Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3787/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. 2 noyabr 2019-cu il tarixdən həmin qeyriyaşayış sahəsi notariat qaydada təsdiq edilmiş müqavilə əsasında icarəyə verilmişdir. Həmin tarixdən bu günədək qeyd olunan qeyri-yaşayış sahəsi saxlama yeri, yəni anbar kimi istifadə edilir. Aramızda bağlanılmış müqavilənin şərtlərinə görə icarə münasibətləri zamanı yaranacaq kommunal xərclər “İcarəçi” tərəfindən ödənilməlidir. İcarəçinin bildirdiyinə görə, 2020-ci ilin sentyabr ayında qeyri-yaşayış sahəsinə Cavabdeh ASC tərəfindən quraşdırılmış suölçən cihazında nasazlıq yaranmışdır. Həmin sahəni icarəyə götürmüş şəxsin işçisi tərəfindən Cavabdeh ASC-yə zəng edilərək bu barədə məlumat verilmiş, suölçən cihaza baxış keçirmələri xahiş edilmişdir. Lakin suölçən cihaza baxış keçirilmədiyindən və suyun verilməsi dayandığından həmin obyektdən icarə müqaviləsi əsasında istifadə edən şəxslər məcbur olub su xəttinə qoşulma etmişlər. 02 oktyabr 2020ci il tarixdə Cavabdeh ASC-nin Nəsimi rayon sukanal idarəsinin əməkdaşları tərəfindən ona məxsus əmlaka baxış keçirilən zaman sudan qeyri-qanuni istifadənin aşkarlandığı bildirilmişdir. İdarənin əməkdaşları tərəfindən buna dair 02 oktyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda su sayğacına əlavə olaraq 15 m.m-lik boru ilə müdaxilə edildiyi qeyd edilmuşdir. Buna görə də Cavabdeh ASC-yə dəymiş ziyanın və itirilmiş sərfiyyatın bərpası üçün müəssisəyə 1098 m olmaqla 2 196,00 (iki min bir yüz doxsan altı) manat borc hesablanmışdır. Balansda olan 24,70 (iyirmi dörd manat, yetmiş qəpik) məbləğində pul vəsaiti hesabdan borc üçün silinmişdir. Hazırda Cavabdeh ASC-yə 2 171,30 (iki min bir yüz yetmiş bir manat otuz qəpik) manat məbləğində borcu olduğu bildirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan 02.10.2020-ci il tarixli 007211 saylı akta əsasən ünvan 1 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsinə baxış zamanı diametri 15 mm olan boru vasitəsi ilə qanunsuz qoşulma müəyyən olunmuşdur. Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi 23.04.2021-ci il tarixli, EH-02/1-345 nömrəli məktubla İddiaçı müraciət edərək, 2020-ci ilin oktyabr ayında Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, tərtib edilmiş akta əsasən 2171,3 manat məbləğində dəymiş zərərə görə borcun olduğunu bildirmişdir. İş materiallarında olan 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi, yəni X1 12/11/2022-ci il tarixinədək icarəyə vermişdir. Həmin müqavilənin: -12-ci bəndinə əsasən,kommunal xidmətlərdən (elektrik, su, qaz, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərləarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları İcarəçi tərəfindən ödənilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, qeyd olunan qeyri-yaşayış sahəsi 12 noyabr 2019-cu il tarixdən X1 icarəyə verilmiş və hal-hazırda da onun istifadəsində olduğundan, İddiaçı borcun yazılması əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən 052429 saylı abunə kodu üzrə 02.10.2020-ci il tarixli 007211 saylı akta əsasən hesablanmış 2.196 (iki min yüz doxsan altı manat) manat məbləğində borc silinsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3787/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3787/2021
16.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver