Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3718/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən 28.191,22 manat məbləğində pulun və həmin məbləğin ödənilməsinin 2 il müddətinə gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 2.819,1 məbləğində pulun ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 184 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında 05 may 2021-ci il tarixində “AX 135/0521” №-li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında tələb olunan bütün növ təmir işlərini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilərək sifarişçiyə 105.231,22 manat dəyərində xidmət (iş, mal) göstərilmişdir. Həmin mallar sifarişçiyə müxtəlif tarixlərdə, yəni xx.xx.2021-ci il tarixində ayrı-ayrılıqda 21.098,4 manat, 30503 manat, xx.xx.2021-ci il tarixində 19.033,4 manat dəyərində, xx.xx.2021-ci il tarixində 16.844,5 manat dəyərində, xx.xx.2021-ci il tarixində 3.776 manat dəyərində, xx.xx.2022-cci il tarixində 1.038,4 manat dəyərində, xx.xx.2022-ci il tarixində 8.708,4 manat dəyərində, xx.xx.2022-ci il tarixində ayrı-ayrılıqda 3.964,8 manat və 264,32 manat dəyərində xidmət (iş, mal) göstərilmiş və həmin tarixlərdə malların təhvil alınması barədə sifarişçi tərəfindən müvafiq olaraq elektron-qaimələr imzalanmışdır. Cavabdeh iddiaçıya olan borcundan xx.xx.2021-ci il tarixində 47.200 manat məbləğində, xx.xx.2021-ci il tarixində 9.440 manat məbləğində, xx.xx.2022-ci il tarixində 17.700 manat məbləğində, xx.xx.2022-ci il tarixində 2.700 manat məbləğində, cəmi 77.040 manat məbləğində ödəniş etmiş, lakin borcun qalan hissəsini yəni 28.191,22 manat məbləğində borcunu bugünə kimi ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş hallarıondan ibarətdir ki, İddiaçı MMC (icraçı-podratçı) ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında 05 may 2021-ci il tarixində “AX 135/0521” №-li xidmət müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bındindən görünür ki, bü müqaviləyə əsasən icraçı, sifarişçiyə məxsus nəqliyyat vasitələrinin təmir xidmətlərini eləcə də, zəruri ehtiyyat hissələrlə təmin edilməsini həyata keçirir, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini icraçıya ödəyir.
12. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xidmət müqaviləsindən irəli gəlir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, icraçı İddiaçı MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə məxsus nəqliyyat vasitələrinin təmirini, sonuncu isəgöstərilmiş təmir xidmətlərinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
15. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə:
18. EBBC 385644 saylı xx.xx.2021-ci il tarixli 21.098,4 manat dəyərində işlərin görülməsi ilə bağlı;
19. EBBD 270987 saylı xx.xx.2021-ci il tarixli 30.503 manat dəyərində işlərin görülməsi ilə bağlı;
20. EBBG 409720 saylı xx.xx.2021-ci il tarixli 19.033,4 manat dəyərində işlərin görülməsi ilə bağlı;
21. EBBJ 653036 saylı xx.xx.2021-ci il tarixli 16.844,5 manat dəyərində işlərin görülməsi ilə bağlı;
22. EBBO 376326 saylı xx.xx.2021-ci il tarixli 3.776 manat dəyərində işlərin görülməsi ilə bağlı;
23. EBBP 365755 saylı xx.xx.2022-ci il tarixli 1.038,4 manat dəyərində işlərin görülməsi ilə bağlı;
24. EBBT 445526 saylı xx.xx.2022-ci il tarixli 8.708,4 manat dəyərində işlərin görülməsi ilə bağlı;
25. EBBW 339504 saylı xx.xx.2022-ci il tarixli 3.964,8 manat dəyərində işlərin görülməsi ilə bağlı;
26. EBBW 339689 saylı xx.xx.2021-ci il tarixli 264,32 manat dəyərində işlərin görülməsi ilə bağlı elektron qaimələr göndərilmişdir.
27. Sadə riyazi hesablama ilə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 105.231,22 manat təşkil edir.
28. İş materiallarına əlavə edilmiş “Rabitəbank”a aid İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBG 409720 saylı və EBBJ 653036 saylı elektron qaimələrə istinad olunmaqla ƏDV-siz 63.000 manat məbləğində pul ödənilmişdir.
29. Belə olan halda, yəni, iddiaçı tərəfindən göntərilmiş elektron qaimələrin bir hissəsi üzrə cavabdehin ödəniş etməsi halı sübuta yetirir ki, tərəflər arasında olan işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmiş və iddiaçı tərəfindən də, elektron qaimələrdə qeyd edilmiş 105.231,22 manat dəyərində işlər icra edilmiş və cavabdehin də, icra edilmiş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
30. İddiaçı tərəf də, cavabdehin ƏDV daxil cəmi 77.040 manat məbləğində pulun ödədiyini qeyd edərək, qalıq 28.191,22 manat pulun tutulmasını xahiş edir.
31. Belə ola halda, Məhkəmə hesa edir ki, görülmüş işlərin dəyəri olaraq 28.191,22 (105.231,22 -77.040) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2.819,1 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 10 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
34. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 38,61 (28.191,22 x5/100=1.409,56 (1 il üçün), 1.409,56/365=3,861(1 gün üçün), 3.861x10=38,61(16 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,69 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 05 may 2021-ci il tarixli müqavilə üzrə 28.191 (iyirmi səkkiz min yüz doxsan bir) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı MMC-yə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 38 (otuz səkkiz) manat, 61 (altmış bir) qəpik məbləğində pul “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 (yüz yetmiş dörd) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov