Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3776/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminliyə xitam, dəbbə pulunun azaldılması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2709,72 manat əsas, 1030,77 manat faiz, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 366,32 manat faiz borcu olmaqla ümumilikdə 4106,81 manat məbləğində pulun və ödənilmiş 61,07 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01/2071/KBK nömrəli kredit müqaviləsi üzrə sonuncuya 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün iddiaçı qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. 2.2. Lakin borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********229 saylı xx.xx.2024-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması iddiaçının lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3776/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduğu ünvanlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmışdır. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddiaçı (bank qismində) ilə Cavabdeh2 (kreditalan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01/2071/KBK nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 3000 (üç min) AZN təşkil edir (2.1). Bu müqavilə üzrə kredit/kredit xətti (ofisin təmiri) məqsədi üçün verilir (2.2). Bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə kredit “Kreditalan”a “Bank”ın rəyinə əsasən və həmin kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları nəzərə alınmaqla kredit xətti çərçivəsində hissə-hissə verə bilər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği tərəflərin yazılı surətdə tərtib etdikləri qarşılıqlı razılaşmalar ilə müəyyən olunur və həmin razılaşmalar bu müqavilənin ayrılmaz tərkib hissələridir (2.3). Bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş razılaşmalarla verilən kredit hissələrinin faizləri ilə bağlı hesablaşma həmin faizin ilin aylarına (12 ay) və ya günlərinə bölünməsi və həmin müvafiq faizlərin uyğun məbləğə vurulması yolu ilə müəyyən edilir (2.4). Kredit “Kreditalan”ın bu müqavilənin 3.1.3-cü yarımbəndində göstərilən hesablaşma hesabına köçürülməklə verilir. Kreditin alınma tarixi onun bu hesaba köçürüldüyü tarix hesab olunur (2.5). Kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır (4.1). Kreditdən istifadəyə görə “Kreditalan” tərəfindən “Bank”a illik 24% olmaqla faiz ödənlir (4.2). Alınmış kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə plan üzrə bərabər hissələrlə ödənilir (4.3).
12. Sözügedən müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, kreditin ilk ödəmə tarixi xx.xx.2020-ci il, son ödəmə tarixi xx.xx.2021-ci il, hər ay 200,11 manat (sonuncu ay isə 200,04 manat) olmaqla ümumilikdə 3000 manat əsas borc, 601,91 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
13. İddiaçı (bank qismində), Cavabdeh2 (borcalan qismində) ilə Cavabdeh1 (zamin qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli zaminlik müqaviləsinə əsasən, bu müqaviləyə görə “Zamin” “Borclu”nun “Bank” qarşısında 01/2071/KBK saylı, 12 dekabr 2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Bank”a dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür (2.1). “Zamin” yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə “Borclu”nun öhdəliklərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlərin və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla, “Bank” qarşısında “Borclu” ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. “Zamin”in məsuliyyətinin əsasları aşağıdakılardır: müqavilədə göstərilən müddətdə kreditin qaytarılmaması; müqavilə ilə müəyyən edilmiş müddətdə kredit üzrə faizlərin ödənilməməsi; kreditdən təyinatı üzrə istifadə edilməməsi (3.1).
14. İddia ərizəsinə əlavə edilmiş 15 fevral 2024-cü il tarixli **********238 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 01/2071/KBK nömrəli kredit müqaviləsi üzrə 01 fevral 2024-cü il tarixə əsas borc 2709,72 manat, müqavilə müddətinə faiz borcu isə 1030,77 manat təşkil edir.
15. Məhkəməyə təqdim edilən Cavabdeh2 məxsus AZ94NBCB4101001AZN********** nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 144,76 manat əsas, 64 manat faiz borcu, xx.xx.2020-ci il tarixdə 145,52 manat əsas, 53,30 manat faiz borcu ödənişi olmaqla sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 3000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətinə, illik 24% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 kredit məbləğini təşkil edən 3000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
17. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 2709,72 manat əsas borc və 1030,77 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.
19. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
28. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
29. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
30. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, təqdim edilən iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, kreditin verilmə tarixindən sonra (xx.xx.2019-cu il) iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 208,76 manat, xx.xx.2020-ci il tarixdə 198,82 manat olmaqla ümumilikdə 407,58 manat ödəniş edilmiş, həmin məbləğdən cəmi 290,28 manat əsas borca, 117,3 manat isə faiz borcuna silinmişdir.
31. Hesabdan çıxarış məlumatlarını ödəniş cədvəli və iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı ilə müqayisəli təhlil etdikdə aydın olur ki, xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə əsas borc 2709,72 manat, faiz borcu 1030,77 manat təşkil edir.
32. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 2709,72 manat əsas borc, 1030,77 manat faiz borcu müəyyən edilməlidir.
33. Məhkəmə zamin Cavabdeh1 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
34. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
36. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
37. xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli zaminlik müqaviləsinin 4.3-cü bəndinə əsasən zaminliyə xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində “Bank”ın “Zamin”ə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
38. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək zaminlərdən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi və tərəflər arasındakı razılaşmanın 4.3-cü bəndinə uyğun olaraq Cavabdeh1 zaminliyinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və ona qarşı xx.xx.2019-cu il tarixli 01/2071/KBK nömrəli kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə 2709,72 əsas borc, 1030,77 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
40. İddiaçı xx.xx.2019-cu il tarixli 01/2071/BK nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 366,32 məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş edir.
41. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
42. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
43. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
44. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixədək (964 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 357,83 (2709,72*5/100/365*964) manat təşkil edir.
45. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 357,83 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §33-38).
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı eləcə də ödənilmiş 61,07 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən **********42 nömrəli mədaxil qəbzi əsasında 61,07 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pul Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 2709 (iki min yeddi yüz doqquz) manat 72 (yetmiş iki) qəpik əsas borc, 1030 (bir min otuz) manat 77 (yetmiş yeddi) qəpik faiz borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 357 (üç yüz əlli yeddi) manat 83 (səksən üç) qəpik olmaqla ümumilikdə 4098 ( dörd min doxsan səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 (altmış bir) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova