Məhkəmə qərarları › İş №e-2-2(113)-3730/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3730/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3730/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11583,33 manat məbləğində icarə haqqının, Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7,75% uyğun olaraq) 897,71 manat faiz borcunun, ödənilmiş 200 manat mediasiya xərcinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 127,44 manat dövlət rüsumunun, xidmət haqqı və dövlət rüsumlarının ödənilməsi ilə bağlı 1,40 manat bank komissiya xərcinin, toplam 12809,88 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 iyul 2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən İddiaçı mağazasında telefon aksessuarları və ətirlərin satışının təşkili üçün 2 kv.m. ərazinin aylıq 250 manat icarə haqqı qarşılığında Cavabdeh istifadəsinə verilməsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında subicarə müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə icarə müddəti və icarə haqqının ödənilməsi tarixi 01 avqust 2020-ci il tarixindən hesablanır. İcarə haqqından əlavə, müqavilənin imzalandığı gündə 750 manat məbləğində depozit ödənişi cavabdeh tərəfindən ödənilməli idi. Daha sonra 24 iyul 2020-ci il tarixli müqavilə üzrə icarə məbləği tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilərək, 01 fevral 2021-ci il tarixindən etibarən 150 manat məbləğində müəyyən edilmişdir. 03 sentyabr 2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən İddiaçı mağazasında telefon aksessuarları və ətirlərin satışının təşkili üçün 33 kv.m. ərazinin aylıq 500 manat icarə haqqı qarşılığında Cavabdeh istifadəsinə verilməsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında subicarə müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə icarə müddəti və icarə haqqının ödənilməsi tarixi 10 sentyabr 2020-ci il tarixindən hesablanır. İcarə haqqından əlavə, müqavilənin imzalandığı gündə 1000 manat məbləğində depozit ödənişi cavabdeh tərəfindən ödənilməli idi. Cavabdeh müqavilələr bağlanıldığı tarixdən etibarən bir müddət (xx.xx.2020-ci il tarixli müqavilə üzrə iki ay, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sadəcə bir aylıq icarə haqqı ödənilib) öhdəliklərini lazımi qaydada icra etsə də, qısa müddət sonra öhdəliklərini icra etməmiş, nəticədə İddiaçı MMC-yə icarə haqqı üzrə 2022-ci ilin may ayına qədərki dövrdə ümumilikdə 11583,33 manat məbləğində borcu yaranmışdır. Belə ki, 24 iyul 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan icarə dövrü ərzində icarə haqqı üzrə cəmi borc məbləği 2250 manat təşkil edir. 03 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 10 sentyabr 2020-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək olan icarə dövrü ərzində icarə haqqı üzrə cəmi borc məbləği 9333,33 manat təşkil edir. Bundan əlavə, cavabdeh 24 iyul 2020-ci il tarixində bağlanılmış subicarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq ünvan 3 ünvanında yerləşən İddiaçı mağazasında istifadəsində olan subicarə obyektini Bazarstore MMC-nin əməkdaşlarına məlumat vermədən, və tərəflər arasında bağlanılmış müqaviləyə və qanunauyğun şəkildə xitam vermədən 2022-ci ilin yanvar ayından, həmçinin ünvan 4 ünvanında yerləşən İddiaçı mağazasında istifadəsində olan subicarə obyektini İddiaçı MMC-nin əməkdaşlarına məlumat vermədən və tərəflər arasında bağlanılmış müqaviləyə və qanunauyğun şəkildə xitam vermədən 2022-ci ilin mart ayından etibarən tərk etmiş, lakin subicarə obyektlərində yerləşdirdiyi avadanlıqları, materialları obyektdən çıxarmamışdır. Cavabdehin MMC-yə olan borc məbləğinin ödənilməsi və müqavilələr üzrə icarə obyektlərində mülkiyyətində olan əmlaklarının təhvil-təslim aktı əsasında 7 təqvim günü müddətində avadanlıqların yerləşdiyi İddiaçı MMC-nin Əhmədli və Nəsimi mağazasına yaxınlaşaraq təhvil alması ilə bağlı rəsmi qaydada məktub ünvanlasaq da, məktubumuza məhəl qoyulmamış və müvafiq mağazalarda quraşdırdığı avadanlıqlar aprel ayının sonunadək həmin mağazalarda qalmışdır. O cümlədən cavabdehlə dəfələrlə telefonla şifahi danışıqlar aparmağımıza baxmayaraq, cavabdeh öhdəliklərini icra etməkdən müxtəlifbəhanələrlə boyun qaçırmışdır. Mağazalarda qalan stendlərin və avadanlıqların mağazada qalması digər şəxslərlə müqavilə bağlayaraq onların istifadəsinə verilməklə əlavə gəlir qazanmağımıza mane olmaqla yanaşı, ərazinin istifadəsiz qalmasına səbəb olur. Hal-hazırda cavabdehə məxsus stendlərin və avadanlıqların sökülüb müvafiq mağazalardan çıxarılaraq İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Əliyar Əliyev 108 ünvanında yerləşən anbar sahəsinə akt əsasında yerləşdirilməsi istiqamətində işlər aparılmaqdadır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, pandemiya dövrü umumiyyətlə fəaliyyət göstərmədiyini, yalnız 8 ay üzrə subicarə müqaviləsi üzrə borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli subicarə müqaviləsinə əsasən subicarəyə verən – iddiaçı ünvan 2 ünvanında yerləşən İddiaçı mağazasında telefon aksessuarları və ətirlərin satışının təşkili üçün 33 kv.m. ərazini subicarəçi – cavabdehin müvəqqəti istifadəsinə verir, subicarəçi isə müqavilədə göstərilən şərtlərlə həmin qeyri-yaşayış sahəsini icarəyə götürüb əvəzinə müəyyənləşdirilmiş icarə haqqını və digər ödənişləri ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə icarə müddəti və icarə haqqının ödənilməsi tarixi 10 sentyabr 2020-ci il tarixindən hesablanır. Subicarəçi tərəfindən 1000 manat məbləğində depozit, hər ay 500 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2020-ci il tarixli subicarə müqaviləsinə əsasən subicarəyə verən – iddiaçı ünvan 1 ünvanında yerləşən İddiaçı mağazasında telefon aksessuarları və ətirlərin satışının təşkili üçün 2 kv.m. ərazini subicarəçi – cavabdehin müvəqqəti istifadəsinə verir, subicarəçi isə müqavilədə göstərilən şərtlərlə həmin qeyri-yaşayış sahəsini icarəyə götürüb əvəzinə müəyyənləşdirilmiş icarə haqqını və digər ödənişləri ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə icarə müddəti və icarə haqqının ödənilməsi tarixi 01 avqust 2020-ci il tarixindən hesablanır. Subicarəçi tərəfindən 750 manat məbləğində depozit, hər ay 250 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 873161 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 249,99 manat, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 970169 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 249,99 manat, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 987035 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 249,99 manat, xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 325286 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 249,99 manat, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 600017 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 249,99 manat, xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 843783 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 832,99 manat, xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 843778 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 500 manat, xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 843771 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 500 manat, xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 662611 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 150 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 507635 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 749,99 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 507638 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 150 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 507641 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 150 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 507642 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 150 manat, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 547776 saylı elektron qaiməyə əsasən sahənin icarəsi ilə bağlı 500 manat... Cavabdeh sahənin icarəsi üzrə "xxxx" MMC-yə borcu yaranmışdır. İnternet Bankçılığı E-qəbzdən görünür ki, Cavabdeh tərəfindən 847,46 manat, 635,66 manat və 211,86 manat, ümumilikdə 1694,98 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir:

1. icarə haqqının ödənilməsi;

2. Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7,75% uyğun olaraq) 897,71 manat faiz borcunun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh hesablanmış icarə haqqının məbləği ilə razı olmadığı təqdirdə iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2020-ci il və 24 iyul 2020-ci il tarixli subicarə müqavilələri üzrə müvafiq olaraq, 1000 manat məbləğində depozit, hər ay 500 manat icarə haqqı və 750 manat məbləğində depozit, hər ay 250 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin ümumilikdə 1694,98 manat məbləğində ödənişinin həyata keçirilməsi nəzərə alınaraq, onun 03 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 10 sentyabr 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək 9333,33 manat, 24 iyul 2020-ci il tarixli müqavilə üzrə 01 avqust 2020-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək 2250 manat borcu yaranmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin, cavabdeh tərəfindən borcun qismən etiraf edilməsi ilə, habelə, cavabdeh tərəfindən əvvəlki ödənişlərin məhz elektron vergi-hesab fakturalar əsasında aparılması ilə təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia 11583,33 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 12481,04 manat təşkil etdiyindən 127,44 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin, buna baxmayaraq, iddiaçı tərəfindən həm ilkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat məbləğində pul vəsaiti, həm də dövlət rüsumu qismində dövlət büdcəsinə 127,44 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.1-ci madəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 127,44 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 186 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 11583,33 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 186 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi artıq ödənilmiş vəsaitin əvəzi qismində 127,44 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar