Məhkəmə qərarları › İş №e-2-2(113)-376/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-376/2020

19.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-376/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dairiddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” MMC-dən 29.994,10 (iyirmi doqquz min doqquz yüz doxsan dörd manat on qəpik) manat əsas borcun, 2999,40 (iki min doqquz yüz doxsan doqquz manat qırx qəpik) manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh “xxxx” MMC arasında xx xxxxxxxx 2017-ci il tarixində xammla materialları və digər elektrik mallarının alqı-satqısı barədə Cavabdeh/01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə tərəflərin hüquq və vəzifələri, qarşılıqlı hesablaşma şərtləri və digər müddəalar öz əksini tapmışdır. Müqavilə üzrə alıcı olan cavabdehin sifarişi ilə onun özünə müqavilədə qeyd edilmiş mallar satıcı olan iddiaçı tərəfindən vaxtlı-vaxtında və keyfiyyətlə göndərilmişdir. 2017-ci ilin sentyabr ayının 12-si cavabdeh üçün bir sıra malların satışı həyata keçirilmişdir. Satılmış malların ümumi ƏDV daxil olmaqla dəyəri 39334,24 manat təşkil etmişdir. Təqdim edilmiş mallar üçün xx.xx.2017-ci il tarixində internet vergi idarəsinin online kargüzarlıq bölməsi vasitəsi ilə malların adını, miqdarını, qiymətini və məbləğini özündə əks etdirən EAAC 902401 saylı elektron qaimə-faktura təqdim edilmişdir. Göndərilmiş elektron qaimə-faktura sifarişçi olan cavabdehin tərəfindən qaimənin göndərildiyi gün təsdiqlənmişdir. Elektron qaimə təsdiqləndikdən sonra iddiaçı tərəfindən qarşı tərəfə internet vergi idarəsinin online kargüzarlıq bölməsi vasitəsi ilə elektron vergi hesab faktura göndərilmişdir. Cavabdeh tərəfindən alınmış mallara görə xx.xx.2017-ci il tarixdə malların ƏDV-si bütövlükdə 6000,14 manat olmaqla ƏDV depozit hesabı vasitəsi ilə, 3390 manat isə əsas məbləğdən bank vasitəsi ilə ödənişlər etmiş və bu minvalla cəmi 9390,14 manat ödənişlər həyata keçirilmişdir. Lakin sözügedən mallar üzrə cəmi 29994,10 manat məbləğində qalıq borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə qalıq borcunun ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə, ona rəsmi qaydada pretenziya göndərilməsinə və bütün zəruri məlumatların verilməsinə baxmayaraq heç bir ödəniş həyata keçirməmişdir. Cavabdeh tərəfindən alınmış mallar üzrə fakturanın bir hissəsinin ödənilməsindən görünür ki, o, borc öhdəliyini etiraf etmişdir. Cavabdeh öz öhdəliyini lazımi qaydada icra etmədiyinə görə şirkətə ümumi m əbləği 1 faizi həcmində, 2999,40 manat məbləində cərimə ödəməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-465/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir. Cavabdeh “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-465/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-465/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-465/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında imzalanmış xx xxxxxxxx 2017-ci il tarixli, Cavabdeh/01 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya istehsalda işlənən xammal materialları və digər elektrik mallarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci maddəsinə əsasən, malın qiyməti və miqdarı cari il üçün 500.000 (beş yüz min) manat, o cümlədən ƏDV müəyyənləşdirilir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir. Müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcıya 5 təqvim günü ərizndə malı təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən, malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01 faizi miqdarında cərimə ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı köçürməni nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə əsasən, mal alıcıya tam təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100 faiz həcmində ödəniş etməlidir. - 902401 saylı xx.xx.2017-ci il tarixli elektron qaimədən görünür ki, təqdim edən: İddiaçı MMC, alıcı “xxxx” MMC, əsası Cavabdeh/01 saylı müqavilə olmaqla yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ƏDV-siz 33334,10 manat, ƏDV ilə birlikdə 39334,24 manat təşkil edir. - xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli BMİ/01 saylı müqavilə üzrə 3390 manat ödəniş edilmişdir. - Musa Köçerin və Nümayəndə xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, cavabdehdən yalnız əsas borcun ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxxxx 2017-ci il tarixli, Cavabdeh/01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcının alıcıya istehsalda işlənən xammal materialları və digər elektrik mallarını satması, alıcının isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməsi razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, malları alıcıya göndərmiş və bununla bağlı eletkron qaimə faktura vermişdir. Qaimə fakturaya əsasən alınan malın dəyəri ƏDV-siz 33334,10 manat, ƏDV ilə birlikdə 39334,24 manat təşkil etmişdir. Cavabdeh isə xx xxxxxx 2018-ci il tarixdə 3390 manat müqavilə üzrə ödəniş etmişdir. Bundan başqa 6000,14 manat ƏDV də cavabdeh tərəfindən ödənmişdir. Qalıq borc olaraq isə 29994,10 manat borc qalmışdır. Tərəflər arasında bağlanan müqavilənin 5.2-ci bəndinə əsasən, mal alıcıya tam təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100 faiz həcmində ödəniş etməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən isə, malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Göründüyü kimi, cavabdeh şirkət tərəfindən malın tam təhvil verilməməsi ilə əlaqədar hər hansı pretenziya iddiaçıya bildirilməmişdir. Məhkəmə qeyd edir ki, əgər müqavilə üzrə öhdəliklər İddiaçı MMC tərəfindən yerinə yetirilmiş olmasa idi, cavabdeh müqavilənin 5.3-cü bəndinə istinad edərək, malın tam təhvil verilməsini tələb edər və 3390 manat müqavilə üzrə ödənişi iddiaçının hesabına ödəməzdi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və ƏDV-siz 29944,10 (33334,10-3390=29944,10) manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxxxx 2017-ci il tarixli xxxx/01 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 29.994,10 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilərək 29944,10 manat pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının qanuni təmsilçisi xx.xx.2019-cu il tarixli ərizə ilə cərimə borcunun tutulması hissəsində iddia tələbinin müdafiə etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2017-ci il tarixli xxxx/01 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 29944 (iyirmi doqquz min doqquz yüz qırx dörd) manat 10 (on) qəpik əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxxx 2017-ci il tarixli xxxx/01 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 29944 (iyirmi doqquz min doqquz yüz qırx dörd) manat 10 (on) qəpik əsas borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar