Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-376/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yol nəqliyyat hadisəsi, qüsur aktı, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1753,80 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qabul edilməsini Məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmış, müqavilənin şərtlərinə əsasən sifarişçi özünə məxsus avtomobili cavabdehin idarəçiliyə vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi baş vermiş, o, İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin hadisə nəticəsində avtomobilə 1456 manat ziyan dəymişdir. Bundan əlavə, avtomobilin həmin şəxsin istifadəsində olan dövrdə o, iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş, 87,40 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin cəriməni də iddiaçı ödəmişdir. Bundan əlavə, qəza törədilərkən digər maşına dəyən zərərə görə 150 manat sığorta haqqı iddiaçının etdirdiyi sığorta hesabına ödənilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (qardaşı) R.İbrahimov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 99FP513 dövlət qeydiyyat nişanlı Mercedes Benz 313 yük maşını iddiaçının mülkiyyətindədir, iddiaçı "xxxx" MMC-nin direktoru olsa da, nəqliyyat vasitəsi ilə bağlı həmin MMC-yə etibarnamə verilməmişdir.
5. 18.01.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobil müqavilə bağlandıqdan sonra yol nəqliyyat hadisəsinin baş verdiyi vaxta qədər onun sahiblik və istifadəsində olmuş, həqiqətən də yol nəqliyyat hadisəsi baş vermiş, bunun nəticəsində də o, inzibati qaydada cərimə edilmişdir. Həmin hadisədən sonra iddiaçı onun xəbəri və məlumatı olmadan qüsur aktı tərtib etmiş, o da oxumadan həmin aktı imzalamışdır, dəymiş zərərin aradan qaldırılmasını qarşı tərəfə təklif etsə də, o, razılaşmamışdır. Qüsur aktı ilə razı deyil, həmin aktda zərər yuxarı göstərilmişdir.
6. Tərəflər sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
7. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" MMC (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış 10 iyun 2022-ci il tarixli 22/11VA nömrəli sürücü xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi sürücü xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sürücü xidmətləri göstərməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı 500 manat təşkil edir.
11. Müqavilənin 6.1.3-cü bəndinə əsasən icraçının günahı ucbatından (maşının texniki vəziyyətinə etinadsız yanaşma) avtomobilə dəyən zərərə və ya yol nəqliyyat qəzası nəticəsində istər xarici görünüşdə, istərsə də avtomobilin digər yerlərində yaranan zədələr ya nasazlıqların (motor, karobka, radiator, işıq sistemi, risor və sair) aradan qaldırılması üçün edilən xərclər hesablanaraq icraçı tərəfindən vurulan maddi zərər kimi icraçı tərəfindən sifarişçiyə tama olaraq ödənilir. Qəza nəticəsində sifarişçinin sığortasından istifadə olunarsa, qəza törətmiş icraçı sığorta xərcinin sifarişçiyə ödəməlidir.
12. "xxxx" MMC tərəfindən tərtib olunmuş Cavabdeh xidməti müqavilə əsasında çalışdığı "xxxx" MMC-yə məxsus Mercedes Sprinter 99FP513 dövlət qeydiyyatı nişanlı maşın ilə törətdiyi yol qəzası nəticəsində avtomobilə dəyən ziyanın miqdarına görə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hadisə nəticəsində radiatora 250 manat, intercolerə 180 manat, pərə 30 manat, qidromuftaya 40 manat, dəmirçiyə 200 manat, slesara 30 manat, bacokun paykalanmasına 20 manat, buferin paykalanmasına 20 manat, antifreezə 48 manat, kapota 240 manat, faraya (bir tərəf) 125 manat, malyara 200 manat, oblisovkaya 50 manat, Mercedes znakına 8 manat, nömrənin plastmasına 15 manat olmaqla, ümumilikdə 1456 manat xərc çəkilmişdir.
13. İXP4699748 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə riayət etmədiyində 40 manat məbləğində cərimə olunmuşdur.
14. İXP4714236 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə riayət etmədiyində 40 manat məbləğində cərimə olunmuşdur.
15. 11.06.2022-ci il tarixli 087269 nömrəli nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2023-cü il tarixədək Cavabdeh etibar etmişdir.
16. AD 257435 nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, 99FP513 dövlət qeydiyyat nişanlı Mercedes Benz 313 yük maşını İddiaçı mülkiyyətindədir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 9/853 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 99FP513 dövlət qeydiyyat nişanlı Mercedes Benz 313 yük maşınına dəymiş zərər ümumilikdə 1456 manat (dəyişilməli hissələrin qiyməti – 986 manat, təmir-bərpa işlərinin dəyəri – 470 manat) təşkil edir.
18. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 99FP513 dövlət qeydiyyat nişanlı Mercedes Benz 313 yük maşını iddiaçının mülkiyyətindədir, iddiaçı həmin nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdən cavabdehin sahiblik və istifadəsinə vermiş, xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, o, bu səbəbdən inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin hadisə nəticəsində iddiaçının qeyd edilən əmlakına zərər dəymişdir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan 99FP513 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 313” markalı yük maşınına dəymiş zərər xx.xx.2022-ci il tarixli qüsur aktı ilə 1456 manat müəyyən edilmiş, qüsur aktı cavabdeh tərəfindən də imzalanmışdır.
20. Məhkəmə iclasında cavabdeh həmin qüsur aktı ilə razılaşmamış, bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, avtomobilə dəymiş zərər ümumilikdə 1456 manat müəyyən edilmiş, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh məhkəmə iclaslarına gəlməmiş, göstərilən rəyi mübahisələndirməmişdir.
21. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
22. Bundan əlavə, iddiaçı ona məxsus nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu dövrdə cavabdehin hüquq pozuntusu törətməsi nəticəsində 87,40 manat məbləğində cərimə yazıldığını, həmin məbləğin də iddiaçı tərəfindən ödənildiyini göstərmişdir.
23. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
24. Belə ki, materiallardan görünür ki, cavabdeh həmin nəqliyyat vasitəsini idarə edən zaman yol verdiyi hüquq pozuntusuna görə 2 dəfə (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə) inzibati qaydada məsuliyyətə cəlb edilmiş, hər iki halda 40 manat cərimə edilmiş, həmin cərimələr iddiaçı tərəfindən elektron qaydada ödənilmiş, cavabdeh iddianın bu tələbi ilə bağlı etiraz etməmişdir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən (40 manat + 40 manat) təmin edilməli, qalan 7,40 manat hissəsində isə təmin edilməməlidir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
29. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
30. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
31. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
34. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
35. Bundan əlavə, iddiaçı qəza törədilərkən digər maşına dəyən zərərə görə 150 manat sığorta haqqının iddiaçının etdirdiyi sığorta hesabına ödənilməsi səbəbindən həmin məbləğin də cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
36. Belə ki, iddiaçı bununla bağlı ödəniş qəbzi təqdim etmiş, həmin qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə (yol nəqliyyat hadisəsindən 4 ay əvvəl) 150 manat sığorta haqqı ödənilmişdir. İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində digər maşına dəyən zərərə görə sığortaçı tərəfindən 150 manat sığorta ödənişinin faydalanan şəxsə ödənilməsini təsdiq edən hər hansı sübutu isə Məhkəməyə təqdim etməmişdir.
37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1536 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1536 (bir min beş yüz otuz altı) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 50 (əlli) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova