Məhkəmə qərarları › İş №e-2-2(113)-3777/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3777/2024

28.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3777/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə X7 tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxışın nəticələrinə dair 602236 saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, baxış keçirilən zaman obyektin su sayğacından kənar d-20 mm boru vasitəsi ilə sudan qanunsuz istifadə edildiyi aşkarlanmışdır.

2. 249199672 saylı xx.xx.2023-cü il tarixli hesab -akturadan görünür ki, 601980 nömrəli akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə haqqının ödənişi üçün 2052 m3 sərf edilmiş su və çirkab suya görə Cavabdeh ASC tərəfindən iddiaçı X7 (su - 2052 m3 + çirkab su - 2052 m3 x1 manat) 4.104 manat məbləğində borc hesablanmışdır.

3. Abunə haqqında məlumatlardan görünür ki, abonent X3 və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2023-cü il sentyabr ayında 4.560 manat (o cümlədən 4.104 manat) borc hesablanmışdır.

4. Abonentin məlumatlarından çıxarışdan görünür ki, 050514 kodlu abonent Emin Babayevin xx.xx.2024-cü il tarixə Cavabdeh ASC-yə olan borcu 2139,18 manat təşkil edir.

5. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət Su X2 təsdiq edilmiş və həmin Agentliyin yabeliyindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X8 Xidmətinin yaradılmışdır.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı X7 Cavabdeh ASC-yə (hazırkı adı “İri Şəhərlərin X8 Xidməti” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən iddiaçı X5 aid olan abonent koduna əsassız hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə X5 məxsus olan Bakı şəhəri, S.Vurğun küçəsi 85 saylı evdə əsassız olaraq yoxlama apararaq onun sudan qanunsuz istifadə etdiyini iddia etmişlər. Bu barədə 602236 saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilərək iddiaçıya ƏDV daxil cəmi 4104 manat cərimə hesablanmışdır. Bu məbləğdən 2052 manat çirkab su, 2052 manat isə suya görə hesablanmışdır. Buna dair Cavabdeh ASC-nin Nəsimi rayonu Sukanal İdarəsi tərəfindən iddiaçıya cəmi 4104 manatlıq xx.xx.2023-cü il tarixli ********* saylı hesab faktura təqdim olunmuşdur. İddiaçı bu faktla razılaşmır. Belə ki, sudan istifadəyə görə iddiaçı tərəfindən hər ay ödəniş edilməklə sudan istifadə edilmişdir. Sudan istifadəyə görə ödənilmiş məbləğlərin açıqlanması məhkəməyə təqdim olunacaq. Həmçinin, cavabdeh nəzərə almamışdır ki, su borusu su sayğacından keçir. Belə ki, istifadə olunan su həcmi sayğacda qeydə alınmaqla tarif qiyməti hesablanıb ödənilmişdir.

8. İddiaçının tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstiusiyasının 26-cı maddəsinə, “X6nın” 2.1.3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli və 15 fevral 2011-ci il tarixli 383 nömrəli fərmanlarına, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə, 3.2-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4.-cü bəndinə, 1.5-ci bəndinə istinad etmişdir.

9. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ərizədə qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə əsasən, 2023-cü ilin oktyabrın 1-dən (akt yazılandan sonra) sonra 2023-cü ilin oktyabr ayında su sərfiyyatı - 14m3 olmuşdur ki, m3/2 manat olmaqla buna görə ödəniş 28 manat olmuşdur. Lakin iddiaçının faktiki ödənişi 100 manat olmuşdur ki, həmin 100 manat ödənişin 72 manatı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borca görə silinmişdir. 2023-cü ilin noyabr ayında su sərfiyyatı - 40m3 x m3/2 manat = 80 manat, faktiki ödəniş 280 manat olub. Bundan 200 manat əsassız hesablanmış borca görə silinmişdir. 2023-cü ilin dekabr ayında su sərfiyyatı - 44m3 x m3/2 manat = 88 manat, faktiki ödəniş 300 manat olub. Bundan 212 manat əsassız hesablanmış borca görə silinmişdir. 2024-cü ilin yanvar ayında su sərfiyyatı - 37m3 x m3/2 manat = 74 manat, faktiki ödəniş 250 manat olub. Bundan 176 manat əsassız hesablanmış borca görə silinmişdir. 2024-cü ilin fevral ayında su sərfiyyatı - 35m3 x m3/2 manat = 70 manat, faktiki ödəniş 250 manat olub. Bundan 180 manat əsassız hesablanmış borca görə silinmişdir. 2024-cü ilin mart ayında su sərfiyyatı - 43m3 x m3/2 manat = 86 manat, faktiki ödəniş 300 manat olub. Bundan 214 manat əsassız hesablanmış borca görə silinmişdir. 2024-cü ilin aprel ayında su sərfiyyatı - 45m3 x m3/2 manat = 90 manat, faktiki ödəniş 300 manat olub. Bundan 210 manat əsassız hesablanmış borca görə silinmişdir. 2024-cü ilin may ayında su sərfiyyatı - 30m3 x m3/2 manat = 60 manat, faktiki ödəniş 200 manat olub. Bundan 140 manat əsassız hesablanmış borca görə silinmişdir. Yuxarıdakı hesablamalardan görünür ki, cavabdehin aktından sonra 8 ay (xx.xx.2023-cü il – xx.xx.2024) ərzində iddiaçının orta aylıq su sərfiyyatı 32,5m3 təşkil etmişdir. Lakin, cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında iddiaçıya hesablanmış məbləğə əsasən isə aylıq su sərfiyyatı 190m3 təşkil etmişdir. İddiaçının real su sərfiyyatı ilə cavabdeh tərəfindən hesablanmış aylıq su sərfiyyatı arasındakı fərq 157,5m3 təşkil edir. Cavabdehin aktından əvvəlki 8 ay (2023-cü ilin yanvar – avqust ayları) su sərfiyyatı cəmi 100 m3 olmaqla aylıq orta su sərfiyyatı 12,5m3 təşkil etmişdir. Cavabdehin aktından sonrakı dövr ərzində qeydə alınmış su sərfiyyatı ilə əvvəlki su sərfiyyatı arasında fərq nəzərə alınmaqla iddiaçının 2023-cü ilin yanvar – avqust aylarına (8 ay) görə real borcu 320 manat təşkil etmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixinə olmaqla cavadehə 1404 manat ödəmişdir ki, bu məbləq real su sərfiyyətinə uyğun olmamaqla həddindən çox artıqdır.

10. xx.xx.2024-cü ildə iddiaçı X7 iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş və iddia ərizəsində göstərilənlərə və tələbinə əlavə olaraq cavabdehə artıq ödənilmiş 1964.82 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin: -385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

3. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

4. Məhkəmə hesab edir ki, təmin edilməlidir.

5. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı X1 tələb etdiyi 4104 manat məbləğində borc iddaçıya məxsus qeyri-yaşayış sahəsində sudan qeyriqanuni şəkildə istifadə edilməsi ilə əlaqədar cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ-ə (əvvəlki adı Cavabdeh ASC-yə) dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

6. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin X8 Xidməti” PHŞ su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

7. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc İri Şəhərlərin X8 Xidməti” PHŞ -nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.

8. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

9. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

10. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, qətnamənin qəbul edildyii tarixə iddiaçının silinməsini tələb etdiyi borcun 1964,82 hissəsi ödənilmiş, yəni həmin borc hazırda mövcud deyildir, cavabdehin iddiaçıya hazırkı borcu isə 2139,18 manat təşkil edir

11. Yuxarıda göstərilənlərə əsasən artıq mövcud olmayan borcun silinməsinin mümkün olmadığını məhkəmə belə qənaətə gəlir ki, iddia borcun silinməsi hissəsində iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 602236 saylı akta iddiaçı X5 hesablanmış 2139,18 manat məbləğində borc silinməlidir.

12. Mübahisəli borcun iddiaçı tərəfindən ödənilmiş 1964,82 hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək həmin pulun abonenet hesabına qaytarılmasını xahiş etmişdir.

13. Məhkəmə hesab edir ki, həmin pul vəsaiti iddiaçının öhdəliklərindən kənar ödənilmiş pul vəsaiti olduğundan iddiaçı əsassız varlanma qaydalarına əsasən həmin pulun abonent hesabına qaytarılmasını tələb etməkdə haqlıdır.

14. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

16. İddaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 39 manat məbləğində dövtlət rüsumu iddiaçıya qaytarılmalıdır.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli 602236 saylı akta əsasən iddiaçı X5 hesablanmış 2139,18 manat məbləğində borc silinsin. Cavabdeh İri Şəhərlərin X8 Xidməti” PHŞ tərəfindən X4 abonent hesabına 1964,82 manat məbləğində pul vəsaiti qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ-dən dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. İddaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 39 manat məbləğində dövtlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar