Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3751/2023 25.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 12 900 000 manat məbləğində əsas borc, 3 601 966,40 manat məbləğində faiz borcu, 1 424 732,33 manat məbləğində cərimə borcu, 1 630 419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 19 557 118,43 manat məbləğində pulun və ödənilmiş 10 183,56 manat dövlət rüsumunun sonuncudan iddiaçının xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1747,5 kv.m-lik hissəsinə yönəldilməsi, həmin əmlakın boşaldılması, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. İddiaçı ilə cavabdeh “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 iyul 2016-cı il tarixli, 03/7 nömrəli kredit müqaviləsinin 19-cu hissəsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinin 12-ci hissəsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Məhkəmə müəyyən edir ki, tərəflər sözügedən müqavilədən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər nizama salınması barədə razılığa gəlmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli bildiriş (pretenziya məktubunun) cavabdehlərə poçt rabitəsi vasitəsilə, digər xəbərdarlıq (pretenziya) isə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyən cavabdeh “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin informasiya sistemi vasitəsilə göndərilmişdir. Halbuki, cavabdehlər vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmaqla sahibkarlıq fəaliyyəti subyektidir və müvafiq məktublar cavabdehlərə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş çatdırılma qaydasında – hazırkı halda X1 Sistemi vasitəsilə göndərilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasına dair hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı halda cavabdehlərə X1 Sistemi vasitəsilə həmin sistemdə yaradılmış elektron kabinetinə göndərilməklə çatdırılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2 ve İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3751/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3751/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver