Məhkəmə qərarları › İş №e-2-2(113)-3710/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3710/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3710/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4818,55 icarə haqqı borcu və ona hesablanmış 527,60 cərimə borcu və 110 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 354 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, 35,0 m2 ölçüsündə olan “4413” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla hər ay 16 mart 2020-ci il tarixindən 125,00 (bir yüz iyirimi beş) manat (ƏDV daxil) və aprel 2020-ci il tarixindən 250,00 (iki yüz əlli) manat (ƏDV daxil) icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMCarasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 354 saylı icarə müqaviləsinə 25 oktyabr 2021-ci il tarixdə xitam verilmiş, bu barədə tərəflər arasında akt təsdiq edilmişdir. Lakin “İcarəçi” ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, 354 saylı müqavilə üzrə 4818,55 (dörd min səkkiz yüz on səkkiz manat əlli beş qəpik) icarə haqqı borcu və ona hesablanmış 527,60 (beş yüz iyirimi yeddi manat altımış qəpik) cərimə məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar tərəfimizdən cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də tərəfimizdən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən pandemiyanın geniş yayıldığı dövrdə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzi fəaliyyəti dayandırılsa da, Cavabdeh MMC-nin icarə götürdüyü qeyri-yaşayış sahəsini “anbar” kimi istifadə etdiyini davam etdiyinə görə tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 354 nömrəli İddiaçı ilə cavabdeh “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı icarə obyektini “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verməyi, “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti isə "xxxx" MMC-yə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, 35 m2 olan “4413” nömrəli qeyri-yaşayış sahəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən “X4" MMC icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda "xxxx" MMC-nin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. “X4" MMC bu müqavilənin şərtini hər pozduğu hal üçün "xxxx" MMC-yə onun tələbi ilə 100 manat cərimə ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini iradəsində asılı olmayan müharibə, mülki ixtişaşlar, epidemiya, mühasirə embarqo, zəlzələ, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə tərəflər məsuliyyətdən azad edilir. xx.xx.2021-ci il tarixli İddiaçı 444 nömrəli əmrindən görünür ki, Azerbaijan Ground Services" MMC ilə X4 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 354 nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Operativ Qərargahın müvafiq məlumatına əsasən 31 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixə kimi iri ticarət mərkəzlərinin fəaliyyəti dayanmışdır. 27 aprel 2020-ci il tarixli Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatına əsasən ticarət mərkəzləri və “Mall”ların nəzdində fəaliyyət göstərən qeyriyaşayış sahələrinin üzərinə qoyulan məhdudiyyət qüvvədə qalmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 2020-ci ilin iyul ayından etibarən ölkə ərazisində bütün ticarət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında görünür ki, 2021-ci il 31 may saat 06:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir. Obyektin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2020-ci il tarixli 354 nömrəli müqaviləyə əsasən 2020-ci ilin mart ayı üçün 125 manat, aprel-dekabr ayları üçün hər ay 250 manat, 2021-ci ilin yanvar-sentyabr ayları üçün hər ay 250 manat, 2021-ci ilin oktyabr ayı üçün 193,55 manat cəmi 4818,55 manat borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli MŞB/2-02635 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 110 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 700.1 və 700.2-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə iddia ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 354 nömrəli İddiaçı ilə cavabdeh “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı icarəyə götürülən qeyri-yaşayış sahəsi üzrə icarə haqqlarını xx.xx.2023-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (müqaviləyə birtərəfli qaydada xitam verilmişdir) hesablayaraq 4818,55 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edilmişdir. Həmçinin İddiaçı icarəyə götürülən qeyri-yaşayış sahəsinin “anbar” kimi fasiləsiz fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qeyri-yaşayış sahəsinin məhz “anbar” kimi istifadə edilməsi şərtləri xx.xx.2020-ci il tarixli, 354 nömrəli icarə müqaviləsində öz əksini tapmamış, “X4" MMC tərəfindən qeyri-yaşayış sahəsinin məhz “anbar” kimi fasiləsiz istifadəsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən isə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzi 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayının bir neçə günü istisna olmaqla) fəaliyyət göstərməmiş, icarə müqaviləsinin 6.1-ci bəndində “müqavilə üzrə öz öhdəliklərini iradəsində asılı olmayan epidemiya kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə tərəflər məsuliyyətdən azad edilmə”si qeyd edimişdir. Göründüyü kimi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzi 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayının bir neçə günü istisna olmaqla) Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən fəaliyyət göstərmədiyinə görə, həmin dövr üçün “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə haqqı hesablana bilməzdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi 2020-ci ilin mart ayı üçün 125 manat, həmçinin 2021-ci ilin iyun-oktyabr ayları üçün 1193,55 (250+250+250+250+193,55) manat cəmi 1318,55 manat icarə haqqı tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə 527,60 manat məbləğində cərimə tələbi ilə bağlı qeyd edir ki, sözügedən cərimə 4818,55 manat icarə haqqı borcu münasibətdə hesablanmış, halbuki məhkəmə tərəfindən tələb 1318,55 manat məbləğində təmin edilmiş, həmçinin cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 81,45 manat məbləğində müəyyən edilməli, həmçinin mediasiya xərci olan 110 manat məbləgində iddiaçının tələbi təmin edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X4" MMC-dən 1318,55 manat icarə haqqı və 81,45 manat cərimə, cəmi 1400 manat, həmçinin 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X4" MMC-dən 1318,55 manat icarə haqqı və 81,45 manat cərimə, cəmi 1400 manat, həmçinin 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar