Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3756/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, şəxsin öz işçisi tərəfindən törədilmiş delikt üçün məsuliyyəti və ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) və vəkili Qanuni nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) (bundan sonra LPO "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (bundan sonra Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 36568,03 manat məbləğində pulun və ödənilmiş 200 manat dövlət rüsumu, 1 manat xidmət haqqının iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 MMC-nin mülkiyyətində olan, sonuncunun xx.xx.2024-cü il tarixli etibarnaməsi əsasında Cavabdeh2 idarə etdiyi “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış və hadisə anında xx.xx.2024-cü il tarixli 1472 nömrəli yol vərəqəsinə əsasən X9 tərəfindən idarə olunan “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. 2.2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan (Forma 4) və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan (Forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC olmuşdur. İcbari Sığorta Bürosunun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər vuran “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. 2.3. İcbari Sığorta Bürosunun informasiya sistemindən çıxarışdan və PBA********** nömrəli “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”ndən göründüyü kimi, hadisə törədilən vaxt zərər çəkən “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti iddiaçı tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. İddiaçının xx.xx.2024-cü il tarixli BS-K-24/2141 nömrəli məktubundan göründüyü kimi, iddiaçı cavabdehlərə müraciət edilərək, “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məbləğinin qiymətləndirilməsində iştirak təklifini etmişdir. Cavabdeh2 iddiaçıya şəxsən müraciət edərək BS-K-24/2141 nömrəli məktubu və “X7” MMC-nin “ilkin təmir sifarişi”ni (zərər aktı) təhvil almış, lakin akta əsasən “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməkdən imtina etmişdir. “Onlayn kargüzarlıq” proqramından çıxarışdan göründüyü kimi, BS-K-24/2141 nömrəli məktub həm Cavabdeh1 MMC-yə, həm də Cavabdeh2 təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli BS-K-24/2149 nömrəli məktubla cavabdehlərə təkrarən müraciət edərək bir daha bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “X7” MMC-nin “ilkin təmir sifarişi”nə əsasən 49 533,28 manat məbləğində qiymətləndirilmiş, avtomobilin təmir işlərinə xx.xx.2024-cü il tarixdən etibarən start verilmiş və qısa müddət ərzində təmir işləri bitiriləcəkdir. BS-K-24/2149 nömrəli məktub həm Cavabdeh1 MMC-yə həm də Cavabdeh2 “onlayn kargüzarlıq” vasitəsi ilə təqdim edilmişdir. 2.4. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli İH-2025/026 nömrəli məktubdan göründüyü kimi, "xxxx" ASC tərəfindən kredit müqaviləsinə əsasən ayrılmış kredit tam olaraq bağlandığı üçün sonuncunun "xxxx" ASC qarşısında heç bir öhdəliyi qalmamışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 02/GL nömrəli məktubdan göründüyü kimi, "xxxx" ASC sığorta ödənişinin avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı sığorta şəhadətnaməsinin xüsusi şərtlərin 4-cü bəndində əsasən tərəflər arasında razlaşdırılmışdır ki, sığorta hadisəsi baş verərkən zərər dəymiş avtomobilin təmiri rəsmi servis mərkəzində həyata keçiriləcək (“X7” MMC “Mercedes-Benz” markasının Azərbaycan Respublikasında rəsmi nümayəndəsidir (rəsmi servis)). xx.xx.2025-ci il tarixli BS-K-25/0157 nömrəli məktubdan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə təkrar müraciət edilərək bir daha bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “X7” MMC-nin “ilkin təmir sifarişi”nə əsasən 49 533,28 manat məbləğində qiymətləndirilmiş, avtomobilin təmir işlərinə xx.xx.2024-cü il tarixdən etibarən start verilmiş və qısa müddət ərzində təmir işləri bitiriləcəkdir. 2.5. “X7” MMC-nin xx.xx.2025-ci il tarixli “icra edilmiş xidmətlərə dair” aktdan və eyni tarixli AM00002011 nömrəli hesab-fakturadan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə 41568,38 manat məbləğində ziyan dəymişdir. İddiaçının xx.xx.2025-ci il tarixli AZ********** nömrəli ödəniş tapşırığından göründüyü kimi, “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 41568,38 manat məbləğində ziyanın 5000 manat hissəsi iddiaçı tərəfindən PBA********** nömrəli “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə ZBT1813/24 nömrəli sığorta aktına əsasən “X7” MMC-nin hesabına ödənilmişdir. 2.6. İddiaçının xx.xx.2025-ci il tarixli AZ********** nömrəli ödəniş tapşırığından göründüyü kimi, “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 41568,38 manat məbləğində ziyanın 36568,03 manat hissəsi iddiaçı tərəfindən ********** nömrəli “avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” üzrə CM333/24 nömrəli sığorta aktına əsasən “X7” MMC-nin hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli BS-S-25/0234 nömrəli pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün iddiaçı tərəfindən pretenziya məktubu göndərilməklə 36568,03 manat məbləğində ödənilmiş sığorta ödənişi məbləğinin 5 gün müddətində iddiaçının həmin məktubda qeyd edilmiş bank hesabına geri ödənilməsi xahiş olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936, 1096-cı və s. maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-1.1-ci maddəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankının 25/2 nömrəli 29 iyun 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın 4.1, 5.1, 6.1-ci və s. bəndləri göstərilmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən subroqasiya qaydasında “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 36568,03 manat məbləğində pulun və ödənilmiş 200 manat dövlət rüsumu, 1 manat xidmət haqqının, 1000 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin minik avtomobilinə dəymiş ziyanın məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilərək həmin rəyin nəticəsinə uyğun həcmdə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 6.1. iddia tələbindəki məbləğ şişirdilmişdir və qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsində yeganə düzgün olaraq göstərilən hal ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 MMC-nin mülkiyyətində olan və həmin MMC-nin xx.xx.2024-cü il tarixli etibarnaməsi əsasında Cavabdeh2 idarə etdiyi “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış və xx.xx.2024-cü il tarixli, 1472 nömrəli yol vərəqəsinə əsasən X9 tərəfindən idarə olunan “Mercedes-Benz S560 Long” minik markalı, 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, “Mercedes-Benz S560 Long” minik markalı, 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə imzalanmış ********** saylı sığorta şəhadətnaməsinə əsasən sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almış, yuxarıda göstərilən yük avtomobili isə "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. 6.2. İddia ərizəsində iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilərək iddia ərizəsinə qoşma olaraq təqdim edilməsinə baxmayaraq, qeyd olunan sənədlərin cavabdehlərə daxil olduğu heç bir mötəbər sübutla təsdiq edilmir. Çünki sığorta hadisəsinin baş verməsi ilə vurulmuş zərər məbləğinin qiymətləndirilməsində iştirak etmək təklifi barədə nə “onlayn kargüzarlıq” proqramı vasitəsi ilə, nə adi qaydada heç bir məktub, o cümlədən təkrar məktub göndərilməmişdir. Göstərilənlərdən əlavə iddia ərizəsində Cavabdeh2 iddiaçıya müraciət etməsi, daha sonra qiymətləndirmədə iştirak etməsi barədə bildirilənlər həqiqəti əks elətdirmir. İddia ərizəsində ziddiyyətli məqamlardan biri də odur ki, dəymiş zərərin məbləği bir halda 41568,38 manat göstərilməklə həmin ziyan məbləğinin 5000 manat hissəsinin iddiaçı tərəfindən “X7” MMC-nin hesabına ödənildiyi, digər halda isə minik avtomobilinə dəymiş ziyanın, yəni 41568,38 manatın 36568,03 manat hissəsinin də “X7” MMC-nin hesabına ödənildiyi göstərilmişdir. Bundan başqa, yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə törədildiyi, sığorta hadisəsi həmin tarixdə baş verdiyi halda, iddia ərizəsinin “işin halları” hissəsinin 19 və 20-ci bəndlərində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli BS-S-25/0234 nömrəli pretenziya məktubu cavabdehlərə göndərilmişdir. 6.3. Belə çıxır ki, iddiaçı sığorta hadisəsi baş verməzdən 8 ay 2 gün əvvəldən cavabdehlərə pretenziya göndərmişdir. Cavabdeh2 dəymiş ziyanın qiymətləndirilməsində iştirak etməmişdir. Əgər qeyd olunan avtomaşına dəymiş ziyanı hesablamış “X7” MMCnin hesablama işlərində iştirak edilsə idi, Cavabdeh2 həmin MMC-nin tərtib etdiyi aktla və hesab-faktura ilə razılaşmayaraq yol-nəqiliyyat hadisəsi baş verən anda, həmin saatdan sonrakı saatlarda, daha doğrusu, sığorta hadisəsi baş verəndən sonra yük avtomobili ilə toqquşmuş yuxarıda qeyd olunan minik avtomobilinin hansı vəziyyətdə olmasını, daha doğrusu, həmin avtomobilin yalnız qabaq sağ qapısının, arxa sağ qapısının, qabaq sağ qanadının və qabaq sağ işıq farasının şüşəsinin sındığını əks etdirən videogörüntüləri təqdim edər, avtomobil sahibinin və iddiaçının nümayəndəsinin əlbir olaraq avtomobilin çoxlu sayda detallarının sökülərək bu vəziyyətdə avtomaşının fotoşəkillərinin çəkilib məhkəməyə təqdim edilməsinə imkan verməzdi. 6.4. Həmçinin yuxarıda adı göstərilən və qanunsuz olaraq saxta yolla sığorta ödənişi edilmiş minik avtomaşınının yol-nəqliyyat hadisəsi zamanı və ondan sonra iddiaçı tərəfin planı ilə sökülənədək texniki vəziyyətini, yəni yalnız qabaq sağ qapısının, qabaq sağ qanadının, qabaq sağ işıq farasının şüşəsinin və arxa sağ qapısının əzilmiş vəziyyətdə olduğunu əks etdirən videgörüntülər Cavabdeh2 mövcuddur. Məhkəməəmtəəşünaslıq ekspertizası ilə tam sübut olunacaqdır ki, iddiaçı yalnız yuxarıda qeyd olunan dörd detalı əzilmiş minik avtomaşınının sahibinə yüksək həcmdə sığorta ödənişi etmək və bu yüksək məbləğdən də öz payını neqativ danışıqlara əsasən götürmək məqsədi ilə həmin avtomaşına dəymiş ziyanı həddən artıq şişirdilmiş məbləğdə – 49 533,28 manat məbləğində qiymətləndirmişdir ki, bu da heç cür qanuni və əsaslı ola bilməz.
7. İddiaya etirazda hüquqi əsas kimi hər hansı maddi hüquq normasına istinad edilməmişdir.
8. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən subroqasiya qaydasında “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 36568,03 manat məbləğində pulun və ödənilmiş 200 manat dövlət rüsumu, 1 manat xidmət haqqının, 1000 manat hüquqi yardım xərcinin, 300 manat qiymətləndirmə xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində iş materiallarına "xxxx" MMC qiymətləndirici təşkilatın müşayiət məktubu və sonuncunun mütəxəssis rəyi yerləşdirilmişdir. Müşayiət məktubundan göründüyü kimi, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən aparılmış qiymətləndirmə xidmətinin dəyəri qiymətləndirici tərəfindən 300 manat bildirilmiş və xidmət haqqının ödənilməsi üçün sonuncunun bank rekvizitləri məktuba əlavə edilmişdir. Hazırkı ərizəyə əlavə edilmiş ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tərəfindən qiymətləndirici təşkilat "xxxx" MMC-yə 300 manat məbləğində xidmət haqqı ödənilmişdir.
10. İddiaçı xx.xx.2025-ci il tarixdə əlavə cavabdehin cəlb edilməsi barədə vəsatət verərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
11. Vəsatət onunla əsaslandırılmışdır ki: 11.1. məhkəmə iclaslarında Cavabdeh2 tərəfindən verilmiş izahatlardan və sonuncu tərəfindən təqdim edilmiş “iş yerinə dair” arayış və “əmək müqaviləsi”ndən məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında əmək münasibətləri mövcud deyil, Cavabdeh2 fərdi sahibkar Cavabdeh3 (eyni zamanda Cavabdeh1 MMC-nin direktoru) işçisidir. xx.xx.2024-cü il tarixli etibarnamədən göründüyü kimi, Cavabdeh2 “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Cavabdeh1 MMC tərəfindən verilmiş və Cavabdeh3 həmin etibarnaməni fərdi sahibkar kimi deyil, Cavabdeh1 MMC-nin direktoru (qanuni təmsilçisi) olaraq imzalamaqla Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq etmişdir. 11.2. Beləliklə, məhkəmə iclaslarında müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin deyil, fərdi sahibkar Cavabdeh3 işçisidir. Bu səbəbdən Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitəsini hansı əsasla idarə etdiyinin müəyyən edilməsi araşdırılan zaman Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC ilə fərdi sahibkar Cavabdeh3 arasında avtomobillərin istifadəsi ilə bağlı icarə müqaviləsinin bağlanıldığı bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli “sübutların tələb edilməsi barədə” vəsatətlə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanılmış “İsuzu NPR85K22” yük markalı, 77JN193 dövlət qeydiyyat nişanlı avtomobilin “icrarəyə verilməsinə dair” müqavilənin Cavabdeh1 MMC-dən tələb edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadəsində yol-nəqliyyat hasdisəsinin xx.xx.2024-cü il tarixdə, saat 23:47-də baş verdiyini etiraf edərək bildirmişdir ki, idarə etdiyi avtomobil ilə Cavabdeh1 MMC-nin mallarının (“Coca-Cola” şirkətinin içkilərinin) müxtəlif satış məntəqələrinə çatdırılması ilə məşğuldur. Hadisədən öncə idarə etdiyi avtomobildə olmuş malları satış məntəqələrinə paylayıb bitirmiş və avtomobilin təhvil verilməsi üçün iş yerinə qayıdırdı. Həmçinin Cavabdeh2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, işlədiyi yerin satış məntəqələri ilə olan müqavilələrə əsasən bir çox məntəqələrə malları gecə saatlarında çatdırır. Cavabdeh2 hadisənin törədilməsini yorğun və yuxulu olması ilə əsaslandırmışdır. 11.3. Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadəsində bidlirdiyi hallar f59cf03a- 2a36-42ce-8e1c-d7b1d5565205 nömrəli əmək müqaviləsinin şərtlərinə (iş saatları və s.) uyğun olmadığından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli BS-S25/0462 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müraciət edilərək fərdi sahibkar Cavabdeh3 və Cavabdeh1 MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin araşdırılması və əməllərinə hüquqi qiymət verilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixdə iddaçıya təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-78550/2025 nömrəli cavab məktubunda müraciətin araşdırıldığı, Cavabdeh2 (işçi) ilə Cavabdeh3 (işəgötürən) arasında əmək münasibətlərinin mövcudluğu təsdiq edilmiş, lakin yuxarıda qeyd edilən müqaviləyə tərəflərin razılaşması ilə əlavə tərtib edilməklə işçi Cavabdeh2 iş saatlarına dəyişiklik edildiyi və onun gecə növbəsində işlədiyi bildirilmişdir. 11.4. Beləliklə, Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadələri, iş materiallarına əlavə edilmiş əmək müqaviləsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin məktubu ilə Cavabdeh2 hadisə anında Cavabdeh3 işçisi olması və yol-nəqliyyat hadisəsini Cavabdeh2 vəzifə səlahiyyətlərini icra edən zaman törətdiyi sübut olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
14. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi və vəkili Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, nəqliyyat vasitəsi servisə yerləşdirilən andan cavabdehlərə qiymətləndirilmədə iştirak etmək təklif edilmiş, lakin sonuncular iştirak etməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ləğv prosesində olan hüquqi şəxsin qanuni təmsilçisi olsa da, mübahisənin həlli üçün zəruri sübutları vəkil qismində müxtəlif qurumlara sorğular verərək əldə etmişdir. Belə ki, həmin məlumatların vəkil sorğusuna əsasən əldə olunması mümkündür. Buna görə də hüquqi yardım müqaviləsi bağlanması zərurəti ortaya çıxmışdır. Buna görə həmin xərc də cavabdehlərdən tələb olunur.
15. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olmamış, yol-nəqliyyat hadisəsinin baş verməsi MMC-nin hər hansı işinin icrası ilə bağlı baş verməmişdir.
16. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, ona yalnız qiymətləndirmə aktı təqdim edilmiş, qiymətləndirmə prosesində iştirak etməmişdir. Nəqliyyat vasitəsinə 25000 manat zərər dəyməsini qəbul edir.
17. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 göstərdi ki, Cavabdeh3 əmək müqaviləsi üzrə işçisidir. İşi ona həvalə edən də məhz Cavabdeh3 digər işçisidir. Hadisə baş verən vaxt içkilərin çatdırılması yekunlaşmış və maşının təhvil verilməsi məqsədilə depoya qayıtmışdır (xx.xx.2025-ci il tarixli məhkəmə iclası). Hadisə günü saat 10-a qədər mal paylamış, ondan sonra nəqliyyat vasitəsi ilə şəxsi işlərini həyata keçirmişdir. Belə ki, mal paylayıb qurtardıqdan sonra maşını təhvil vermək üçün qayıdarkən şəxsi işi ilə bağlı bir neçə yerə də getmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclası). Cavabdeh3 işçisi kimi sonuncunun işlərini görüb yekunlaşdırmış, Cavabdeh3 məxsus depoya qayıdarkən halı pisləşmiş, idarəetməni itirmişdir. Malları payladıqdan sonra birbaşa depoya yola düşmüşdür. Əvvəlki iclasda çaşmış, izahı yanlış vermişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclası).
18. Cavabdeh1 MMC məhkəmənin növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iclasların keçirilməsini mümkün hesab etmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. İş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunan işin halları ondan ibarətdir ki, iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və könüllü sığortası üzrə sığortalanmış, xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh1 mülkiyyətində olan, xx.xx.2024-cü il tarixli etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi “İsuzu NPR85K22” markalı 77JN193 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə baş verən vaxt Cavabdeh2 ilə Cavabdeh3 arasında əmək münasibəti olmuş, birinci sonuncunun işçisi olmuş, hadisə işin icrası prosesində baş vermişdir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş TP ******* seriya və nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “İsuzu NPR85K22” markalı 77JN193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Hüseynov X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən təqsirli şəxs kimi “İsuzu NPR85K22” markalı 77JN193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2, zərər vurulan nəqliyyat vasitəsi kimi isə “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tanınmışdır. “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər ƏDV daxil olmaqla 41568,38 manat müəyyən edilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına (icra qeydləri ilə) əsasən iddiaçı tərəfindən müvafiq olaraq 5000 manat və 36568,03 manat məbləğində pul “X7” MMC-nin bank hesabına köçürülmüşdür.
24. İddiaçı “Mercedes-Benz S560 Long” minik markalı 10JJ555 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 36568,03 manat məbləğində pulun (könüllü sığorta qaydasında ödənilmiş) cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında tutulmasını tələb edir.
25. Cavabdeh1 MMC yol-nəqliyyat hadisəsinin ona aidiyyətinin olmadığını, nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 işçisi olmadığını bildirir.
26. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək yekun mövqe kimi Cavabdeh3 işçisi olduğunu, hadisə baş verərkən nəqliyyat vasitəsini depoya təslim etmək üçün qayıtdığını, yorğun olduğundan idarəetməni itirdiyini bildirir və dəymiş zərər məbləğinə etiraz edir.
27. Cavabdeh3 hazırkı mübahisəyə prosessual maraq göstərmir.
28. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir.
29. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
30. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
32. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir.
33. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməli, sığortaçının həmin münasibətlərdə zərərçəkəni əvəz etdiyi diqqətə alınmalıdır.
34. Məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyətin Mülki Məcəllənin 1099-cu maddəsi və ya 1108-ci maddəsi ilə təsbit edilmiş qaydada ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir.
35. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
36. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər ... nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.
38. Hazırkı iş üzrə Cavabdeh2 (işçi) və Cavabdeh3 (işəgötürən) arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, birinci sonuncunun sürücüsü vəzifəsində işləmişdir. Hadisə baş verən tarixə aid malların təhvil-qəbul aktları, “teslimat listesi” və “yük özeti” adlı sənədlərdən görünür ki, "xxxx" MMC-yə məxsus mallar Cavabdeh2 tərəfindən çatdırılmış, təslimatçı-daşıyıcı qismində Cavabdeh3, sürücü qismində Cavabdeh2 çıxış etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-78550/2025 nömrəli məktubuna əsasən fiziki şəxs Cavabdeh3 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixi 05 nömrəli məktubda sürücü vəzifəsində çalışan Cavabdeh2 xx.xx.2024-cü il tarixində gecə növbəsinə uyğun çalışdığı, işçinin müqaviləyə uyğun əmək haqqının 625 manat olduğu, hesablanmış əmək haqqının 560,87 manat olduğu, dekabr ayı üzrə 17 dekabr 2024-cü ildə tarixində 312,50 manat, xx.xx.2024-cü il tarixində isə 279 manat ödəniş olunduğu, işçinin dekabr ayı üzrə 22 iş günü olduğu (3 gün izinli olaraq işdənqalma) qeyd edilmişdir. Cavabdeh2 “142 Çağrı Mərkəzi" MMC-yə iş vaxtından artıq işlərə cəlb olunmadığını, iş vaxtının 22:30-07:00 radələrində olduğunu bildirdiyindən, müəssisə tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 05 nömrəli məktubda xx.xx.2024cü il tarixdə Cavabdeh2 xx.xx.2024-cü il tarixli işə çıxması ilə əlaqədar razılığı haqqında ərizə, işəgötürənin xx.xx.2024-cü il tarixli “iş vaxtında müvəqqəti dəyişiklik haqqında” 136 nömrəli əmrinə əsasən iş vaxtından artıq işlərə cəlb olunması faktı aşkar edilmədiyindən Cavabdeh2 əmək hüquqlarının pozulması ilə əlaqədar inzibati xəta əlamətlərinin olmadığı müəyyən edilmişdir.
39. Belə olan halda məhkəmə hesab edir ki, zərər əmək müqaviləsi üzrə əmək vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulduğundan zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət Mülki Məcəllənin 1096 və 1099-cu maddələrinə əsasən müəyyən edilməlidir. Bu baxımdan “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü və işəgötürəni iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 936-cı maddəsində göstərilən əsaslar mövcuddur və iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb edə bilər.
41. Cavabdeh1 MMC-nin məsuliyyətinə münasibətdə isə göstərilməlidir ki, sonuncu “İsuzu NPR85K22” markalı 77JN193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətiçisidir və hazırkı iş üzrə Cavabdeh3 və Cavabdeh2 ilə əmək münasibətlərinin mövcudluğu, sonuncunun hadisə vaxtı bilavasitə əmək vəzifələrini icra etməsi müəyyən edildiyindən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müvafiq olaraq mübahisə Mülki Məcəllənin 1096 və 1099-cu maddələrinə əsasən həll edilməlidir. Bu isə Mülki Məcəllənin 1108-ci maddəsinə əsaslanmaqla mülkiyyətçinin də məsuliyyətə cəlb edilməsini istisna edir.
42. Məhkəmə zərərin həcminin müəyyən edilməsinə münasibətdə isə aşağıdakıları qeyd edir.
43. “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən “Mercedes- Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər ƏDV daxil olmaqla 41568,38 manat müəyyən edilmişdir.
44. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3756/2025 nömrəli qərardadı əsasında təqdim olunan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/S 34-325/25 saylı rəyinə əsasən “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 38568,8 manat müəyyən edilmişdir.
45. Cavabdeh2 təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli QFŞ/S 2111 nömrəli mütəxəssis rəyinə əsasən, “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 25830 manat təşkil edir.
46. Məhkəmə tərəfindən qeyd edilən rəylərdəki ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə hər üç təşkilatın nümayəndəsi mütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş, "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə izahatında göstərmişdir ki, təqdim edilən foto və videotəsvirlərə baxış keçirilmiş, “X7” MMC-nin təqdim etdiyi qüsur aktı identifikasiya edilmişdir. Yalnız onların uyğunluğu tutuşdurulduqdan sonra ehtiyat hissələrinin və işçilik haqqının müəyyən edilməsi həyata keçirilmiş, zərər hesablanarkən qərardadda qoyulan suala uyğun olaraq köhnəlmə faizi də tətbiq edilməklə hesablama aparılmışdır.
47. “X7” MMC-nin mütəxəssisi X6 izahatında bildirdi ki, kamera nəqliyyat vasitəsinin ortasında deyil, ön tərəfdə, sağa doğru yerləşir. Kameranın şüşəsi qırıldığından təmiri mümkün olmamış, yenilənmişdir. Nəqliyyat vasitəsi onlara təqdim edildikdən sonra aşkar edilmiş zədələrə uyğun zərər 49533,28 manat hesablanmış, sığorta şirkəti zərər məbləğinə etiraz etmiş, bundan sonra yenidən hesablama aparılmış və təmiri mümkün olan detalların dəyişdirilməsi əvəzinə təmiri xərcləri hesablanaraq zərər 41568,38 manat müəyyən edilmişdir. Hesablanmış zərər məbləğində dəyişdirilməsi nəzərdə tutulan detallar təmiri mümkün olmayan detallardır. Təmiri mümkün olan bütün detalların ancaq təmir xərci nəzərə alınmışdır.
48. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X3 izahatında qeyd etdi ki, nəqliyyat vasitəsi sağ yan tərəfdən toxunuşla bəzi detallarını sıradan çıxarıbsa, kameraya gəlib çatmamaq ehtimalı böyükdür. Çünki təkərə çatmamış zədə dayanır. Kameranı zədələrə daxil etmək düzgün deyil. Ona görə də rəydə kamera nəzərə alınmamışdır.
49. Məhkəmə hər üç rəyi və mütəxəssislərin izahatlarını müqayisəli təhlil edərək hesab edir ki, "xxxx" MMC-nin rəyi mötəbər qiymətləndirilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdən sonra nəqliyyat vasitəsinə ilk baxış “X7” MMC tərəfindən aparılmış, daha sonra nəqliyyat vasitəsi təmir etdirilmişdir. Bu mənada nəqliyyat vasitəsinə yenidən baxış keçirilməklə dəymiş zərərin qiymətləndirilməsi mümkün deyildir. Lakin iş materiallarında olan fotoşəkillərdən nəqliyyat vasitəsinin ön kamerasının öndə sağa doğru yerləşdiyi, inzibati xəta üzrə icraat materiallarında “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilin “İsuzu NPR85K22” markalı 77JN193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təsiri ilə sağ yan hissədən səkiyə və dəmirə dəydiyi nəzərə alındığında “X7” MMC-nin aktında göstərilən kameraya zərərin dəyməsi ağlabatandır. Digər tərəfdən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş rəydə bəzi ehtiyat hissələrinin göstərilmədiyi, göstərilən ehtiyat hissələrinin dəyərinin isə "xxxx" MMC-nin müəyyən etdiyindən yüksək olduğu görünür. Məsələn radiator barmaqlığının bir ədədinin qiyməti "xxxx" MMC tərəfindən 2040 manat, "xxxx" MMC tərəfindən 1650 manat, işıq elementinin qiyməti "xxxx" MMC tərəfindən 165 manat, "xxxx" MMC tərəfindən 80 manat, qoruyucunun qiyməti "xxxx" MMC tərəfindən 69 və 92 manat, "xxxx" MMC tərəfindən 25 və 75 manat və s. müəyyən edilmişdir. Başqa sözlə, "xxxx" MMC tərəfindən müəyyən edilən qiymətin aşağı olmasının səbəbi bəzi ehtiyat hissələrinin (lamp unit, kamera və s.) sonuncu tərəfindən nəzərə alınmaması olmuşdur. Halbuki həmin hissələrə yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin müəyyən olunan halıdır.
50. Odur ki “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 38568,8 manat təşkil edir.
51. Digər tərəfdən, “Mercedes-Benz S560” markalı 10JJ555 dövlət qeydiyyat nişanlı avtomobil üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə şəhadətnaməyə əsasən, hər bir hadisə üzrə şərtsiz azadolma məbləği 300 manat təşkil edir. Belə olan halda şərtsiz azadolma məbləği nəzərə alınmaqla cavabdehlərdən subroqasiya qaydasında tutulmalı məbləğ 33268,8 manat kimi təsdiq edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 33268,5 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
53. İddiaçı eləcə də ödənilmiş 200 manat dövlət rüsumu, 1 manat xidmət haqqının, 1000 manat hüquqi yardım xərcinin, 300 manat qiymətləndirmə xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 200,6 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
55. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/S 34-325/25 nömrəli məktubuna əsasən aparılan qiymətləndirmənin dəyəri 300 manat təşkil edir və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən (icra qeydi ilə) 300 manat məbləğində pul iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli CVN/S 34-325/25 nömrəli rəy üçün qiymətləndirmə təşkilatına köçürülmüşdür.
56. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən (icra qeydi ilə) 1000 manat məbləğində pul “De Fendo” vəkil bürosuna ödənilmişdir (xx.xx.2025-ci il tarixli EO-2803VK-17232/25 nömrəli order).
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
59. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
60. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
61. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması, sübutların toplanmasını və s.), məhkəmə iclaslarının sayını və müddətini, iddiaçı tərəfindən təqdim olunan sübutların həcmini, əldə olunma mənbəyini, vəkil sorğusu əsasında əldə olunaraq təqdim olunan iş üçün əhəmiyyətli olan sübutların dairəsini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pul ağlabatandır və cavabdehlərdən tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Qanuni nümayəndə iddiaçının qanuni təmsilçisi olması hüquqi yardım müqaviləsi və vəkil orderi olmadan müvafiq qurumlardan sorğular verilərək sübutların toplanmasına imkan vermədiyindən sonuncunun eyni zamanda vəkil qismində çıxış etməsi zəruri olmuşdur.
62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Göstərilənlərə əsasən və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 182 manat, mütəxəssisə ödənilmiş xərcin əvəzi olaraq 300 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 33268,5 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 182 manat, mütəxəssisə ödənilmiş xərcin əvəzi olaraq 300 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova