Məhkəmə qərarları › İş №e-2-2(113)-374/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-374/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-374/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X5” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMCdən və Cavabdeh2 müştərək (birgə) qaydada əsas məbləğ borcun 50.543,63 manat, əsas məbləğə hesablanmış faiz borcu 4.512,02 manat, hər gеcikdirilmiş günə görə cərimə borcu 3.122,58 manat, cəmi borc: 58.178,23 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində xərcin "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyun 2022-ci ildə «X5 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında 200730R nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı 90.000 manat məbləğində pul ayrılmışdır və о, 18 ay müddətində kreditin əsas məbləği və оna illik 13 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı bоrcalanın 10 iyun 2022-ci il tarixli, 200730R nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh2 ile 10 iyun 2022-ci il tarixli 1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-ə оlan bоrclarını ödəməmişlər. Borcalanın "xxxx" QSC-ya 200730R nömrəli 10 iyun 2022-ci il tarixli Kredit müqaviləsi üzrə оlan ümumi kredit bоrcu: Krеditlər üzrə əsas məbləğ borcu – 50.543.63 manat; əsas məbləğə hesablanmış faiz borcu – 4.512.02 manat; hər gеcikdirilmiş günə görə cərimə borcu – 3.122.58 manat; cəmi borc: 58.178,23 manat təşkil edir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada əsas məbləğ borcu 50.543,63 manat, əsas məbləğə hesablanmış faiz borcu 5314,90 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 4780,13 manat, cəmi borc 60.638,66 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 410 manat məbləğində xərcin "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 200730R saylı kredit müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bənmdinə əsasən kreditin məlbəği 90000 manat təşkil edir.

11. Müqavilənin 1.8-ci bəndinə əsasən kredit üzrı faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 14.48% təşkil edir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və ya şərltərini pozduqda. Gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir.

13. xx.xx.2022-ci il tarixli, 1 saylı zaminlik müqaviləsinə əsasinin 1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixində “X5 Azərbaycan” QSC ilə İDEM MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcverən qarşısında öhdəliklər vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin Mehmet Atıcıoğlu borcalanla birgə tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

14. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin əsas məbləğ üzrə borcu 50.543,63 maat, faiz borcu 5.314,90 manat, cərimə borcu 4.780,13 manat və cəmi borcu 60.638,66 manat müəyyən edilmişdir.

15. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/9930 saylı rəyində cavabdehin xəbərdarlıq məktubunun çatdırıldığı tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 51461,54 manat, faiz borcu 1672,50 manat, maliyyə arayışının verildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 51461,54 manat, faiz borcu 3698,08 manat müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışında göstərilən tarixə yaranmış borc tutularkən xx.xx.2022-ci il tarixli, 200730R saylı kredit müqaviləsi nəzərə alınmaqla Cavabdeh1 MMC-nin ekspert rəyində göstərilən əsas borc iddia tələbində olan məbləğdən daha çox olduğu üçün iddia tələbində qeyd olunan məbləğdə, faiz məbləği isə tələbdən daha az olduğu üçün – rəydə göstərilən məbləğdə müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 200730R saylı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli, 200730R saylı kredit üzrə cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, 2527 manat məbləğində cavabdehlərdən tutulmalıdır.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 200730R saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 50543,63 manat əsas borc məbləği, 3698,08 manat faiz borcu, 2527 manat dəbbə pulu borcu tutularaq iddiaçıya ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 261 manat mediasiya xərci və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 200730R saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 50543,63 manat əsas borc məbləği, 3698,08 manat faiz borcu, 2527 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 261 manat tutularaq iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar