunduğu, bu barədə iddiaçıya məlumat verildiyi təsdiqlənməmişdir.
40. Həmçinin məhkəmənin təklifinə əsasən iddiaçının təqdim etdiyi 25 oktyabr 2023cü il tarixli 02-01/548 nömrəli arayışdan cavabdehin “1229” nömrəli qeyri-yaşayış sahəsini baytarlıq anbarı kimi istifadə etdiyi aydın olur. Eləcə də məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “1229” nömrəli qeyri-yaşayış obyektində saxlanılan müddəti keçmiş dərman preparatları təsərrüfat və təchizat şöbəsinin saxlama anbarına daşınaraq yığılmışdır.
41. Belə olan halda, pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə baytarlıq xidmətləri və tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı istiqamətlərində fəaliyyətin davam etdirilməsinə icazə verildiyi, cavabdehin məhz Koronavirus (COVİD-19) pandemiyasının təsirləri nəticəsində öz öhdəliyini pozması, bu təsirlər barədə kreditora (iddiaçıya) dərhal məlumat verilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyi nəzərə alındığında məhkəmə hesab edir ki, hazırkı işin hallarına Mülki Məcəllənin 448.4-cü və 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsinin 6.1-ci bəndi tətbiq edilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 02 dekabr 2019cu il tarixli 308 nömrəli icarə müqaviləsi üzrə 6486,67 manat icarə haqqı Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
43. İddiaçı iddia ərizəsində 900,8 manat məbləğində dəbbə pulunun da tutulması tələbini irəli sürmüşdür.
44. 02 dekabr 2019-cu il tarixli 308 nömrəli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verənə onun tələbi ilə 100 manat cərimə (dəbbə pulu) ödəməlidir.
45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
48. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.
49. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 900,8 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
50. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 900,8 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
51. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 110 manat cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-02640/2023 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında razılıq əldə olunmamışdır.
53. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 110 manat məbləğində pul Bakı şəhəri 2 saylı mediasiya təşkilatına köçürülmüşdür.
54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
56. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
57. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan mediasiya xərcinin əvəzi olaraq 110 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 308 saylı icarə müqaviləsi üzrə 6486 (altı min dörd yüz səksən altı) manat 67 (altmış yeddi) qəpik əsas, 900 (doqquz yüz) manat 80 (səksən) qəpik cərimə borcu olmaqla ümumilikdə 7387 (yeddi min üç yüz səksən yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova