Məhkəmə qərarları › İş №e-2-2(113)-3720/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3720/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3720/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: uzunmüddətli kredit və təminat müqaviləsi, zaminlik, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48212,56 manat əsas borc, 4066,25 manat faiz borcu və 1321,02 manat cərimə olmaqla ümumilikdə 53599,83 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500 000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. 2.2. Lakin Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin tələblərini pоzaraq ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit bоrcundan 1787,44 manat ödəmiş, onun 48212,56 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, onun xx.xx.2023-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 4066,25 manat, kredit bоrcunu və faiz borcunu iddiaçıya qaytarmadığı üçün cərimə borcu isə 1321,02 manat təşkil edir. 2.3. Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alanın həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmçinin Cavabdeh2 müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Belə olan halda qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472.2-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, xx.xx.2022-ci il tarixli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cəmi iki dəfə ödəniş edilmişdir.

6. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak edərək borcla razı olduğunu bildirdi. Cavabdeh2 isə qeyd etdi ki, iddiaçının Xırdalan filialına yaxınlaşaraq, həmçinin mediatorla əlaqə saxlayaraq razılıq əldə etməyə çalışsalar da, iddiaçı bundan imtina etmişdir. Belə ki, mövcud maddi çətinliklərlə bağlı kredit razılaşması üzrə öhdəliklərin restrukturizasiyasını təklif ediblər, lakin iddiaçı razı olmayıb.

7. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehlər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə iddiaçı və cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) və Cavabdeh2 (zamin qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci hissəsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır (2.1). Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi; uzunmüddətli kredit xəttinin məbləği – 500 000 manat; kreditin maksimum müddəti 120 ay; kreditin son müddəti – kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 26 avqust 2032-ci il; FİFD-in yuxarı həddi – 30 faiz; aylıq ödənişin yuxarı həddi – 50000 manat (2.2). Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtlər hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir (2.3). Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

14. Adıçəkilən uzunmüddətli kredit və təminat müqaviləsinin 11-ci hissəsinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır (11.1). Kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur.

15. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 50000.00 (əlli min manat) manat olan krediti illik faiz dərəcəsi 19 (on doqquz) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 05 oktyabr 2022-ci il, son ödəniş tarixi isə 05 sentyabr 2025-ci il olmaqla 50000 manat kredit məbləği və 16579,66 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

17. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 48212,56 manat, faiz borcu 4066,25 manatdır.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasına Cavabdeh2 həmin müqaviləyə imza etməklə zaminə durmuşdur. Cavabdeh1 kredit məbləğini təşkil edən 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

19. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 48212,56 manat əsas, 4066,25 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

20. Cavabdehlər borc məbləği ilə razı olduqlarını, lakin maddi çətinliklərlə bağlı ödənişləri həyata keçirə bilmədiklərini qeyd edirlər.

21. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

22. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

26. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq əsas borc məbləğini (bütünlükdə) ilk dəfə mediasiya prosesində geri tələb etmişdir və mediasiya barədə təklifin tarixi xx.xx.2023-cü il tarixi olmuşdur.

27. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

28. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

29. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

30. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının 2023-cü ilin may ayında mediasiya təklifi yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən (razılaşmadan) imtinaya yönəlmişdir və təklifin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 017R********** saylı razılaşmaya xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək gecikdirilmiş faiz borcunu və kreditin əsas məbəğini tam şəkildə tələb edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2023-cü il tarixə olan faiz borcunu tələb edir.

31. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Məhkəməyə təqdim edilən xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərini əhatə edən Cavabdeh1 məxsus AZ05ACAB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş 1850 manat ödənişdən 794,44 manat əsas, 1055,56 manat faiz, xx.xx.2022-ci il tarixdə edilmiş 1910 manat ödənişdən 993 manat əsas, 857 manat və 0,95 manat (xx.xx.2022-ci il tarixdə) faiz borcuna olmaqla ümumilikdə 1787,44 manat əsas, 1913,51 manat faiz borcuna silinmişdir.

33. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, 2022-ci ilin oktyabr və noyabr aylarında edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.

34. Ödəniş qrafikinin məlumatları əsasında isə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə ödənilməyən faiz borcu 4066,25 manat ((((1055,56 manat +857 manat +712,47 manat +770,2 manat +801,08 manat +664,21 manat +669,78 manat +449,46 manat ((674,19 manat: 30 gün)x20 gün))=5979,76 manat; 5979,76 manat-1913,51 manat (ödənilən faiz borcu)) təşkil edir.

35. Belə olan halda xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşması üzrə əsas borc məbləği 48212,56 (50000 – 1787,44) manat, faiz məbləği isə 4066,25 manat təşkil edir.

36. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

38. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma uzunmüddətli kredit və təminat müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də Cavabdeh2 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

41. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48212,56 manat əsas borc və 4066,25 faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

42. İddia ərizəsində iddiaçı 1321,02 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

43. xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

47. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir və iddiaçının tələb etdiyi tarixə ödənilməsi gecikdirilən əsas kredit məbləği 6416,13 manat olmuşdur. Eləcə də xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşması üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

48. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 88 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

49. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-01013 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənmişdir.

51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

53. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

54. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 391 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində imzalanmış 26 avqust 2022-ci il tarixli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48212 (qırx səkkiz min iki yüz on iki) manat 56 (əlli altı) qəpik əsas borc, 4066 (dörd min altmış altı) manat 25 (iyirmi beş) qəpik faiz borcu, 88 (səksən səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 52 366 (əlli iki min üç yüz altmış altı) manat 81 (səksən bir) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 391 (üç yüz doxsan bir) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar