Məhkəmə qərarları › İş №e-2-2(113)-371/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-371/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-371/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 30253.33 manat – bundan 22955.38 manat əsas, 5094.35 manat faiz, 1147.71 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1055.89 manat faiz borcu və iş üzrə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat mediasiya xərcinin "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəs., 1 bina, 63 blok, 31 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan 2 otaqdan ibarət mənziliə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ləğv prosesində olan iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində X8 müqavilə imzalanmışdır. Bundan sonra, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən X4 “X11” ASC-dən mənzilin alınması üçün 119 ay müddətinə, illik 12 faiz dəmək şərtilə 36334.46 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. X3 aldığı Abşeron rayonu ərazisində Xırdalan qəs., 1 bina, 63 blok, 31 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan 2 otaqdan ibarət mənzil 16 saylı xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə kreditin təminatı kimi çıxış etmişdir. Həmçinin, X8 müqavilənin 2.12ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. AR DİN-in BPQM-nin MAPS şöbəsindən xx.xx.2022 tarixli arayışa əsasən, borclu X5 ölüm səbəbi ilə xx.xx.2020 tarixində qeydiyyatdan çıxarılmışdır. X1 hüquq varislərini müəyyən etmək ilə əlaqədar qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikası Şərur Rayonu üzrə Notariat Ofislərinə, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin vərəsələr tərəfindən alınıb-alınmamasına dair şifahi və yazılı müraciət edilmiş, Notariat Ofisindən vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aparılmadığı bildirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin əsasını tərəflər arasında imzalanmış 05 mart 2010-cu il tarixli “X8” Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) təşkil edir. Müqavilə əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi nıühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. İddiaçının əsaslandığı Müqavilənin zaminliklə bağlı müddəalarına nəzər yetirdikdə aydın olur ki, hansı əsas müqaviləyə dair zaminliyin yaranması, müqavilənin tərəfləri, tarixi və nömrəsi, həmçinin əsas öhdəliyinin həddi barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Müqavilədə cavabdehin qeyri-müəyyən sayda, həddə, tarixdə və gələcəkdə yaranacaq məlum olmayan şəxslərin əsas öhdəliklərinə zaminlik öhdəliyinin müəyyən edilməsi zaminliyin mühüm şərtlərinə əməl edilməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Mülki Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Konstitusiya Məhkəməsinən Plenumunun qeyd edilən mövqeyindən görünür ki, müqavilə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadına əsasən isə hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, hazırkı iş üzrə Məhkəmə tərəfindən Müqavilənin etibarsız hesab edilməsinin müəyyən edilməsi zəruridir. Daha sonra diqqətə çatdırılır ki, Məhkəmə tərəfindən Müqavilə etibarlı hesab edilsə belə Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət bitdiyindən cavabdehin zaminliyinə xitam verilməlidir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Müqavilənin 2.12-ci bəndinin sonuncu cümləsində qeyd edilir ki, cavabdehin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə iizrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər iddiaçıya ödənilənə qədər qüvvədədir. Göründüyü kimi, zaminliyin qüvvədə olma müddətinin bitməsi əsas öhdəlik üzrə borcun ödənilməsi anına kimi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, öhdəliyin icrası vaxtı çatdığı gündən bir il ərzində iddiaçı zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Əsas öhdəliyin müəyyən edildiyi iddiaçı ilə X5 arasında bağlanılmış 30 sentyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gün 30 avqust 2021-ci il tarixidir. İddiaçı isə Məhkəməyə yalnız 17 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə, Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyinə görə cavabdehin zaminliyinə xitam verilməlidir. Bildirilir ki, sözügedən müddət “kəsici” müddət olduğundan, müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən xüsusi ərizənin təqdim edilməsi tələb edilmir. Eyni zamanda, cavabdehin zaminlik öhdəliyinin yaranması ilə bağlı iddiaçı tərəfindən Məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Müqavilənin 2.12-ci bəndinə görə (17 dekabr 2015-ci il tarixli Müqaviləyə Əlavə 1-lə dəyişdirilmiş redaksiyada) kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, iddiaçı qeyd edilən pozuntu barədə dərhal cavabdehi məlumatlandırmalıdır. Cavabdeh məlumatlandırıldıqdan sonra 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə iddiaçı ödənilməmiş krediti və ona hesablanmış faizləri cavabdehin bankda olan hesabından, ona xəbərdar etməklə silir. Bu halda cavabdeh borcalanın iddiaçı qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Bənddən aydın olur ki, cavabdehin zaminlik öhdəliyinin yaranması üçün, ilk öncə, borcalan kredit müqaviləsi üzrə borcun ödənilməsi dövriliyinin ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozmalı, bu baş verdiyi halda iddiaçı pozuntu barədə dərhal cavabdehi məlumatlandırmalı, məlumatlandırmadan sonra 30 (otuz) iş günü ərzində cavabdeh ödənişləri bərpa etməli və ya iddiaçı cavabdehin hesabından müvafiq vəsaitləri cavabdehi xəbərdar etməklə silməlidir. Hadisələrin qeyd edilən ardıcılığı keçilmədikdə Müqavilə üzrə cavabdehin zaminlik öhdəliyi yaranmır. İddiaçı tərəfindən bu ardıcılığm keçilməsi barədə Məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, bocalan X5 2020ci ildə vəfat etmişdir. Cavabdehin ehtimal olunan zaminlik öhdəliyinin yaranması üçün həm müqaviləyə, həm də qanunvericiliyinə əsasən bocalan X3 yaşadığı dövrdə borcun ödənilməsi dövriliyinin ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozması halının müəyyən edilməsi müstəsna əhəmiyyətə malikdir. Qeyd edilən halın baş verməsini təsdiq edən hər hansı bir sübut isə iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlər iddiaçının cavabdehə qarşı tələblərinin əsassız olduğunu tam təsdiq edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ü.Səfərli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə borclu X5 xx.xx.2020 tarixində vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi məqsədilə tərəflərindən müvafiq sorğular verilmiş, Şərur rayonu üzrə Notariat Ofisindən vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aparılmadığı bildirilmişdir. Bundan əlavə, X3 adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, onun qalan mirasının olub olmaması, həmin mirasın faktiki qəbul edilib edilməməsi barədə məlumatları yoxdur. İpoteka müqaviləsinin predmeti olan əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, buna görə də müqavilə notarial qaydada təsdiq edilməmiş, sadə yazılı formada bağlanmışdır. X2 kredit müqaviləsi üzrə ödəmələr edilmiş, lakin həmin ödəmələr qrafik üzrə müəyyən edilmiş ödənişlərdən az olmuş, ölümündən sonra isə müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən tərəflərindən Məhkəməyə müraciət edilmiş, borcun zamindən tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh (satıcı) ilə X5 (alıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli 14344 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inça etdirdiyi 1 saylı binanın 63 blok, 31 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 62828 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 62828 manat - 120 ay müddətinə ödəməyi öhdəsinə götürür. İddiaçı (ipoteka verən) ilə X5 (ipoteka saxlayan) arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli 16 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasında 36334,46 manat məbləğində 119 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və eyniləşdirilməsi üçün yetərli olan təsviri: ünvan 1 blok 63, mənzil 31 (X5 və "xxxx" Şirkəti arasında bağlanmış 30 sentaybr 2011-ci il tarixli müqavilələr). Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 62828 manat məbləğində qiymətləndirilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 mart 2010-cu il tarixli X8 müqaviləyə əsasən tərəflər cavabdeh tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün cavabdehin inşa etdikləri mənzillərin satışının iddiaçı tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Müqaviləyə 01 saylı 17 dekabr 2015-ci il tarixli Əlavədən görünür ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırmalıdır. Şirkət məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə bank ödənilməmiş krediti və ona hesablanmış faizləri Şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə silir. İddiaçı tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli **********158 nömrəli maliyyə cədvəlindən görünür ki, iddiaçı ilə X5 arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli AK- 16 saylı kredit müqaviləsi üzrə 01 avqust 2022-ci il tarixinə yaranmış tələb əsas borc üzrə 22955,38 manat, faiz borcu 5094,35 manat, cərimə borcu 1147,71 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 1055,89 manat, ümumilikdə 30253,33 manat təşkil edir. İddiaçı ilə X5 arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli AK-16 nömrəli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq 36334,6 manat məbləğində 119 ay müddətinə kredit verir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 blok 63, mənzil 31 yaşayış sahəsinin alınmasına verilir. Müqavilənin 3-cü bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanmış girov müqaviləsinin və girov müqaviləsinə əsasən mənzil sertifikatının dövlət qeydiyyatına alındığı tarixdən, borcalana ayrılmış kreditin resursu 3 iş günü ərzində ipoteka krediti hesabına alınan yaşayış sahəsinin satıcısına ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə girov müqaviləsi bağlanır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubdan görünür ki, mərhum X3 adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Şərur rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38 nömrəli məktubdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Şərur rayon Mahmud kəndində qeydiyyatda olmuş və xx.xx.2020-ci il tarixdə ölmüş X3 barəsində vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı heç bir əməliyyat aparılmamışdır. Hüquqi dəyərləndirmə: Belə ki, iddia tələbləri iki hissədən ibarətdir:

1. Cavabdehdən kredit və zaminlik müqaviləsi üzrə cəmi 30253.33 manat – bundan 22955.38 manat əsas, 5094.35 manat faiz, 1147.71 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1055.89 manat faiz borcunun cavabdehdən tutulması;

2. Tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəs., 1 bina, 63 blok, 31 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan 2 otaqdan ibarət mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə X5 arasında 30 sentyabr 2011-ci il tarixli AK-16 nömrəli kredit müqaviləsi imzalanmış, borcalana iddiaçı tərəfindən ünvan 1 blok 63, mənzil 31 yaşayış sahəsinin alınması üçün 36334,6 manat məbləğində 119 ay müddətinə kredit verilmişdir. Cavabdehlə X5 arasında xx.xx.2011-ci il tarixli 14344 nömrəli müqavilə bağlanmış, cavabdeh (satıcı) Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın 63 blok, 31 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan mənzili alıcıya (K.Ağayevə) satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 05 mart 2010-cu il tarixli X8 müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər cavabdeh tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün cavabdehin inşa etdikləri mənzillərin satışının iddiaçı tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürmüşlər. Cavabdeh iddiaya dair yazılı izahatında həmin müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması, müqavilənin tərəfləri, tarixi və nömrəsi, həmçinin əsas öhdəliyinin həddi barədə hər hansı göstəriş müəyyən edilmədiyindən X8 müqavilənin zaminlik müqaviləsi kimi qiymətləndirilə bilmədiyini, habelə müqavilədə cavabdehin qeyrimüəyyən sayda, həddə, tarixdə və gələcəkdə yaranacaq məlum olmayan şəxslərin əsas öhdəliklərinə zaminlik öhdəliyinin müəyyən edilməsinin zaminliyin mühüm şərtlərinə əməl edilməməsi kimi qiymətləndirilməli olduğunu göstərmişdir. Məhkəmə cavabdehin həmin arqumenti ilə razılaşmır və bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Belə ki, tərəflər arasında bağlanmış X8 müqavilə - onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Müqavilədə zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Belə ki, həmin müqavilənin 2.5-ci maddəsinə əsasən kredit müqaviləsində mənzilin kreditləşdirilməsinin şərtləri müəyyən olunarkən bank krediti ən çoxu 20 il müddətinə qədər və kredit faizi illik 12 faizdən çox olmamaqla verilməsini nəzərə almalıdır. Materiallardan da göründüyü kimi, iddiaçı ilə X5 arasında 30 sentyabr 2011-ci il tarixli AK-16 nömrəli kredit müqaviləsi üzrə verilən kredit 119 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə verilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, zaminliklə əhatə edilmiş əsas öhdəliyə borclu K.Ağayevin ölümü ilə xitam verildiyindən iddia tələbi birinci hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Materiallardan görünür ki, əsas borclu K.Ağayev xx.xx.2020-ci il tarixdə ölmüş, onun ölümündən sonra mirasın qəbulu ilə bağlı ərizə verilməmiş, notariat ofisində bununla bağlı hər hansı əməliyyat aparılmamış (vərəsəlik işinin açılması, vərəsəlik şəhadətnaməsinin verilməsi və sairə), mirasın faktiki qəbul edilməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas öhdəliyə borclu K.Ağayevin ölümü ilə xitam verildiyindən əsas öhdəliklə bağlı olan aksessor öhdəliyə də (zaminlik) xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə ... zaminliyə xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarına əsasən “Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur... Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.... Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.... Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun zamin olan cavabdehdən tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin ikinci (tutmanın ipoteka predmetinə yönəldilməsi) hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Materiallarda olan iddiaçı (ipoteka verən) ilə X5 (ipoteka saxlayan) arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli 16 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bunun səbəbinin ipoteka predmeti olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olmaması ilə əlaqədar olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə K.Ağayev arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir (AR KM-nin xx.xx.2021-ci il tarixli Qərarı). Bu səbəbdən iddia tələbləri ikinci hissədə də əsassızdır və təmin edilməməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar