Məhkəmə qərarları › İş №e-2-2(113)-374/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-374/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-374/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xxxnun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194773,34 manat (bir yüz doxsan dörd min yeddi yüz yetmiş üç manat otuz dörd qəpik) əsas, 47920,66 manat (qırx yeddi min doqquz yüz iyirmi manat altmış altı qəpik) faiz borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 25670,45 manat (iyirmi beş min altı yüz yetmiş manat qırx beş qəpik) faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc və 159 (bir yüz əlli doqquz) manat dövlət rusumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********266 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 268364,45 manat (iki yüz altmış səkkiz min üç yüz altmış dörd manat qırx beş qəpik) təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2013-cü il tarixli, 105 saylı kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2022-ci il tarixli, **********3269 saylı maliyyə arayışında qeyd edilir ki, Cavabdeh 06 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 12 sentyabr 2022-ci il tarixə əsas borcu 194773,34 manat (bir yüz doxsan dörd min yeddi yüz yetmiş üç manat otuz dörd qəpik), müqavilə müddəti üçün hesablanmış faiz borcu 47920,66 manat (qırx yeddi min doqquz yüz iyirmi manat altmış altı qəpik), gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləğ 25670,45 manat (iyirmi beş min altı yüz yetmiş manat qırx beş qəpik) olmaqla, cəmi 268364,45 manat (iki yüz altmış səkkiz min üç yüz altmış dörd manat qırx beş qəpik) borcu mövcuddur. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə **********3266 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək, kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 268364,45 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xxx cavabdehdən 06 avqust 2013-cü il tarixli, 105 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsinı tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə inormasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, 06 avqust 2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin müddətinin son icra tarixi – xx.xx.2018-ci il tarixədək müəyyən olunmuş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur (müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə edilmişdir). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar