Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3762/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC LPO cavabdehlər Roval” MMC-yə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 28548 (iyirmi səkkiz min beş yüz qırx səkkiz) ABŞ dolları – bundan 16239 (on altı min iki yüz otuz doqquz) ABŞ dolları əsas, 0 (sıfır) ABŞ dolları faiz, 10519 (on min beş yüz on doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1790 (bir min yeddi yüz doxsan) ABŞ dolları faiz borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin və iş üzrə ödənilmiş 36,40 (iki yüz otuz altı manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq,ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış 100.LN.2105.220415.00002 №li 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təmir-tikinti işləri məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2105.220415.00002 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 18 may 2018-ci il, sonuncu ödəniş isə 23 iyul 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 MMC (VÖEN **********) ilə Bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********093 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2020-ci il tarixə kredit üzrə cəmi borcu 28548 (iyirmi səkkiz min beş yüz qırx səkkiz) ABŞ dolları təşkil edir. Bundan 16239 (on altı min iki yüz otuz doqquz) ABŞ dolları əsas, 0 (sıfır) ABŞ dolları faiz, 10519 (on min beş yüz on doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1790 (bir min yeddi yüz doxsan) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlərə 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İlkin mediasiya sessiyasında iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təmir-tikinti işləri məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2105.220415.00002 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 18 may 2018-ci il, sonuncu ödəniş isə 23 iyul 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilməsi razılşadırılmışdır. Cavabdeh2 100.LN.2015.220415.00002 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə 19 mart 2019-cu il tarixdə 300 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddia müddəti 19 mart 2019-cu il tarixdən hesablananaraq 19 mart 2022-ci il tarixdə bitmişdir. Əlavə olaraq, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə “kredit borcunun qaytarılması” tələbi ilə 06 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin şikayətin təmin edilməməsi barədə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qərarı 22 aprel 2022-ci il tarixdə LPO İddiaçı ASC-yə daxil olmuşdur. 20 aprel 2022-ci il tarixdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət edilmiş, cavabdehlərdən heç bir cavab daxil olmadığı üçün Bakı 5 saylı Mediasiya Təşkilatına 17 may 2022-ci il tarixdə mediasiya üçün müraciət edilmişdir. Bakı 5 saylı Mediasiya Təşkilatı cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etməməsi barəsində 24 iyun 2022-ci il tarixli arayışı Banka təqdim etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı ASC 22 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 və digərlərinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixində 100.LN.2105.220415.00002 Kredit müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 20,000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə son ödəniş tarixi (öhdəliyin icrası müddəti) xx.xx.2018-ci il tarixidir. Belə olan təqdirdə, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməlidir. Hazırki kredit müqavilə üzrə müqavilənin bitmə tarixi xx.xx.2018-ci il tarixidir. xx.xx.2021-ci ildə isə 3 illik iddia müddəti bitmiş, lakin iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, daha dəqiq 2022-ci ilin iyun ayında müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehlərin nümayəndəsinin üzürlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 20.000 “iyirmi min” ABŞ dolları məbləğində kredit xətti ayırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 18 aprel 2018-ci il tarixli 100.LN.2105.220415.00002 kredit müqaviləsinə əlavə razılığa əsasən Kreditor ilə Borcalan arasında 22 aprel 2015-ci il tarixində bağlanmış 100.LN.2105.220415.00002 saylı Kredit xətti müqaviləsinin müddəti 23 iyul 2018-ci il tarixinədək uzadılır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 MMC arasında imzalanmış 22 aprel 2015-ci il tarixli 100.CL.220415.00002/b nömrəli zaminlik müqaviləsinə əsasən zamin bu müqaviləyə əsasən bank qarşısında 22 aprel 2015-ci il tarixli 100.LN.2105.220415.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəlikiərin o cümlədən borcalanın 20.000 (iyirmi min) ABŞ dolları məbləğində alınmış kıedil xəttinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il sonuncu ödəniş tarixi müəyyən edilmişdir. 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il sonuncu ödəniş tarixi müəyyən edilmişdir. Cavabdeh2 məxsus hesabdan çıxarışdan məlum olur ki, ayrı-ayrı tarixlərdə, eləcə də, xx.xx.2019-cu il tarixində qeyd olunan hesaba “kreditin ödənişi” təyinatı üzrə 300 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəflərlə imzlanmış kredit və zaminlik müqavilələri üzrə yaranmış borc məbləğini tələb etmiş, cavabdeh tərəflər arasında imzalanmış müqavilələr üzrə iddia müddətinin ötürüldüyünü bildirirərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. AR MM-nin 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəlllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəlllənin 379.3-cü maddəinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. 379.4-cü maddəyə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəyə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixi müəyyən olunmuş, xx.xx.2019-cu il tarixində isə cavabdeh tərəfindən son ödəniş olmuşdur. Əlavə olaraq iddiaçı tərəflər arasında mediasiya sessiyasının keçirildiyini bildirmiş bununla bağlı olaraq iddia müddətinin ötürülmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti sonuncu ödəniş tarixindən 3 il sonra yəni, 19 mart 2022-ci il tarixində bitmişdir. İddiaçı tərəf isə 17 may 2022-ci il tarixində mediasiya üçün müraciət etmiş, tərəflər arasında mediasiya sessiyası keçirilmiş və daha sonra xx.xx.2022-ci il tarixində mediasiya sessiyası bitmişdir. Yuxarıda sadalanan normalardan da məlum olduğu kimi, mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır, lakin iddiaçı tərəf sonuncu iddia müddəti bitdikdən sonra mediasiyaya müraciət etmişdir. Belə olan halda isə iddia müddətinin axımının dayandırılmasından söhbət gedə bilməz. Əlavə olaraq iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə “kredit borcunun qaytarılması” tələbi ilə 06 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin şikayətin təmin edilməməsi barədə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qərarı 22 aprel 2022-ci il tarixdə LPO İddiaçı ASC-yə daxil olmuşdur. Məhkəmə sadalananlara bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsinin olması və iddia müddətinin axımının kəsilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə iddia müddətinin axımının kəsilməsi əsassızdır. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia, iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və iş üzrə ödənilmiş 36,40 (iki yüz otuz altı manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3762/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3762/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver