Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3709/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim olunması, səhmdar cəmiyyəti, ümumi yığıncağın qərarı, protokol, maliyyə, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2012-2022-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncaqların protokollarının, mühasibat sənədlərinin (maliyyə sənədlərinin) və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətlərinin təqdim edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC-nin səhmdarları olsalar da, 2012-ci ildən bu günə qədər onlara ASC-nin fəaliyyətindən əldə edilmiş xalis mənfəətdən dividend ödənilməmişdir. Belə ki, "xxxx" ASC-nin səhmlərinin 1,4744% İddiaçı2, 45,5192% İddiaçı3, 0,7338% İddiaçı1 və 0,2023% İddiaçı4 məxsus olmasına baxmayaraq, "xxxx" ASC-nin idarə heyəti tərəfindən onların hüquqları kobud şəkildə pozulmaqda davam edir. ASC-nin fəaliyyətindən əldə edilmiş, lakin bölüşdürülməmiş xalis mənfəət ümumi yığıncağın qərarı olmadan qanunsuz olaraq sərf edilir, ona görə də ümumi yığıncaq protokollarının və mühasibat sənədlərinin onlara təqdim edilməsi zəruridir. "xxxx" ASC-nin nizamnaməsində, həmçinin qüvvədə olan qanunvericilikdə, cəmiyyətə və onun səhmdarlarına aid olan hüquqlar göstərilməklə, nizamnamənin “səhmdarlar, onların hüquq və vəzifələri” adlanan 9-cu bəndində səhmdarların hüquqları kifayət qədər geniş şəkildə qeyd edilmişdir. Onlar da nizamnamənin 9-cu bəndində və qüvvədə olan qanunvericilikdə göstərilən hüquqlarından istifadə etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Qeyd olunan hüquqları ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində müraciət edərək 2012-2021-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncaqların protokollarını, hər bir il üzrə əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi hərəkətini təsdiq edən mühasibat sənədlərinin və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətlərini təqdim edilməsini, həmçinin 2012-2021ci illər üçün ödənilməyən dividend məbləğlərinin 10 gün müddətində ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Bundan sonra cavabdehin rəhbəri ilə görüş olmuş və xahişlərinin qısa müddət ərzində təmin ediləcəyi bildirilmişdir. Cavabdehin idarə heyətinin sədri ilə görüşdən təxminən 20-25 gün keçdikdən sonra sənədlərin toplandığını və onlara təqdim ediləcəyi bildirilmişdir. Sonradan həmin sənədlərin hazır olduğunu və təqdim edə biləcəyini göstərsələr də, bir neçə dəfə cavabdeh təşkilata gedilmiş, lakin orada icarədə oturan şəxslər cavabdehin əməkdaşlarının olmadığını bildirərək nə zaman gələcəkləri barədə məlumatsız olduqlarını qeyd etmişlər. “Mediasiya haqqında” Qanununun tələblərinə müvafiq olaraq, cavabdehə mediasiya təklifi göndərilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş və ilkin mediasiya prosesi təyin edilsə də, cavabdehin səlahiyyətli nümayəndəsi gəlmədiyindən, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 99.1, 106-1-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri sonuncunun və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Sənədlərin təqdim edilməsi tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
9. İş materiallarında olan "xxxx" ASC-nin 0107-P335-49016 № ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınan nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 116 654 manata bərabər tutulan 58327 ədəd adi, adlı, sənədsiz səhmdir. Hər bir səhmin qiyməti 2 manatdır (7.1-ci bənd). Cəmiyyətin səhmdarları Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Emitentdə göstərilən şəxslərdir (3.1).
10. İş materiallarında olan qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2022ci il tarixə olan çıxarışdan görünür ki, qeydiyyat sənədinin nömrəsi 0107-P335-49016 olan emitentin ("xxxx" ASC-nin) buraxdığı qiymətli kağızlar dövlət qeydiyyat nömrəsi AZ**********, nominal dəyəri 2 manat olan 58327 ədəd adi adlı səhmdən ibarətdir və yerləşdirilməmiş, geri satın alınmış səhmi yoxdur. Həmçinin görünür ki, səhmlərin 428 ədədi (0,7338%) İddiaçı1, 860 ədədi (1,4744%) İddiaçı2, 26550 ədədi (45,5192%) İddiaçı3, 118 ədədi (0,2023%) İddiaçı4 mülkiyyətindədir.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müraciət məktubundan görünür ki, iddiaçılar cavabdehə müraciət edərək 2012-2021-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağın protokollarının, qərarlarının və mühasibat sənədlərinin təqdim olunmasını xahiş etmiş, müraciət məktubu cavabdehin möhürü ilə təsdiq olunaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.
12. Beləliklə, məhkəmə müəyyən edir ki, "xxxx" ASC-nin nizamnamə kapitalı 116654 manata bərabər tutulan 58327 ədəd adi, adlı, sənədsiz səhmdən ibarətdir, iddiaçılar "xxxx" ASC-nin səhmdarlarıdırlar və ASC-də ümumilikdə 27956 ədəd (47,9297%) adi adlı səhmləri vardır. Həmin səhmlərdən 428 ədədi (0,7338%) İddiaçı1, 860 ədədi (1,4744%) İddiaçı2, 26550 ədədi (45,5192%) İddiaçı3, 118 ədədi (0,2023%) İddiaçı4 mülkiyyətindədir.
13. İddiaçılar bildirir ki, "xxxx" ASC-nin səhmdarları olsalar da, 2012-ci ildən bu günə qədər onlara ASC-nin fəaliyyətindən əldə edilmiş xalis mənfəətindən dividend ödənilməmişdir. ASC-nin idarə heyəti tərəfindən onların hüquqları kobud şəkildə pozulmaqda davam etdirilir, ASC-nin fəaliyyətindən əldə edilmiş, lakin bölüşdürülməmiş xalis mənfəət ümumi yığıncağın qərarı olmadan qanunsuz olaraq sərf edilir, ona görə də ümumi yığıncaq protokollarının, qərarlarının və mühasibat sənədlərinin onlara təqdim edilməsi zəruridir. xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək 2012-2021-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağın protokollarını, mühasibat sənədlərini və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətlərini təqdim edilməsini, həmçinin 2012-2021-ci illər üçün ödənilməyən dividend məbləğlərinin 10 gün müddətində ödənilməsinin təmin edilməsini xahiş etmişlər, bundan sonra cavabdehin rəhbəri ilə görüş olmuş və sənədlərin hazır olduğu və onlara təqdim ediləcəyi bildirilmiş, lakin təqdim edilməmişdir.
14. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmir. Nümayəndə2 özünü cavabdehin məhkəmədə təmsil etmək səlahiyyətinə malik nümayəndəsi qismində təqdim etsə də, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq əsas iş yerinin həmin hüquqi şəxs olmasını və ya hüquqi şəxsin vəkili olmasını təsdiq edən sənədi (orderi) məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
18. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
19. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır.
20. Belə ki, Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
21. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.
22. Həmin Məcəllənin 107-5.3 və 107-6.3-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
23. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər.
24. "xxxx" ASC-nin Nizamnaməsinin 9.3-cü bəndinə əsasən səhmdarların cəmiyyətin idarə edilməsində iştirak etmək (9.3.1), qanunvericilikdə müəyyən olunmuş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq (9.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (9.3.5) hüquqları vardır.
25. Hazırkı iş üzrə iddiaçılar "xxxx" ASC-nin səhmdarları kimi ASC-nin 2012-2021-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncaqlarının protokollarının, mühasibat sənədlərinin (maliyyə sənədlərinin) və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətlərinin onlara təqdim edilməsini xx.xx.2022-ci il tarixdə yazılı müraciət edərək cavabdehdən tələb etmiş, 2012-2022-ci illər üzrə qeyd olunan sənədlərin tələb olunmasına dair hazırkı iddia ərizəsi də xx.xx.2023-cü il tarixdə (məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət olunmuş) cavabdehə çatdırılmış, lakin həmin sənədlər onlara təqdim edilməmişdir.
26. Qanunvericiliyin tələbindən və ASC-nin nizamnaməsindən göründüyü kimi, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin ümumi yığıncağın protokolunun surətini tələb etmək hüququ birbaşa təsbit olunmuş, protokolun surətinin ona təqdim edilməsi vəzifəsi müəyyən olunmuşdur. Həmçinin səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməsi vəzifəsi və səhmdarların ümumi yığıncağının qərarından səhmdarın məhkəməyə şikayət vermək hüququ qanunvericilikdə əks olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar ümumi yığıncaqlarının protokollarının və qərarlarının təsdiq olunmuş surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlıdırlar.
27. Bundan başqa, iddiaçılar mühasibat-maliyyə sənədlərinin onlara təqdim edilməsini xahiş edir. Mülki Məcəllədə və ASC-nin nizamnaməsində səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ birbaşa təsbit olunmuşdur. Həmçinin Mülki Məcəllənin 106-1.3 və 107-5.4-cü maddəsində səhmdarların elə hüquqları təsbit olunmuşdur ki, bir qisim hüquqların realizə olunması ASC-nin mühasibat-maliyyə sənədlərindən əldə olunan məlumatlar əsasında (106-1.3.7 və 107-5.4, 106-1.3.8-1 və 106-1.3.8-3-cü maddələrdə təsbit olunan hüquqlar) mümkündür, digər qisim hüquqların həyata keçirilməsi nəticəsində (106-1.3.8-2-ci maddədə təsbit olunan hüquq) isə mühasibat-maliyyə fəaliyyətinə dair məlumatlar əldə etmək mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar mühasibat sənədlərinin (maliyyə sənədlərinin) təsdiq olunmuş surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlıdırlar.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən həmin ASC-nin 2012-2022-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncaqlarının protokollarının, mühasibat sənədlərinin (maliyyə sənədlərinin) və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətləri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 təqdim edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
29. İddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır.
30. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00433 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
33. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
34. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul cavabdehdən tutularaq müştərək qaydada iddiaçılara ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin ASC-nin 2012-2022-ci illər üzrə hər növbəti ilin yekunlarına dair keçirilmiş ümumi yığıncaqlarının protokollarının, mühasibat sənədlərinin (maliyyə sənədlərinin) və ümumi yığıncağın qərarlarının təsdiq olunmuş surətləri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 təqdim edilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq müştərək qaydada iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova