Məhkəmə qərarları › İş №e-2-2(113)-3709/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3709/2024

26.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3709/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı sənədlərin təhvil verilməsi və auditin təşkil edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sənədlərin təqdim edilməsi və auditin keçirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı "sənədlərin təhvil verilməsi və auditin təşkil edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin X2 verilməsi və "xxxx" MMC-də audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 avqust 2018-ci il tarixində iddiaçı X4 və bacısı X5 tərəfindən "xxxx" MMC (VÖEN: **********) təsis edilmişdir. xx.xx.2022-ci il tarixdən qanuni təmsilçi olan Cavabdeh 2022-ci il və 2023-cü illər üzrə mənfəət barəsində təsisçiyə məlumat verməmiş, audit keçirilməsini təmin etməmişdir. Təsisçi bu günədək şirkətin fəaliyyətindən məlumatsızdır. Dəfələrlə qanuni təmsilçidən hesabat verməsini, bununla bağlı audit keçirməsini tələb etsək də, bir nəticə əldə edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4, 91.4, 91.5, 91-1.1, 91-3.1, 91-3.3, 91-3.4, 91-4.1-91-4.6-cı maddələrinə, Auditorlar haqqında Azərbaycan Respublikası Qanunun 8, 17-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, X6 Faiqi direktor təyin etməkdə niyyəti, birlikdə işləyib cəmiyyətin fəaliyyətindən gəlir əldə etmək olmuşdur, lakin bir müddət sonra tərəflər arasında münasibətlər pozulmuş, bir ildən sonra iddiaçı cavabdehən gəlirə dair məlumatları istədiyi zaman, Cavabdeh şirkətə onun rəhbərlik etdiyini, heç bir məlumat verilməyəcəyini bldirmişdir. Cəfərzadə Şamil Cəmiyyətin vergi öhdəliklərinin yaranması, həmçinin aparılan əməliyyatlarda bir sıra pozuntulara yol verilməsi ilə bağlı əsaslı şübhələri olduğundan, həmin sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək, ondan heç kim sənəd istəmədiyini,bu barədə ümumiyyətlə heç kimlə danışmadığını qeyd etmişdir. Onda olan sənədləri böyük məmnunuyyətlə verməyə hazırdır. MMC üç ildir fəaliyyət göstərmir. Fəaliyyət dövründə təsisçi və direktor Şamil olmuş və sənədlər də ondadır. O direktor müavini olmuşdur. Qeyd edir ki,artıq beş ildən çoxdur ki,bütün nazirliklər, komitələr kağız daşıyıcılarından deyil, elektron sistemdən istifadə edir. Belə ki, Şamil asan imzası ilə sistemə daxil olub, bütün məlumatları əldə edə bildiyi halda, onda asan imza olmadığı halda ondan istəməsi reallığı əks etdirmir. Təsisçi ,yəni Şamil onu işdən azad edib, istədiyi şəxsi direktor təyin edib, bütün əlavə məlumatları əldə edə biləcəyi halda ondan istəməsi absurd tələb olduğundan hesab edir ki, iddia əsassızdır və baxılmamalıdır. Təsisçi öz asan imzası ilə bütün məlumatları əldə edə bilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxlərin dövlət qeydiyyatı İdarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X3r. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, bu nizamnamə 03 avqust 2018-ci il tarixdə, ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 2-ci redaksiyasıdır. Cəmiyyətin təsisçi X4 qeyd olunmuşdur. X4 Cəmiyyətin təsisçisi olaraq 10 paya sahibdir. Həmin Nizamnamənin 4.3-cü bəndinin 8-ci abzasına əsasən cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydasının müəyyən edilməsi Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. "xxxx" MMC-nin 27 dekabr 2021-ci il tarixli 01/50 saylı təsisçi qərarından görünür ki, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə Cavabdeh xx.xx.2022ci il tarixdən təyin edilmiş, ştat cədvəlinə uyğun olaraq yeni əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh qərar verildiyi tarixdən əmək fəaliyyətinə başlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49.6-cı maddəsinə əsasən bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. 87.1-ci maddəsinə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.5-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. 91-4.1-ci maddəsinə əsasən iştirakçılarının sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır. 91-4.2-ci maddəsinə əsasən cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 91-4.3-cü maddəsinə əsasən cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər. 91-4.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin paylarının on faizindən artıq hissəsinə malik olan iştirakçıların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir. 91-4.5-ci maddəsinə əsasən cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər. 91-4.6-ci maddəsinə əsasən audit komitəsi direktorlar şurasına (müşahidə şurasına) tabedir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 "xxxx" MMC-nin təsisçisi olaraq MMC-nin 27 dekabr 2021-ci il tarixli 01/50 saylı təsisçi qərarına əsasən direktor təyin edilmiş Cavabdeh hüquqi şəxsin fəaliyyətinə dair maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində müraciət etmişdir. xx.xx.2018-ci il tarixli, **********490800 nömrəli reyestrdən çıxarışdan və "xxxx" MMC-nin nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında X4 25 paya sahibdir. Göründüyü kimi, hazırda X4 "xxxx" MMC-də 100 faiz payçıdır. Ona görə də, Mülki Məcəllənin 49.6-cı maddəsinə əsasən MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır. Belə ki, hazırda hüquqi şəxsin payçısı olan iddiaçı idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırıldığını, MMC-də hansı əməliyyatların aparılmasından, habelə mənfəətin olub-olmamasında məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Mülki Məcəllənin də, 49.6-cı maddəsinin tələblərindən də, göründüyü kimi, 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasını yetərli hesab etmişdir. Hazırda isə, nəyə görə hüquqi şəxs tərəfindən, onun fəaliyyəti ilə bağlı sənədlərin onun təsisçisinə təqdim etməməsi halı da, izah edilə bilən deyildir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərin, təsisçilərin tələbi ilə onlara təqdim edilməməsi, onların təsisçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə iddianın digər hissəsi, audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 91.4-cü maddəsininin tələbindən də, göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir və cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda, auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Hazırda da, göründüyü kimi, hüquqi şəxsin təsisçisi tərəfindən auditin keçirilməsini tələb etsə də, hüquqi şəxs tərəfindən tələbi təmin edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, maliyyə sənədləri auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyi "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin X2 verilməsi və "xxxx" MMC-də audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar