Məhkəmə qərarları › İş №e-2-2(113)-3704/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3704/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3704/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7752,04 manat (yeddi min yeddi yüz əlli iki manat dörd qəpik) icarə haqqı borcu, 1028,57 manat (bir min iyirimi səkkiz manat əlli yeddi qəpik) cərimə və 110,00 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 1 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3 ünvanında, Bakı 1nin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 68,0 kv.metr ölçüdə olan “1” saylı magaza qeyri-yaşayış sahəsini icarəyə verməyi, “icarəçi” isə “icarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “icarəçi” kommunal və sair xərclər daxil olmamaqla, hər ay 440,00 (dörd yüz qırx) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və 3766,02 manat (üç min yeddi yüz altmış altı manat iki qəpik) icarə haqqı borcu və ona hesablanmış 423,30 manat (dörd yüz iyirimi üç manat otuz qəpik) cərimə borcu yaranmışdır. Bu səbəbdən də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 1 saylı icarə müqaviləsinə 07 avqust 2021-ci il tarixdə xitam verilmiş, bu barədə tərəflər arasında tərtib edilmiş akt təsdiq edilmişdir. Həmin sazişin 4-cü bəndinə əsasən icarəçi ödənilməmiş 3766,02 manat (üç min yeddi yüz altmış altı manat iki qəpik) icarə haqqı borcu və ona hesablanmış 423,30 manat (dörd yüz iyirimi üç manat otuz qəpik) cərimə borcunun olduğunu qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2309 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3 ünvanında, Bakı 1nin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 68,0 kv.metr ölçüdə olan “2309” saylı magaza qeyri-yaşayış sahəsini icarəyə verməyi, “icarəçi” isə “icarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi kommunal və sair xərclər daxil olmamaqla, hər ay 440,00 (dörd yüz qırx) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, “2309” saylı müqavilə üzrə 3986,02 manat (üç min doqquz yüz səksən altı manat iki qəpik) icarə haqqı borcu və ona hesablanmış 605,27 manat (altı yüz beş manat iyirimi yeddi qəpik) cərimə borc yaranmışdır. Bu səbəbdən də İddiaçıMMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2309 saylı icarə müqaviləsinə 07 avqust 2021-ci il tarixdə xitam verilmiş, bu barədə tərəflər arasında tərtib olunmuş akt təsdiq edilmişdir. Həmin sazişin 4-cü bəndinə əsasən icarəçi ödənilməmiş 3986,02 manat icarə haqqı borcu və ona hesablanmış 605,27 manat cərimə borcunun olduğunu qəbul etmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəyəverən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı 1nin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, sahəsi 68 m2 olan “1” nömrəli mağaza-qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəçi bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 440 (dörd yüz qırx) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı 1nin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı İcarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur: temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan irəli gələn sair xərclər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı bu müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. 4.3-cü bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarə müqaviləsi Cavabdeh adından etibarnamə əsasında X1 tərəfindən imzalanmışdır. - İcarəyəverən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2309 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib, əvəzində İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3 ünvanında yerləşən Bakı 1nin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 68 m2 sahəsi olan “2309” nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəçi bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 440 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı 1nin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı İcarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur: temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan irəli gələn sair xərclər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı bu müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla, icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. 4.3-cü bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarə müqaviləsi Cavabdeh adından etibarnamə əsasında X1 tərəfindən imzalanmışdır. - İddiaçı MMC-yə məxsus mədaxil qəbzi kötüklərindən məlum olur ki, 2307 və 2309 nömrəli icarə obyektləri ilə bağlı ayrı-ayrı tarixlərdə icarə haqqları ödənilmişdir. - 07 avqust 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktdan məlum olur ki, 01 fevral 2018-ci il tarixli 1 nömrəli icarə müqaviləsinə “icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilir” səbəbi ilə xitam verilmişdir. Aktda icarəçinin icarəyə verənə borcu 3766,02 manat göstərilmişdir. - 07 avqust 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktdan məlum olur ki, 01 fevral 2018-ci il tarixli 2309 nömrəli icarə müqaviləsinə “icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilir” səbəbi ilə xitam verilmişdir. Aktda icarəçinin icarəyə verənə borcu 3986,02 manat göstərilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 02-02/499 nömrəli 08 sentyabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2018-xx.xx.2021-ci il dövrü ərzində qarşı tərəfə elektron qaimə göndərilməmişir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 20 iyun 2023-cü il tarixli 02-07/317 nömrəli maliyyə arayışından məlum olur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2309 saylı icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 3986,02 manat və ona hesablanmış cərimə borcu 605,27 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli 02-07/319 nömrəli maliyyə arayışından məlum olur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 1 saylı icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 3766,02 manat və ona hesablanmış cərimə borcu 423,30 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 02-07/123 nömrəli 05 aprel 2023-cü il tarixli pretenziya məktubunda 01 fevral 2018-ci il tarixli, 1 nömrəli icarə müqaviləsi üzrə 37666,02 manat icarə haqqı və 423,30 manat cərimə, 01 fevral 2018-ci il tarixli, 2309 nömrəli icarə müqaviləsi üzrə isə 3986,02 manat icarə haqqı və 605,27 manat cərimə məbləğinin 7 (yeddi) təqvim günü müddətində icra edilməsi üçün möhlət verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Borcun olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və hər iki müqavilə üzrə Cavabdeh 7752,04 manat icarə haqqı borcu, 1028,57 manat cərimə, 110 (yüz on) manat mediasiya xərci olmaqla, cəmi 8890,61 manat (səkkiz min səkkiz yüz doxsan manat altmış bir qəpik) məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7752,04 manat (yeddi min yeddi yüz əlli iki manat dörd qəpik) icarə haqqı borcu, 1028,57 manat (min iyirimi səkkiz manat əlli yeddi qəpik) cərimə, 110 (yüz on) manat mediasiya xərci olmaqla, cəmi 8890,61 manat (səkkiz min səkkiz yüz doxsan manat altmış bir qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar