Məhkəmə qərarları › İş №e-2-2(113)-3699/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3699/2025

06.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3699/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqı) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən cəmi 2.623,6 manat-icarə haqqı borcu 1.400 manat, dam və divara dəymiş zərər 1.080,60 manat, iddia ərizəsi yazılması 100 manat, məhkəmə rüsum 43 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 16 iyun 2023-ci il tarixdə ona məxsus obyekti istifadə etmək üçün icarə müqaviləsi bağladı. Cavabdeh obyektin təzə jaluzunu yararsız etdi. Həm də cavabdeh obeyektin damını da deşmidir. Bu səbəbdən yağış suları divarı yararsız etdi. Cavabdeh söz verdiki 16 yanvar 2025-ci ildə tarixində 500 manat məbləği verəcək. Bu günə qədər müxtəlif bəhanələr gətirərək pulu vermir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqavilə bağlanmışdır.

10. Qeyd edilmiş müqaviləyə əsasən İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.5 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir.

11. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən 510 manat icarə haqqı ödəyir.

12. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

13. Hazırda iddiaçı tərəf, cavabdehin icarə obyektindən 2025-ci ilin yanvar ayında çıxdığını, 1.400 manat ödənilməmiş icarə haqqı borcu olduğunu, cavabdeh tərəfindən icarə obyektinə zərər vurulduğunu bildirərək, icarə haqqı borcunun və dəymiş ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

14. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixində etiraz təqdim edərək, cavabdeh "xxxx" MMC-nin 2025-ci ilin yanvar ayından həmin sahədə fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən icarə obyektinə heç bir ziyan vurulmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Göründüyü kimi, cavabdehin qeyd edilən icarə sahəsindən 2025-ci ilin yanvar ayında çıxması işin mübahisəsiz halıdır.

16. Məhkəmə iddianın icarə haqqı borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

17. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iştirakı ilə Whatsapp tətbiqi üzərində cavabdehlə aparılan yazışmalara baxış keçirərkən, son olaraq 07 aprel 2025-ci il il tarixli yazışmalarda iddiaçı tərəfindən 500 manat icarə haqqı borcunun ödənilməsi tələb edilmiş, cavabdeh tərəf də borcu ödəyəcəyini bildirmişdir.

18. Belə olan halda, məhkəmə hesab edir ki, icarə haqqı olaraq 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə iddianın dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

20. Məhkəmə tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 34,5 kv.m olan qeyri-yaşayış sahəsinin təmiri üçün nə qədər vəsait tələb olunduğunun müəyyən edilməsi məqsədi ilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.

21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın dəyəri 1.080,64 manat məbləğində müəyyən edilmişdir.

22. Məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 1.080 (bir min səksən) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

23. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin yazılmasına görə 100 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu məbləğin ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, qeyd edilən hissədə iddia təmin edilə bilməz.

24. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,80 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Dəymiş zərərin əvəzi olaraq 1.080 (bir min səksən) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar