Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-372/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilk iddia və iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli, 4 nömrəli əlavə razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə yaranmış 247800 manat məbləğində borcun və iddia tələbi üzrə ödənilən 539 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC öz fəaliyyətini AR Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin Nizamnamə kapitalı Cəmiyyətin səhmdarları tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə 10000 manat həcmindədir və hər biri 100 manat olmaqla, 100 ədəd adi, adlı, sənədsiz səhmdən ibarətdir. Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Cəmiyyət AR qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. 16 iyun 2006-cı il tarixində cəmiyyət ilə "xxxx" MMC arasında 06 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə müvafiq olaraq “icarəyə verən”, yəni “Cəmiyyət” in Bakı ş., Suraxanı rayonu, Hövsan qəsəbəsi 89 ünvanında yerləşən AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 2006-cı il tarixində verilmiş 000130 nömrəli özəlləşdirilmiş müəssisə və obyektə yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyətində olan 15000 kv.m ibarət torpaq sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə icarəyə verilmiş ərazini qəbul etməyi və müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsi icarəyə verəndən icarəçinin istifadəsinə keçdikcə və icarəçi icarəyə verənə qaytardıqda tərəflər torpağın təsvir aktını tərtib edirlər. Akt müqavilənin ayrılmaz hissəsidir. İcarəyə verilmiş torpaq sahəsi taxıl terminalının tikintisi üçün nəzərdə tutulmaqla taxıl bitkilərinin qəbulu, saxlanılması və daşınması məqsədi daşıyır. Müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq icarə haqqı ayda hər 1 kv.m üçün ƏDV ilə birlikdə 0.36 manat təşkil edir. Hər ay 15000 kv.m üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 5400 manat təşkil edir. Ödəniş qaydaları icarəyə verənin təqdim etdiyi hesablaşma hesabına köçürmə yolu ilə aparılır. Ödəmənin müddəti hər ayın 10-dan gec olmayaraq, ayda bir dəfə icarə haqqı ilk 3 il üçün, yəni 16 iyun 2009-cu il tarixədək dəyişilməzdir. İcarəyə verilmiş 15000 kv.m olan torpaq sahəsi 49 il müddətinə imzalanır. 05 yanvar 2017-ci il tarixində tərəflər arasında anbar binasının icarəsi haqqında A/BTT-17 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən balansında olan sahəsi 1300 kv.m anbar binasından istifadə edilməsinə istifadəçiyə razılıq verir. İstifadəçi öz növbəsində anbarı istifadə etmək məqsədilə icarəyə verəndən təhvil alır və müqavilədə təyin olunmuş şərtlərə əsasən icarəyə verənə aylıq icarə haqqı ödəyir. Müqavilənin şərtlərinə görə 1300 kv.m sahəsi olan anbarın icarə haqqı 1000 manat təşkil edir. 01 sentyabr 2019-cu il tarixində tərəflər arasında anbar binasının icarəsi haqqında A/BTT-17 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən balansında olan sahəsi 1300 kv.m anbar binasından istifadə edilməsinə istifadəçiyə razılıq verir. İstifadəçi öz növbəsində anbarı istifadə etmək məqsədilə icarəyə verəndən təhvil alır və müqavilədə təyin olunmuş şərtlərə əsasən icarəyə verənə aylıq icarə haqqı ödəyir. Müqavilənin şərtlərinə görə 1300 kv.m sahəsi olan anbarın icarə haqqı 1000 manat təşkil edir.02 sentyabr 2019-cu il tarixində tərəflər arasında anbar binasının icarəsi haqqında 02/19 nömrəli yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən balansında olan sahəsi 1368 kv.m anbar binasından istifadə edilməsinə istifadəçiyə razılıq verir. İstifadəçi öz növbəsində anbarı istifadə etmək məqsədilə icarəyə verəndən təhvil alır və müqavilədə təyin olunmuş şərtlərə əsasən icarəyə verənə aylıq icarə haqqı ödəyir. Müqavilənin şərtlərinə görə 1368 kv.m sahəsi olan anbarın icarə haqqı 4104 manat təşkil edir.31 yanvar 2020-ci il tarixində tərəflər arasında anbar binasının icarəsi haqqında HP-013/2020 nömrəli yenidən nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən balansında olan sahəsi 1368 kv.m anbar binasından istifadə edilməsinə istifadəçiyə razılıq verir. İstifadəçi öz növbəsində anbarı istifadə etmək məqsədilə icarəyə verəndən təhvil alır və müqavilədə təyin olunmuş şərtlərə əsasən icarəyə verənə aylıq icarə haqqı ödəyir. Müqavilənin şərtlərinə görə 1368 kv.m sahənin 1 kv.m-nin qiyməti ƏDV-siz 3 manat olmaqla aylıq icarə haqqı 4104 manat, ƏDV ilə birlikdə 4842.72 manat təşkil edir. Göründüyü kimi iddia tələbində göstərilən müqavilələrə əsasən icarəçi "xxxx" MMC icarəyəverən cəmiyyətinə 247800 manat borclu olduğu müəyyən edilmişdir. İcarəyəverən tərəf kimi müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri öhdəlikləri tam şəkildə icra etməyinə baxmayaraq, icarəçi tərəf kimi müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, bu günədək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək iddiaçı qarşısında müqavilə öhdəliklərini pozmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 2021-ci ilin yanvar ayından 2021-ci il dekabr ayınadək( dekabr daxil olmaqla) 183797 manat və 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək 212400 manat məbləğində pulun, birlikdə 396197 manat borcun 16 iyun 2006-cı il tarixli, 06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə üzrə tutulması, iddia tələbi üzrə ödənilmiş 686 manat dövlət rüsumunun, göstərilən hüquqi yardımla əlaqədar ödənilən 220 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər 30 dekabr 2020-ci il tarixində razılığa gələrək, müqavilənin 3.1-ci bəndi və 3.2-ci bəndləri dəyişdirilmişdir. 3.1. İcarə məbləği ay ərzində icarəyə verilmiş torpaq sahəsinin hər kvadrat metri üçün 1 yanvar 2021-ci il tarixindən ƏDV-siz 1 manat, ƏDV ilə birlikdə 1.18 manat müəyyən edilmişdir. 3.2. Ümumi icarə məbləği ay ərzində icarəyə verilmiş 15000 kvadrat metr torpaq sahəsi üçün ƏDV-siz 15000, ƏDV ilə birlikdə 17700 manat müəyyən edilmişdir. Hazırki işdən də göründüyü kimi tərəflər arasında bağlanmış 16 iyun 2006-cı il tarixli 06 saylı torpaq icarə müqaviləsinə əsasən icarə haqqının azaldılması barədə 5 nömrəli 01 mart 2022-ci il tarixli razılaşma göndərilsə də, cavabdeh bugünədək münasibət bildirməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC qarşılıqlı iddia təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əlavə edilmiş 4 nömrəli, xx.xx.2020-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsi əsasında formalaşmışdır. Müqavilənin 3.2-ci maddəsinə əsasən hər ay 15000 kv.m. üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 5400 manat razılaşdırılmışdır. Müqaviləyə 3 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən, hər ay 15000 kv.m. üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 1557.28 manat müəyyən edilmişdir. Müqaviləyə 4 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən hər ay 15000 kv.m. üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 17700 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin nizamnaməsinin 9.1-ci maddəsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərliyi Cəmiyyətin idarə heyəti həyata keçirir. İdarə heyətinin tərkibinə sədr və onun müavini, həmçinin ümumi yığıncağın qərarı ilə digər şəxslər daxil ola bilər. Cəmiyyətin nizamnaməsinin 9.5-ci maddəsinə əsasən, idarə heyətində qərarların qəbulu zamanı sədr və sədr müavini bərabər hüquqlara malikdirlər. Cəmiyyətin pulunun və əmlakının xərclənməsi 2 imza altında həyata keçirilə bilər: idarə heyətinin sədrinin və onun müavininin imzaları. Cəmiyyətin nizamnaməsinin 9.5-ci maddəsinə əsasən, müqavilə Cəmiyyətin idarə heyətinin sədri və müavini tərəfindən imzalanmışdır. Lakin Müqaviləyə 4 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşma Cəmiyyətin idarə heyətinin sədrinin müavininin imzası olmadan, yalnız idarə heyətinin sədri tərəfindən imzalanmışdır. Bu sənədə əsasən, icarə haqqı birdən-birə 10 dəfədən çox artırılaraq Cəmiyyət üçün əlverişsiz şərait yaratmışdır Yuxanda qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, Müqaviləyə 4 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşma etibarsızdır və həmin sənədə üzrə müqavilə tərəfləri arasında hesablaşma aparıla bilməz. Bu halda, xx.xx.2020-ci il tarixindən etibarən Müqavilə üzrə hesablaşmalar Müqaviləyə 3 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən aparılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, əvvəli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 89, Şakir Ziyadov küçəsində mülkiyyətində olan 13.8598 ha torpaq sahəsində yerləşən 37639.3 kv.m ümumi, 20619.9 kv.m əsas, 17019.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 372 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bir tərəfdən bundan sonra icarəyə verən adlandırılacaq "xxxx" ASC, digər tərəfdən icarəçi adlandırılacaq "xxxx" MMC arasında bağlanmış 16 iyun 2006-cı il tarixli, 06 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəyə verən Bakı ş., Suraxanı rayonu, Hövsan qəsəbəsi 89 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 13 iyun 2006-cı il tarixdə verilmiş 000130 nömrəli Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyətində olan 15000 kv.metrdən ibarət torpaq sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə icarəyə verilmiş ərazini qəbul etməyi və müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Torpaq sahəsi icarəyə verəndən icarəçinin istifadəsinə keçdikdə və icarəçidən icarəyə verənə qaytarıldıqda tərəflər torpağın təsvir aktını tərtib edirlər. Akt müqavilənin ayrılmaz hissəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı ayda hər bir kv.m üçün ƏDV ilə birlikdə 0.36 manat təşkil edir. 3.2. Hər ay 15000 kv.m üçün ümumi icarə haqqı ƏDV daxil olmaqla 5400 AZN təşkil edir. 3.5.2-ci bəndə əsasən 3 il müddəti keçdikdən sonra tərəflər AR Milli Bankı tərəfindən müəyyən olunmuş infilyasiya faizi nəzərə alınmaqla icarə haqqını dəyişdirə bilərlər. 4.1-ci bəndə əsasən icarəyə verilmiş 15000 kv.m olan torpaq sahəsi 49 il müddətinə imzalanır. 4.1.1-ci bəndə əsasən icarənin əvvəli 16 iyun 2006-cı ildən hesablanır. 4.1.2-ci bəndə əsasən icarənin qurtardığı tarix 16 iyun 2055-ci ildir. - "xxxx" ASC ilə "xxxx" MMC arasında 16 iyun 2006-cı il tarixində bağlanmış 06 saylı müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavə razılaşmaya əsasən tərəflər icarəyə verən və icarəçinin rekvizitlərinin dəyişdirilməsi barədə razılığa gəlmişlər. - xx.xx.2006-cı il tarixli, 06 nömrəli müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli, 02 nömrəli Əlavə razılaşmaya əsasən icarəyə verən icarəçiyə verilmiş sahədə qarşılıqlı razılaşma əsasında təmirbərpa işlərini və digər liman xidmətlərini göstərə bilər və icarəçi icarəyə verənə həmin xidmətlərin dəyərini ödəyir. - Müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 3 nömrəli Əlavə Razılaşmaya əsasən tərəflər razılığa gəlirlər ki, icarə məbləği ay ərzində icarəyə verilmiş torpaq sahəsinin hər kvadrat metri üçün ƏDV ilə birlikdə 0.10 manat müəyyən edilsin. Ümumi icarə məbləği ay ərzində icarəyə verilmiş 15000 kvadrat metr torpaq sahəsi üçün ƏDV ilə birlikdə 1557.28 manat müəyyən edilsin. - xx.xx.2006-cı il tarixli müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli Əlavə razılaşmaya əsasən tərəflər razılığa gəlirlər ki, icarə məbləği ay ərzində icarəyə verilmiş torpaq sahəsinin hər kv.m üçün 1 yanvar 2021-ci il tarixdən ƏDV-siz 1 manat, ƏDV ilə birlikdə 1.18 manat müəyyən edilsin.Ümumi icarə məbləği ay ərzində icarəyə verilmiş 15000 kv.m torpaq sahəsi üçün ƏDV-siz 15000 manat, ƏDV ilə birlikdə 17700 manat müəyyən edilsin. - EBBF seriyalı 830280 xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 2700 manat məbləğində ƏDV olmaqla ümumilikdə 17700 manat dəyərində elektron qaimə təqdim edilmişdir. - xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan məlum olur ki, "xxxx" MMC tərəfindən torpaq və anbar icarəsi müqaviləsinə əsasən ümumilikdə 19104 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə EBBF seriyalı 594229 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 112996.80 manat dəyərində, EBBH seriyalı 458533 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən ƏDV daxil 17700 manat dəyərində, xx.xx.2021-ci il EBBL seriyalı 717314 nömrəli elektron qaiməyə əsasən ƏDV daxil 17700 manat dəyərində, xx.xx.2021ci il EBBN seriyalı 434205 nömrəli qaiməyə əsasən 17700 manat dəyərində elektron qaimələr göndərilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" MMC-yəhər biri ƏDV daxil 17700 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBP seriyalı 196038 nömrəli və xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 196565 nömrəli elektron qaimələr və hər biri ƏDV 1998 manat olmaqla, ümumilikdə 13098 manat məbləğində dəyərində xx.xx.2022-ci il tarixli EBBV seriyalı 956537 nömrəli, xx.xx.2022-ci il tarixli EBBX seriyalı 597480 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 411083 nömrəli, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 498283 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 981493 nömrəli, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 537907 nömrəli, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 372135 nömrəli, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 288974 nömrəli elektron qaimə göndərilmişdir. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinə hüquqi münasibət bildirir və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2006-cı il tarixli, 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 89 ünvanında yerləşən 15000 kv.m torpaq sahəsi cavabdehə icarəyə verilmiş, icarə haqqı ƏDV daxil olmaqla 5400 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 3 nömrəli Əlavə Razılaşmaya əsasən ümumi icarə haqqının məbləği 1557.28 manat, xx.xx.2020-ci il tarixli 4 nömrəli Əlavə razılaşmaya əsasən isə 2700 manat ƏDV olmaqla 17700 manat məbləğində müəyyən edilmişdir. İlkin olaraq məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarlılıq məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir: Belə ki, məhkəməyə təqdim edilmiş torpaq icarə müqaviləsinin əslindən məlum olur ki, müqavilə notarial qaydada təsdiq edilməmişdir. “Torpaq icarəsi” haqqında AR Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 10-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. AR Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. MM-nin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. MM-nin 144.1-ci maddəsinə əasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qanunvericiliyin tələblərindən məlum olur ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilələr notarial qaydada təsdiq edilməlidir. İş materiallarında olan çıxarışdan görünür ki, icarəyə verilmiş torpaq sahəsi "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Bu isə onu deməyə əsas verir ki, icarə müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq notarial qaydada təsdiqlənməli idi. Lakin nəzərə alaraq ki, tərəflər arasında torpağın icarəyə verilməsi ilə bağlı münasibətlər artıq uzun müddətdir ki, mövcuddur və cavabdeh tərəfindən torpaq sahəsindən istifadə edilməklə müvafiq illər üzrə icarə haqqı ödənişi həyata keçirilmişdir, qanunvericilik belə olan halda icarə haqqı ödənilməsini istisna etmir. Belə ki, AR Mülki Məcəllənin 722.4-cü maddəsinə əsasən əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Göründüyü kimi qanunvericilik icarəyə götürülmüş torpaq sahəsinin icarəyə verənə qaytarılmamasını və icarə münasibətlərinin davam etdirilməsini rəhbər tutaraq iddiaçıya icarə haqqını kompensasiya kimi tələb etmək hüququ verir. Beləliklə də, icarə müqaviləsinin forma tələblərinə zidd olaraq etibarsız olması, icarəçini, yəni cavabdehi icarə haqqı kompensasiya kimi ödənilməsi ilə bağlı öhdəlikdən azad etmir. İddia tələbindən məlum olur ki, iddiaçı yalnız 2021 və 2022-ci illər üzrə icarə haqqı ödənişinin həyata keçirilməsini tələb edir. Belə ki, digər illər üzrə cavabdeh tərəfindən müvafiq ödənişlərin aparılmasını heç bir tərəf mübahisələndirmir.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi müqaviləyə əlavə edilmiş 4 nömrəli razılaşmanı ümumiyyətlə qəbul etmədiklərini, razılaşmanın etibarsız olduğunu (qarşılıqlı iddiaya qiymət verilən zaman bu məsələyə toxunulacaqdır) bu səbəbdən də ödənişin həyata keçirilmədiyini bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə sahə icarəsi üzrə 2700 manat məbləğində ƏDV olmaqla ümumilikdə 17700 manat dəyərində elektron qaimə təqdim edilmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə həm torpaq icarəsi, həm də anbar icarəsi üzrə ümumilikdə 37561.55 manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh 2021 və 2022-ci illər üçün torpaq icarəsi (4 nömrəli Əlavəyə əsasən) müqaviləsi üzrə ümumiyyətlə ödəniş edilmədiyini qeyd etsə də, işdə olan sənədlərdən onun 2021-ci ilin avqust ayı üzrə icarə haqqını ödəməsi faktı təsdiqlənir. Beləliklə də məhkəmə qeyd edir ki, 2021-ci il üzrə cavabdeh tərəfindən yalnız 1 ayın icarə haqqı ödənilmiş, qalan 11 ay üzrə heç bir ödəniş aparılmamışdır. İddiaçı iddia tələbində həmin ödənişi nəzərə almadan 2021-ci ilin yanvar ayından dekabr ayınadək (dekabr ayı da daxil olmaqla) ümumilikdə 183797 manat məbləğində icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə ödənilmiş məbləği nəzərə alaraq hesab edir ki, cavabdehdən 2021-ci il üzrə 183797- 17700= 166097 manat məbləğində icarə haqqı tutulmalıdır. 2022-ci il üzrə tələb edilən icarə haqqına münasibətdə isə məhkəmə bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan tərəflər arasında xx.xx.2022-ci il tarixdə 5 nömrəli Əlavə razılaşmanın tərtib edilməsi və həmin razılaşmaya əsasən icarəyə verilən torpağın sahəsinin 11100 kv.m, torpaq sahəsi üçün icarə haqqı məbləğinin isə ƏDV daxil 11100 manat məbləğində müəyyən olunduğu məlum olur. Həmin tarixdən etibarən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə göndərilmiş elektron qaimələrdə icarə haqqı məbləğinin ƏDV daxil 13098 manat olması əks olunmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 2022-ci il üçün yanvar və fevral ayları üzrə icarə haqqının ƏDV daxil 17700 manat, mart-dekabr ayları üçün isə ƏDV daxil 13098 manat olmasını nəzərə alaraq cavabdehdən həmin il üzrə ümumilikdə 166380 manat məbləğində icarə haqqı tutulmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakı halları qeyd edir: Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinin əsasını məhz xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə edilmiş 4 nömrəli, xx.xx.2020-ci il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi təşkil edir. Belə ki, cavabdehin mövqeyi ondan ibarətdir ki, cəmiyyətin nizamnaməsinin 9.5-ci bəndinə əsasən cəmiyyətin pulunun və əmlakının xərclənməsi 2 imza altında həyata keçirilə bilər: idarə heyətinin sədrinin və onun müavinin imzaları. Lakin 4 nömrəli Əlavə razılaşma yalnız İdarə heyətinin sədri tərəfindən imzalanmışdır. Məhkəmə icarə müqaviləsinə edilmiş 4 nömrəli Əlavə razılaşmanın etibarsız olması faktı ilə razılaşır, lakin bildirir ki, Əlavənin etibarsız olmasının əsası fərqlidir. Belə ki, ilkin iddia tələbinə hüquqi qiymət verilərkən xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyi, lakin buna baxmayaraq qeyd edilən halın icarə haqqının kompensasiya kimi tələb edilməsini istisna etmədiyi qeyd edilmişdir Müqavilə üçün sadalanan hallar Əlavə razılaşma üçün də əsasdır. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi qanunvericilik müqavilənin dəyişdirilməsi barədə razılaşmanın müqavilə ilə eyni formada olmasını nəzərdə tutur. İşin hallarından isə məlum olur ki, nə icarə müqaviləsi, nə də Əlavə razılaşma notarial qaydada təsdiq edilməmişdir. Lakin "xxxx" MMC tərəfindən müqaviləyə dəyişiklik edildiyi tarixdən sonra xx.xx.2021-ci il tarixdə ödəniş edilməsi AR Mülki Məcəllənin 722.4-cü maddəsinin tələblərinə müvafiq olaraq onu icarə haqqını kompensasiya kimi ödəməsi öhdəliyindən azad etmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş 4 nömrəli razılaşma etibarsız hesab edilməli, lakin onun etibarsız hesab edilməsi "xxxx" MMC-nin icarə haqqının kompensasiya kimi ödənilməsi ilə bağlı öhdəliyini istisna etməməlidir. Qeyd edilənlərdən əlavə ilkin iddia tələbi üzrə iddiaçı 686 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsinə görə 220 manat məbləğində pulun da "xxxx" MMCdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı 220 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr (dekabr daxil olmaqla) ayınadək 166097 (yüz altmış altı min doxsan yeddi) manat və 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək (dekabr daxil olmaqla) 166380 (yüz altmış altı min üç yüz səksən) manat, 686 (altı yüz səksən altı) manat məbləğində dövlət rüsumunun və göstərilmiş hüquqi yardımın əvəzi olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə 4 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə razılaşma etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-372/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-372/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver