Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3743/2021 08.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əsassız olaraq hesablanmış 2348 manat borcun silinməsi və İddiaçı MTK-nın istifadəsində olan və adına rəsmiləşdirilən ofis, teras və yaşıllığa verilən suyun sayğaclarına yüklənən puldan tutaraq silinən 490 manat məbləğin bərpa edilərək İddiaçı MTK-nın adına olan hər hansı smart kartına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin 23.06.2021-ci il tarixli 7470 saylı aktına əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə İddiaçı MTK-ya 2348 manat dəymiş maddi ziyan üzrə borc hesablanmışdır. Akt təqdim edilməsə də, üzərindən bir neçə gün sonra hesablanmış borca dair bildiriş ünvana göndərilmişdir. Bildirişdən məlum olur ki, cavabdeh tərəfin müəyyən etdiyi və qanunsuz istifadə dediyi boru xətti 20 mm diametri, borunun su buraxma qabiliyyəti 1m3/saat 1.14 olan boru xəttini günlük istifadə müddətini 5 saat, qanunsuz istifadə müddətini 206 gün hesablamaqla sərfiyyatı 1174 m3 müəyyən etmişlər. Bu minvalla hesablanmış borc 2348 manat təşkil etmişdir. Hesab edilir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin 23.06.2021-ci il tarixli 7470 saylı su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə dair aktı ləğv edilməli, hesablanmış 2348 manat borc silinməlidir. Belə ki, İddiaçı MTK-nın Bulvar küçəsi ev 10-da inşa etdiyi binada mexaniki sayğac quraşdırılmışdır. Yəni bütün binaya verilən su həmin sayğacdan keçir. Həmin sayğac bütün binaya verilən suyun miqdarını müəyyən edir. Mexaniki sayğacdan keçdikdən sonra su mənzillərə, ofis, teras və yaşşılığa sayğaclar üzrə paylanır. Cavabdeh tərəfin qanunsuz dediyi su borusuna gələn su, mexaniki sayğacdan keçdikdən sonra boru xəttinə çatır. Deməli cavabdeh tərəfin qanunsuz dediyi su borusuna gələn suyun miqdarı mexaniki sayğacdan keçməklə müəyyən edilə biləndir. Binaya verilən suyun miqdarını ölçən mexaniki sayğacın göstəricisi 01.07.2021-ci il tarixə 1674 m3-dir. Mənzillərə verilən suyun sayğaclarının toplam göstəricisi 01.07. 2021-ci il tarixə 562.7 m3-dir və dəyəri mənzil istifadəçiləri tərəfindən smart kart vasitəsi ilə ödənilir. İddiaçı MTK-nın adına rəsmiləşdirilən və ofisə verilən suyun sayğacının göstəricisi 01.07. 2021-ci il tarixə 991.5 m3-dir və dəyəri MTK tərəfindən smart kart vasitəsi ilə ödənilir. İddiaçı MTK-nın adına rəsmiləşdirilən və terasa verilən suyun sayğacının göstəricisi 01.07.2021-ci il tarixə 50.6 m3-dir və dəyəri MTK tərəfindən smart kart vasitəsi ilə ödənilir. İddiaçı MTK-nın adına rəsmiləşdirilən və yaşıllığa verilən suyun sayğacının göstəricisi 01.07.2021-ci il tarixə 20.5 m3-dir və dəyəri MTK tərəfindən smart kart vasitəsi ilə ödənilir. Beləliklə mexanixi sayğaca görə binaya daxil olan suyun miqdarı 1674 m3-dir, binaya daxil olduqdan sonra dəyəri smart kart vasitəsi ilə ödənilən suyun miqdarı 1625.3 m3-dir. Fərq 48.7 m3-dir. Yəni dəyəri ödənilməmiş istifadə edilən suyun miqdarı müəyyən edilə biləndir və müyyən edilir. Həm də müəyyən edilir ki, smart kart sayğacları quraşdırıldıqdan sonra bütün digər boruların başlığı bağlansa da, başında vintili olan bu su borusundan uzun müddətdir ki, istifadə edilmir. Köhnədən qalan və diqqətdən yayınan borcdur. Dəyəri çirkab su ilə birlikdə 97 manat olan pulun MTK tərəfindən israrla ödənilməməsi hesab edilir ki, düşünülməməlidir. Əlbəttə ki, mexaniki sayğacda qalan və diqqətdən yayınmış cüzi bir borcdur. Lakin cavabdeh tərəfin nümayəndəsinin bunu müəyyən edə bildiyi halda, işləyən olan mexaniki sayğacdan keçən su ilə dəyəri ödənilmiş su arasındakı fərqin 48.7 m3 olduğunu bildiyi halda qanunsuz sərfiyyatı 1.174 m3 müəyyən etməklə dəymiş maddi ziyanı 2348 (iki min üç yüz qırx səggiz) manat olaraq müəyyən etməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən suya görə ödənilən 980 manat vəsaitdən 50%, yəni 490 manat məbləğində pul əsassız yazılmış borca görə silinmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, İddiaçı MTK-nın sudan qeyri-qanuni istifadə etdiyinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 21.06.2021-ci il tarixli 007470 nömrəli aktdan görünür ki, Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin SSTŞ-nin nümayəndələri tərəfindən İddiaçı MTK-nın nümayəndəsinin iştirakı ilə keçirilmiş baxış zamanı İddiaçı MTK tərəfindən sudan D=20 mm-lik boru vasitəsi ilə qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. 23.06.2021-ci il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən 23.06.2021-ci tarixli 7470 saylı akta əsasən İddiaçı MTK-ya su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 2348 manat aid edilmişdir. İddiaçı MTK-nın abonent saldosundan görünür ki, iddiaçı tərəfindən suyun istifadəsinə görə cari ilin iyul və avqust aylarında 900 manat pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd olunaları nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 2348 manat məbləğində borc silinməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı MTK suyun istifadəsinə görə cari ilin iyul və avqust aylarında 900 manat məbləğində pulu sayğaca yükləməklə ödəsə də, həmin vəsaitin 50%, yəni 450 manatı akta əsasən yazılmış cəriməyə görə silinmişdir. Məhkəmə hesab edir ki, əsassız hesablanmış 2348 manat məbləğində borc silindiyinə görə sözügedən borca görə sayğaca yüklənən və əsassız silinmiş 450 manat məbləğində vəsait də, İddiaçı MTK-nın adına olan smart karta geri qaytarılmalıdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 2348 manat məbləğində borc silinməli, həmçinin həmin borca görə sayğaca yüklənən və silinmiş 450 manat məbləğində pul İddiaçı MTK-nın adına olan smart karta geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 2348 manat məbləğində borc silinsin, həmçinin həmin borca görə sayğaca yüklənən və silinmiş 450 manat məbləğində pul İddiaçı MTK-nın adına olan smart karta geri qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3743/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3743/2021
08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver