Məhkəmə qərarları › İş №e-2-2(113)-3707/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3707/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3707/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 3608 manat məbləğində əsas borc, 169,31 manat məbləğində faiz borcu, 31,64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3808,95 manat pul məbləğinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 1888,05 manat məbləğində əsas borc, 90,42 manat məbləğində faiz borcu, 24,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2002,79 manat pul məbləği və 78,12 dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 348036-CNS-36417 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz hesablanması şərti ilə xx.xx.2025-ci il tarixədək, 36 ay müddətinə 6000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə banka ümumilikdə 3808,95 manat məbləğində borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 348036-CNS-45534 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) (istehlak məqsədilə) məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 ay müddətinə 2166 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin ümumilikdə 2002,79 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023cü il tarixli, 348036-CNS-45534 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni kredit alanın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya kredit alan bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.26.3-cü bəndinə əsasən ... bu müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. xx.xx.2023-cü il tarixli 348036-CNS- 45534 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanır. Bundan başqa, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı kredit müqaviləsinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim üçün gecikdirilmiş məbləğdə 0,5% həcimdə cərimə hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) 78,12 manat təşkil edir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 78,12 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.2, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 348-CNS-36417 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli 348036-CNS-45534 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 ay müddətinə 2166 manat məbləğində kredit verilmişdir.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı Nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 3608 manat, faiz borcu 169,31 manat, cərimə borcu 31,64 manat olmaqla, ümumilikdə 3808,95 manat təşkil edir.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 1888,05 manat, faiz borcu 90,42 manat, cərimə borcu 24,32 manat olmaqla, ümumilikdə 2002,79 manat təşkil edir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 1318P nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

10. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 1393P nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.

14. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 348036-CNS- 36417 saylı kredit müqaviləsinə əsasən 3608 manat məbləğində əsas borc, 169,31 manat məbləğində faiz borcu, xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsinə əsasən 1888,05 manat məbləğində əsas borc, 90,42 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı kredit müqaviləsi üzrə 3608 (üç min altı yüz səkkiz) manat əsas borc, 169,31 manat (yüz altmış doqquz manat otuz bir qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsi üzrə 1888,05 manat (min səkkiz yüz səksən səkkiz manat beş qəpik) əsas borc, 90,42 manat (doxsan manat qırx iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

16. İddia tələbinin digər hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 348036-CNS- 36417 saylı kredit müqaviləsinə əsasən 31,64 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsinə əsasən 24,32 manat cərimə borcunun tutulması təşkil edir.

17. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

18. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı kredit müqaviləsi üzrə 31,64 manat (otuz bir manat altmış dörd qəpik) cərimə, xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsi üzrə 24,32 manat (iyirmi dörd manat otuz iki qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

19. Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 78,12 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,12 manat (yetmiş səkkiz manat on iki qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 348036-CNS-36417 saylı kredit müqaviləsi üzrə 3608 (üç min altı yüz səkkiz) manat əsas borc, 169,31 manat (yüz altmış doqquz manat otuz bir qəpik) faiz borcu, 31,64 manat (otuz bir manat altmış dörd qəpik) cərimə olmaqla, ümumilikdə 3808,95 manat (üç min səkkiz yüz səkkiz manat doxsan beş qəpik), xx.xx.2023-cü il tarixli, 348036-CNS-45534 saylı kredit müqaviləsi üzrə 1888,05 manat (min səkkiz yüz səksən səkkiz manat beş qəpik) əsas borc, 90,42 manat (doxsan manat qırx iki qəpik) faiz borcu, 24,32 manat (iyirmi dörd manat otuz iki qəpik) cərimə olmaqla, ümumilikdə 2002,79 manat (iki min iki manat yetmiş doqquz qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,12 manat (yetmiş səkkiz manat on iki qəpik) olmaqla, cəmi 5889,86 manat (beş min səkkiz yüz səksən doqquz manat səksən altı qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar