Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3753/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) ona məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən “X2-veriş Mərkəzi”ndə 72,25 kv.m.-dən ibarət 311 nömrəli qeyri-yaşayış sahəsini icarəçinin (cavabdehin) istifadəsinə verməyi, icarəçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya verməyi öhdəsinə götürür.
2. Həmin müqavilənin: 2.1. 2.1.1-ci bəndinə görə icarəyə verən icarə obyektini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürür; 2.2. 2.1.2-ci bəndinə əsasən icarəçi icarə obyektini restoran üçün istifadəsinə qəbul edib əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və Alış-veriş Mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür; 2.3. 3.1.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müəyyən edilir və icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır; 2.4. 5.1.1-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə icarə obyekti üçün icarə haqqı qismində aşağıdakı kimi ödəniş etməyə razılaşır: a) maddə 5.2-də müəyyənləşdirilmiş əsas icarə haqqı; b) maddə 5.3-də müəyyənləşdirilmiş İcarəçinin icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq müqavilə müddəti ərzində ödənilən əlavə icarə haqqı; c) maddə 5.4-də müəyyənləşdirilmiş kommunal xərclər; d) maddə 5.5-də müəyyənləşdirilmiş girov (depozit) və ya bank zəmanəti hesabı; 2.5. 5.1.2-ci bəndinə görə yuxarıda qeyd edilən ödənişlər aylıq olaraq gecidkrilmədən icarəyə verən tərəfindən müəyyən edilən tarixdə ödənilir; 2.6. 5.1.3-cü bəndinə görə müqavilədə qeyd olunan “sair xərclər” razılaşma əsasında İcarəçi tərəfindən İcarəyə verənin müvafiq tələbindən etibarən 10 iş günü ərzində ödənilir; 2.7. 5.1.6-cı bəndinə görə İcarəçi girov (depozit) məbləğini müqavilə bağlandığı ayın ən gec ilk 10 iş günü ərzində, aylıq icarə haqqını, əlavə icarə haqqını və kommunal xərclərini hər ayın ən gec ilk 10 iş günü ərzində ödəməlidir; 2.8. 5.2.1-ci maddəsinə əsasən əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən edilmiş müddət üçün 6863,75 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir; 2.9. 5.3.1-ci bəndinə əsasən əlavə icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən edilmiş müddət üçün 1445 manat dəyərində müəyyən edilən aylıq ödənişdir və buna aşağıdakılar daxildir: a) ticarət mərkəzinin idarə edilməsi və istismarı ilə bağlı xərclər; b) rəhbərliyin təlimatlrına uyğun qaydada ümumi təyinatlı şəxslərdən istifadəyə görə haqq; 2.10. 5.4.1-ci bəndinə görə kommunal xərclər dedikdə, icarə obyektinin daxilində sərf olunan bütün elektrik, su, qaz, telefon, internet və icarə obyektinin daxilindəki isitmə, soyutma ilə bağlı elektrik xərcləri və s. bu kimi digər xərclər başa düşülür. İcarə obyektinin (sahənin) kommunal xərclərinin ödənilməsi İcarəyə verən tərəfindən hər ay üçün təqdim edilən hesab (sənəd) əsasında İcarəçi tərəfindən ödəniləcəkdir;
3. Tərəflər arasında xx.xx.2022-ci tarixdə imzalanmış Əlavə Razılaşmaya əsasən əmlakın (311 Pak Dad) pandemiya ilə əlaqədar olaraq icarə haqqı ödəmələrində çətinliklərlə bağlı cavabdehin fəaliyyətinə dəstək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 50%, 2023-cü ilin fevral ayı üçün 40%, mart ayı üçün 30% güzəşt müəyyən edilir. Formula 1 yarışları zamanı yolların bağlı olduğunu nəzərə alaraq əsas icarə haqqına 2022-ci ilin dekabr ayında 10 günlük güzəşt müəyyən edilmişdir.
4. Eləcə də, tərəflər arasında xx.xx.2022-ci tarixdə imzalanmış 1 nömrəli Əlavə Razılaşmaya əsasən əmlakın (Pak Dad) icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir.
5. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü tarixli 2 nömrəli Əlavə Razılaşma və xx.xx.2024-cü tarixli 3 nömrəli Əlavə Razılaşma imzalanmışdır. xx.xx.2023-cü tarixli, 2 nömrəli Əlavə Razılaşma ilə tərəflər müqavilənin müddətinin xx.xx.2023-xx.xx.2024-cü il tarixədək davam etdirilməsi, əsas icarə haqqının 5780 manat, əlavə icarə haqqına görə 1445 manat (ƏDV xaric), depozit məbləğinin 17340 manat müəyyən edilməsi, habelə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək əsas icarə haqqına 20%, 2023-cü ilin iyun ayında isə 10 günlük güzəştin tətbiq edilməsi ilə bağlı razılığa gəlmişlər. Həmçinin xx.xx.2024-cü tarixli 3 nömrəli Əlavə Razılaşma ilə tərəflər müqavilənin müddətinin xx.xx.2024-xx.xx.2025-ci il tarixədək davam etdirilməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarə ödənişinə 10% güzəşt edilməsi barədə razılığa gəlmişlər.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı 51290,65 manat məbləğində borc, 4006,47 manat icarə haqqının gecikdirilməsinə görə yaranan cərimə məbləği və 255,89 manat dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 55297,12 manat pulun cavabdehdən tutlması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli “İcarə” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1 - ci maddəsinə əsasən, “İcarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən “X3veriş Mərkəzi”ndə olan və Müqavilənin 1 -ci maddəsində göstərilən sahəni (həmin maddəyə əsasən, “İcarə Obyekti” bu Müqavilə üzrə “İcarəyəverən” tərəfindən “İcarəçi”yə verilmiş Ticarət Mərkəzinin (3-cü) mərtənəsindəki (311) saylı obyekt kimi qeyd edilmiş (72.25) kvadrat mertlik sahə və “Əlavə A”-da göstərilmiş hissəsi deməkdir) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “İcarəçi”yə icarəyə verməyi öz öhdəsinə götürür. “İcarəçi” icarə obyektini “Restoran” üçün istifadəsinə qəbul edib əvəzində “İcarəyə verən”ə bu Müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və Alış-veriş Mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür. Əlavə olaraq, xx.xx.2021 -ci il tarixli Müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavə Razılaşma №2-nin 5.2.1-ci maddəsinə əsasən, Əsas icarə haqqı İcarə Obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 5780 AZN (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. “İcarəçi” əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir. Həmin Müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavə Razılaşma 2-nin 5.3.1-ci maddəsinə əsasən Əlavə icarə haqqı İcarə Obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 1445 AZN (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. Bundan başqa, İcarə Müqaviləsinə xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma №3ün 2-ci maddəsinə əsasən İcarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq Əsas icarə haqqına, “Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixə kimi Park Bulvar AVM müvəqqəti olaraq bağlandıqdan, xx.xx.2021-ci il tarixdən iri ticarət mərkəzlərinin fəaliyyəti qismən bərpa olunduqdan sonra xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamasına baxmayaraq “İcarəçi”nin sahibkarlıq fəaliyyətinin zəifləməsi, AVM-ə gələn müştərilərin azalması nəticəsində icarə haqqı ödəmələrində çətinliklərlə bağlı onun fəaliyyətinə dəstək məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 10% güzəşt müəyyən edilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinin 2-ci bəndinə əsasən əgər “İcarəçi” hər hansı bir səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödəməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əsas icarə haqqının 2% dəyərində olan məbləği icarəverənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılacaq. Buna uyğun olaraq. Cəmiyyətləri tərəfindən Müqavilə üzrə göstərilən İcarə obyekti cavabdehə icarəyə verilsə də, cavabdeh Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və 2024-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayı üçün icarə haqqını ödəməmişdir. xx.xx.2024-cü il tarixli, 12127887 nömrəli MT2407 seriyalı elektron qaimə ilə cavabdehin iddiaçıya 8601,13 manat, xx.xx.2024-cü il tarixli, 10229945 nömrəli, MT2409 seriyalı elektron qaimə ilə 8677,45 manat, xx.xx.2024 -ci il tarixli, 10532542 nömrəli, MT2410 seriyalı elektron qaimə ilə 8467, 73 manat, xx.xx.2024-cü il tarixli, 10233335 nömrəli, MT2411 seriyalı elektron qaimə ilə 8503,54 manat, xx.xx.2024-cü il tarixli, 12133303 nömrəli, MT2412 seriyalı elektron qaimə ilə 4404,35 manat, xx.xx.2025-ci il tarixli, 10448288 nömrəli, MT2501 seriyalı elektron qaimə ilə 12636,42 manat borcu, ümumilikdə 51290,65 manat məbləğində borcu yaranmışdır. Əlavə olaraq, cavabdehin ödəmədiyi icarə haqları üçün müqaviləyə uyğun olaraq cərimə borcu yaranmış və bu məbləğ 4006,47 manat təşkil etməkdədir (Maliyyə arayışı əlavə edilir).
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Maddə 700.3. bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.
26. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
27. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi müqaviləyə uyğun şərtlərlə qeyri-yaşayış sahəsinin savabdehin istifadəsinə və sahibliyinə vermək, cavabdehin başlıca öhdəliyi isə icarə oyektini qəbul edərək müqavilə ilə müəyyən edilmiş icarə haqqını, o cümlədən digər haqları vatında ödəməkdən ibarət olmuşdur.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən “X2-veriş Mərkəzi”ndə 72,25 kv.m.-dən ibarət 311 nömrəli qeyri-yaşayış sahəsini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. Lakin cavabdeh icarə müqaviləsinə və həmin müqaviləyə uyğun olaraq əsas icarə haqqını, habelə müqavilədə və onun əlavələrində müəyyən edilmiş digər ödənişləri tam ödməyərək öhdəliklərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən əsas icarə haqqı 6863,75 manat, xx.xx.2023-cü il tarixli 2 nömrəli Əlavə Razılaşma ilə 5780 manat, habelə əlavə icarə haqqı 1445 manat, eləcə də kommunal xərclərlə bağlı ödənişlərin cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışından görünür ki, 2024-cü ilin avqust – 2025-ci ilin yanvar ayları üzrə cavabdehin ödənilməmiş əsas icarə haqqı borcu 31212 manat (əsas icarə haqqı borcuna xx.xx.2024-cü il tarixli, 3 nömrəli Əlavə Razılaşmaya əsasən 10% güzəşt tətbiq edilmişdir), əlavə icarə haqqı borcu 8670 manat, elektrik və sudan istifadəyə görə yaranmış borcu 3584,65 manat və 7824 manat ƏDV olmaqla, cəmi 51290,65 manat borcu yaranmışdır.
29. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı əsas və əlavə icarə haqqını, eləcə kommunal xərclərə görə yaranmış borcu cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir.
30. Məhkəmə iddia tələbinin cərimənin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.
31. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış icarə müqaviləndə və ona edilmiş əlavələrdə də cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 4006,47 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 2564 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 51290,65 manat əsas, 2564 manat icarə haqlarını gecikdirdiyinə görə yaranan cərimə məbləği olmaqla, ümumilikdə 53854,65 (əlli üç min səkkiz yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 255,89 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı