Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3746/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X9 Fərzalı oglunun katibliyi ilə, İddiaçının nümyəndəsi X10 oglunun, Cavabdeh X11 oglunun, Cavabdehin nümayəndəsi və vəkili X7 oglunun iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X1 cavabdeh X4 qarşı cavabdehdən “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 231525 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 257250 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 231525 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X2 tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman “Qudyalçay” yatağında 25 yanvar 2019-ci il tarixli 01141 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə X5 tərəfindən ona ayrılmış 7 ha yer təki sahəsindən kənarda 73500 m qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə keçirilən monitorinq zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olundu. İstismar işləri “Dağ-mədən ayırması Aktı” ilə fiziki şəxsə verilmiş sahənin daxilində 1.27 ha sahədə orta istismar dərinliyi 2.5 metr olmaqla 31 750 m , xaricində isə 2.45 ha sahədə orta istismar dərinliyi 3 metr olmaqla 73 500 m həcmində hasilat aparılmışdır. 20 avqust 2020ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X8 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X8 27 may 2021-ci il tarixli 81 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 66 150 m3 * 5 manat * 0.7 = 231 525 manat. Ümumilikdə 231 525 (iki yüz otuz bir min beş yüz iyirmi beş) manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X10 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 oglu iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X7 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində 20 avqust 2020-ci il tarixli akta əsaslanmışdır lakin həmin aktda X11 oglunun işlədiyi ərazidə hərbir şeyin qaydasında oldugu qeyd olunmuşdur. Halbu ki, həmin akta əsasən cavabdehin fəaliyyəti dayandırılmışdır. İddiaçı tərəfindən cavabdehin işlədiyi ərazidə yoxlama apararkəncavabdehə bu barədə hebir məlumat verilməmiş, cavabdehin nə özü nədə nümayəndəsi orada iştirak etməmişdir. Cavabdehiə məxsus ərazinin qarşı tərəfi qazılmış vəziyyətdə oldugundan, iddiaçı iddia edir ki, həmin ərazi cavabdeh tərəfindən qazılmışdır. Halbu ki, cavabdeh tərəfindən ona ayrılmış ərazidən kənarda heçbir qzıntı, hasilat işləri aparılmamış, bu barədə heçbir sübut mövcud deyildir. İddiaçının əməkdaşları isə sadəcə əraziyə baxış keçirməklə cavabdehə məxsus ərazidən kənarda yerləşən ərazinin cavabdeh tərəfindən qazılması nəticəsinə gəlmişlər. Bundan əlavə cavabdeh 2020-ci ilin avqust ayından 2021-ci ilin yanvar ayınadək fəaliyyət göstərməmişdir. Necə ola bilərdi ki, iddiaçının əməkdaşlarının avqust ayında tərtib etdiyi aktda hərbir şeyin qaydasında olması göstərildiyi halda cavabdeh tərəfindən fəaliyyət göstərmədiyi dövrdə, həmin ərazidə hasılat işləri aparsın. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X11 oglu məhkəmə iclasında iddiaya etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Quba rayon İcra hakimiyyəti tərəfindən 3 ha torpaq sahəsi qum-çınqıl emalı məqsədi ilə cavabdehə icarəyə verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2015-ci il tarixli sərənamının surətindən görünür ki, 7 ha torpaq sahəsi qum-çınqıl emalı məqsədi ilə cavabdehin istifadəsinə verilmişdir. İddiaçının əməkdaşları tərəfindən cavabdehin fəaliyyət göstərdiyi ərazi ilə baglı tərtib olunmuş 20 avqust 2020-ci il tarixli aktdan görünür ki, cavabdeh tərəfindən hər-hansı pozuntuya o cümlədən ona ayrılmış ərazidən kənar hasılat işlərinin aparılması müəyyən olunmamış, bu barədə hər-hansı bir qeyd aparılmamışdır. X14 X1 05 noyabr 2020-ci il tarixli aktından müəyyən olunur ki, X6 tərəfindən ona ayrılmış 7 ha yer təki sahəsindən kənarda 73500 m qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı ərazi vergilər idarəsinin 14 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdehin fəaliyyəti 22 sentyabr 2020-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək dayandırılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbində X3 qum-çınqıl hasil edilməsi üçün ona ayrılmış 7 ha torpaq sahəsindən kənarda 1.27 ha ərazidə qum-çınqıl hasil edildiyini bildirərək 231525 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda olan torpaq sahəsində aparılan hasilat işləri ilə bağlıdır. Məhkəmə hazırki işin həlli baxımından ilk növbədə qeyd edir ki, işdə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkət törətməsi və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, cavabdehə ayrılmış ərazidən kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehlərin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. Göründüyü kimi, iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş 05.11.2020-ci il tarixli yoxlama aktında iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən cavabdehə ayrılmış 7 ha torpaq sahəsindən kənarda aparılmış 1.27 ha ərazidə hasilat işlərinin aparılması ilə bağlı hər hansı bir qeyd yoxdur. İddiaçı iddia ərizəsində cavabdehə ayrılmış ərazidən kənarda hasilat işlərinin aparılmasını, orada xüsusi texnikanın işləməsini və çıxarılmış faydalı qazıntıların daşınmasını qeyd etsədə bu barədə hər-hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Hazırda da, iddiaçı tərəf kənarda aparılmış hasilat işlərinin cavabdeh tərəfindən aparıldığını sübuta yetirə bilmədiyindən, dəymiş ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bundan başqa həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan aktdan görünür ki, cavabdehlər barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3746/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3746/2021
16.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver