Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3776/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla, cəmi borc 4294,68 manat məbləğində pul tələbinin və 63 manat dövlət rüsumu əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə subicarəçi Cavabdeh arasında 01 fevral 2018ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2634” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 13 mart 2025-ci il tarixli 01-02/V-2025-A/52 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2634 nömrəli subicarə müqaviləsi üzrə 12 mart 2025-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla, cəmi borc 4294,68 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçi şəxsin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.3, 425.1, 442, 443.1, 443.5, 448.1, 700.1, 705-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə ilə əlaqə saxlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh etiraz təqdim edərək qeyd etmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Avtovağzal Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 26-34 nömrəli mağazanın icarəçisi kimi fəaliyyət göstərmiş, 2018-ci ilə qədər heç bir problem yaşamadan fəaliyyətini davam etdirmişdir. Lakin bundan sonra bütün çətinliklər başlamışdır. Ticarət Mərkəzinin ikinci mərtəbəsində təmir işlərinə görə qapılar bağlanmış və bu təmir 2019-cu ilə qədər davam etmişdir. Bu dövrdə müdiriyyət onları yer haqqından azad etdiyini bildirmişdir. Lakin bir müddət sonra onlara demişlər ki, heç olmasa 75 manat ödəyin, onlar da razılaşaraq bu məbləği ödəmişlər. Sonradan məlum olmuş ki, onları aldadıblar və həmin dövrün borcunu tam şəkildə adlarına borc kimi yazıblar. O dövrün rəhbərliyi onların vəziyyətini çox yaxşı bilirdi, lakin bilərək borclanmağına səbəb olmuşlar. Təmir başa çatandan sonra pandemiya dövrü başlamış və işləri yenidən dayanmışdır. 2023-cü ilə qədər o, birtəhər dözmüş, sonda işinə xitam vermək qərarına gəlmişdir. Bu zaman onun qarşısına 3485 manat məbləğində borc yazılmış, xitam kağızı qoyulmuş və onun imzalamağını istəmişlər. Ona bildirmişlər ki, ya imza atmalı, ya da xitam verilməyəcək və borc yığılmağa davam edəcəkdir. O, da çıxılmaz vəziyyətdə, borc artmasın deyə imza atmışdır. Doğrusu, vəziyyətdən bezmiş və elə bilmiş ki, anlayışla yanaşacaqlar. Əlavə olaraq qeyd etmiş ki, bu illər ərzində ona nə rəsmi xəbərdarlıq edilmiş, nə də hər hansı iclasa və ya qərara çağrılmışdır. Halbuki həm ev nömrəsi, həm də mobil nömrəsi onlarda olmuşdur. Avtovağzal Ticarət Mərkəzinin hüquqşünası Sədərəddin İsgəndərovun verdiyi məlumata görə, ikinci mərtəbənin 6-cı sıradakı qapıları xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək – yəni 13 ay bağlı olmuş və həmin sıranın borcları rəhbərlik tərəfindən silinmişdir. Qapılar bağlı olduğu 13 ay müddətində, yəni 6-cı sıranın təmirə bağlandığı dönəmdə direktor müavini də borcların silindiyini təsdiqləmişdir. O, isə rəsmi sənəd tələb edir, amma vermirlər. Ancaq onun borcları silinməmiş, borc kimi yazılmış və ona xəbərdarlıq olunmamışdır. Təmirdən sonra isə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək, yəni 14 ay müddətində pandemiya dövrü başlamış, pandemiya dövrü ərəfəsində də ona borc yazılmışdır. Halbuki borc yazılmalı deyildi, çünki bu 14 ay müddətində onlar işləməmişlər. O, öncədən anlamamış, bu müqavilə bir tərəfli yazılmış, çünki müqavilənin bütün şərtləri şirkətin xeyrinə və tərəfinədir. Müqavilənin 2.1.5 bəndinə əsasən göstərilir ki, 15 gün ərzində əgər icarəçi icarə haqqını ödəməzsə, onda 15 gün ərzində xitam verilir, yəni müqavilə icarə verən və ya icarə götürən tərəfindən ləğv olunur. Ancaq ona zidd olan bir bənddə yazılıb ki, bu şirkətin vəzifəsi deyildir. O, hardan başa düşə bilər ki, “şirkətin vəzifəsi deyil” sözü qarşı tərəfin xeyrinədir? İstəsələr, bunu ləğv edə bilərlər, istəmədikləri halda ləğv etməzlər. Deməli, belə çıxır ki, şirkətə nə qədər xeyir verirsə, o zamana qədər də saxlaya bilərlər. Əgər orada işi getsə idi və yaxud da onun əvəzinə başqa bir icarəçi gəlib cüzi miqdarda artıq pul ödəsə idi, bir tərəfli qaydada müqaviləni ləğv edib onu oradan uzaqlaşdıracaqdılar. Ona görə də müqavilənin şərtləri tam olaraq şirkətin xeyrinədir. Bu gün isə üzərinə 3485 manat borc və 809 manat 68 qəpik cərimə yazmışlar. 3485 manat pulu ödəmədiyinə görə 809 manat 68 qəpik əlavə faiz əlavə etmişlər. Onun həyat yoldaşı birinci qrup əlildir, işləyə bilmir, özü də hal-hazırda işləmir, ailə büdcələri yalnız 100 manat baxım pulu və sosial yardımdan ibarətdir, yoldaşımın pensiyası isə yalnız dərmanlara gedir. Bu səbəbdən bu borcu ödəməyə nə imkanı, nə də gücü vardır. Bu məbləğ ailə büdcəsinin imkanlarını tamamilə aşır. Sonda onun ağır sosial vəziyyətini nəzərə almağı və üzərindəki borcun tam ləğv edilməsi ilə bağlı ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2018-ci ilə kimi qarşı tərəflə aralarında heç bir problem olmamış, xərclərin hamısını ödəmişlər. 2018ci ildən orda təmir getmiş, ondan sonra problemlər yaranmışdır. Qarşı tərəf ona 2021-ci ildə məktub ünvanlayaraq 2375 manat borcu olduğunu, ödənilməsə müqaviləyə 7 gün müddətində birtərəfli xitam veriləcəyini bildirmişdir. Bu ərəfələrdə həyat yoldaşı xəstə olduğu üçün o, maraqlana bilməmişdir. 2022-ci ildə də eyni məktub yenidən gəlmiş, lakin onlar tərəfindən xitam verilmədiyi üçün 2023-cü ildə o, özü xitam vermişdir. Onun borcu təmir dövründə yaranmış, pandemiya dövründə də obyekt işləməmişdir. Onun həyat yoldaşı 1-ci qrup əlildir, müalicəsinə başı qarışdığı üçün maraqlana bilməmişdir. 2023-cü ildə xitam verilənədək o, obyekti təhvil verməmişdir. O vaxtlar Hünər Hüseynov adlı şəxs obyekti aldığı üçün o, onunla danışıb əməkdaşlıq etmişdir. Obyektin "xxxx" MMC-yə keçdiyindən xəbəri olmamışdır. 2023-cü ilə qədər bəzən ödəniş etmiş, bəzən etməmişdir. Aktda borc məbləği artıq qeyd olunub, təmir dövrü, pandemiya dövrü üçün üçün də borc hesablanmış, pandemiya dövrü üçün 200 manat borc yazılmışdır. O, obyekti 2023-cü ilə qədər təhvil verməmiş, 2023-cü ildəki sazişdə də, digər bütün sənədlərdə də imza ona məxsusdur, aldatma, hədə-qorxu halları mövcud deyildir. Sadəcə qarşı tərəf ona bildirdi ki, imza atmasaz borc hesablanmağa davam edəcəkdir. O, pandemiya və təmir dövrünü, cəriməni qəbul etmir, əsas məbləği qismən qəbul edir. 2013-cü ildən müqavilə üzrə problemsiz işləyərək ödənişlər etmişdirlər. Direktor müavinin qəbuluna getdikdə isə onlara bildirildi ki, 6-cı sırada qapılar bağlandığı üçün yazılan borclar silinib, lakin rəsmi surətdə heç bir sənəd təqdim etməmişdirlər. 13 ay müddətinə təmirlə əlaqədar obyektin qapıları bağlı olmuşdur. Pandemiya dövründə isə onlara 200 manat borc yazılmışdır. 2018-ci il tarixli müqavilə üzrə heç bir ödəniş olmadıqda qarşı tərəf 15 iş günü ərzində birtərəfli qaydada müqaviləyə xitam verə bilərdi. İddiaçının nümayəndəsinin bildirdiyi birtərəfli xitamın onların hüququ olması ilə bağlı maddəni müqavilədə tapmamış və onlara aydın deyildir. Suallara cavab olaraq bildirmişdir ki, obyekt faktiki olaraq 2023-cü il tarixinə qədər onlarda olmuş, obyekt onlarda olsa belə, orda iş olmamışdır. Onun yoldaşı ağır xəstə olduğu üçün başı çox qarışıq olmuş, ona görə də xitamla bağlı xitamla bağlı qarşı tərəfə müraciət edə bilməmişdir. Müqaviləyə xitam verildikdən sonrakı dövr üçün yalnız cərimə hesablandığını bildirmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 01 fevral 2018-ci il tarixdə qarşı tərəflə bağlanmış müqavilənin 2.1.5-ci bəndində müqaviləyə birtərəfli xitam vermək hüququ göstərilmişdir. İddiaçı tərəf sonradan başqa təşkilatla dəyişdiyi üçün 2023-cü il tarixli müqavilədə müqaviləyə birtərəfli xitam vermək hüququ ilə bağlı dəyişiklik olmuşdur və həmin müqavilə onlara təqdim olunmamışdır. Əgər ticarət sahəsi normal qaydada fəaliyyət göstərsəydi qarşı tərəf müqaviləyə birtərəfli qaydada xitam verəcəkdi. Onlar qarşı tərəfdən maliyyə arayışı tələb etdikdə təqdim etdikləri arayışa aid heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Cavabdeh bilmədən, yəni başa düşmədən imza atmışdır. Sonda o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC, direktoru X3 şəxsində (bundan sonra “İcarəyə verən” adlandırılacaq) və digər Cavabdeh (“İcarəçi” adlandırılacaq) arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq İcarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə Obyekti”) icarəçiyə icarəyə verməyi və İcarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 34 m2 olan “2634”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu Müqavilə qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 (bir yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Təqvim ayının tam icarə haqqı bu Müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla İcarəçi tərəfindən İcarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır. Müqavilənin 9.2-ci bəndinə əsasən, Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. Müqavilənin 9.3-cü bəndinə əsasən, Hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. icarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi barədə Sazişin 1-ci bəndinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 34 kv.metr ölçüsündə olan “2634” nömrəli qeyri-yaşayış sahəsinin (sap mağazası) icarəyə verilməsi barədə tərəflər arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2634 saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilir. Sazişin 6-ci bəndinə əsasən, “İcarəçi” 01 fevral 2018-ci il tarixli, 2634 saylı icarə müqaviləsinə əsasən “lcarəyəverən”ə 3485 manat icarə haqqı borcu olduğunu və borc öhdəliklərinə müqavilədə göstərilmiş “lcarəyəverən”in bank hesabına ödəniş etdikdən sonra xitam verildiyini qəbul edir. 05 sentyabr 2023-cü il tarixli İcarə obyektinin (qaytarılması) təhvil-təslim aktına əsasən, 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsinə dair “İcarəçi”nin işlərinin yaxşı getmədiyi və müflis səbəbi ilə - Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq ve Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzin 2-ci mərtebəsində yerleşən ümumi sahəsi 34 kv.m olan "2634" nömrəli qeyriyaşayış sahəsini icarəyə verənə qaytarır, lcarəyə verən isə qəbul edir. Qaytarılarkən icarə sahəsinin cari vəziyyəti pəncərələrin vəziyyəti, döşəmənin vəziyyəti, tavanın vəziyyəti, divarların vəziyyəti, qapının vəziyyəti yaxşı vəziyyətdə olmuş, elektrik cihazları isə elektrik sayğacı və elektrik xətləri mövcud olmuşdur. İcarəçinin İcarəyəverənə 3485 manat borcu vardır. 13 mart 2025-ci il tarixli 01-02/V-2025-M/58 nömrəli maliyə arayışına əsasən, Cavabdeh 2634 nömrəli müqavilə üzrə İcarəyə verənə icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla yekun borc məbləği 4294,68 manat təşkil edir. 26 may 2023-cü il tarixli, 3-21-3/2-6847/2023 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Təmirtikinti işlərinin aparılmasına və sahənin ikinci əldən icarəyə verilməsinə razılıq verilməsi barədə məktuba əsasən xx.xx.2023-cü il tarixli, 3439 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürülən 13754,4 kv.m. qeyri-yaşayış sahəsində müəyyən tikinti norma və qaydalarına uyğun olaraq həyata keçiriləcək təmir-tikinti işlərini aidiyyəti icra orqanları ilə razılaşdırmaqla öz vəsaitləri hesabına, gələcəkdə icarəyəverəndən tələb etməmək şərti ilə aparılmasına etiraz etmədiklərini bildirmişlər. 27 noyabr 2023-cü il tarixli 4141 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən, xx.xx.2023-cii il tarixli, 232 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 3 (registr №***-*******0-003) ünvanında 9 mərtəbəli binanın 1-ci. 2-ci və 5-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 4014.4 m2 edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X4 balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı: 7876.25 manatdır . Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) - 3612.96 (üç min altı yüz on iki manat 96 qəpik) manat, illik icarə haqqının 50%-i (ƏDY- siz) - 43355.52 (qırx üç min üç yüz əlli beş manat 52 qəpik) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin Azərbaycan Respublikası X1 idarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C), aylıq icarə haqqının 50%-i (ƏDV -ilə) - 4263.29 (dörd min iki yüz altmış üç manat 29 qəpik) manat, illik icarə haqqının 50%-i (ƏDV-ilə) - 51159.51 (əlli bir min bir yüz əlli doqquz manat 51 qəpik) manatı AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X4 hesablaşma hesabına ödənilməlidir. İcarə müqaviləsinin müddəti: xx.xx.2023-cü il tarixdən xx.xx.2024 - cü il tarixədək müəyyən edilir. xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən müvafiq subicarə müqaviləsi üzrə 12 mart 2025-ci il tarixə tərəfinizdən ödənilməmiş icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaala. cəmi borc 4294,68 manat məbləğində pul vəsaitinin 7 gün müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 122,14 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2634” nömrəli qeyriyaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi barədə Sazişdə və 05 sentyabr 2023-cü il tarixli İcarə obyektinin (qaytarılması) təhvil-təslim aktında cavabdeh cəmi 3485 manat icarə haqqı borcu olduğunu qəbul etmişdir. Cavabdeh icarə haqqının işləmədikləri pandemiya dövrünə və aylıq icarə haqqını 75 manata razılaşdıqları təmir işləri getdiyi vaxtlara da tam hesablandığını bildirmişdir. Halbuki, maliyyə arayışına əlavə edilmiş cədvəldən aydın olur ki, 2020-2021-ci illərdə pandemiya dövründə cavabdehə icarə haqqı hesablanmamışdır. Bundan başqa cavabdeh 2018-ci ildə təmir işləri görüldüyü vaxt icarə haqqını 75 manata iddiaçı ilə razılaşmaları olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh xitam sazişi və təhvil-təslim aktında imzanın ona məxsus olduğunu, sənədləri imzalayarkən hədə-qorxu və ya aldatma halları olmadığını bildirmişdir. Odur ki, iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən mağazanın cavabdehin icarəsində olduğu müddət üçün icrarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini, cavabdehin sazişdə və aktda 3485 manat icarə haqqı borcu olduğunu qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3485 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 809,68 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 115 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 63 manat dövlət rüsumunun 56 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi üzrə 3485 manat əsas borc, 115 manat cərimə borcu olmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 56 (əlli altı) manatının əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3776/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3776/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver