Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3789/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 060927 saylı akt əsasında əsassız hesablanmış 2636,20 manat borcun silinməsi, 47 manat dövlət rüsumu və 300 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən X1 qaydalarının pozulması haqqında iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 060927 saylı akt əsasında 2636,20 (iki min altı yüz otuz altı manat iyirmi qəpik) manat borc əsassız hesablanmışdır. İddiaçı **********3 abonent kodu ilə Salyan şəhəri İ.Quliyev küçəsində yerləşən obyektdə sahibkar kimi X1 edir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən məlumatı olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, X2 Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən təmin edilmədən əsassız 060927 saylı akt yazılmış və buna görədə 2636,20 (iki min altı yüz otuz altı manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Aktda yazıblar ki, kənar xətt aşkar edilmişdir və akt tərtib edilir və həmin aktın tərtibində iştirakı təmin edilməyib və mənə rəsmi məlumat verilməyib. Heç vaxt abonent olaraq elektrik enerjisi istifadəsinə görə borcu olmayıb. İstifadə edilən enerjinin pulu daim vaxtında ödənilib. Amma sayğaca heç vaxt heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur. Hesab edilir ki,X1 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 060927 saylı tərtib edilmiş akt əsassızdır, həmin akt əsasında hesablanmış 2636,20 (iki min altı yüz otuz altı manat iyirmi qəpik) manat məbləğ əsassız hesablanmışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Salyan rayonu, Ə.Quliyev küçəsində abonent İddiaçı məxsus obyektin (abunə kodu-**********3) uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın qrif hissəsi termiki təsir nəticəsində yanıb. Xəta faizlərini yoxlamaq mümkün olmamış, göstəricinin xüsusi cihaz vasitəsilə oxunması mümkün olmamışdır. Baxış zamanı xx.xx.2024-cü il tarixli R 060927 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın tələbinə uyğun olaraq. xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən: 9673 kvts / 91 gün x 248 gün = 2636,20 kvts (0,10) 2636,20 Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğlər cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (abonent) ilə cavabdeh (enejitəchizatı müəssisəsi) arasında enejitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enejisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.
10. İddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə akt əsasında 2636,20 manat məbləğində borc yazılmışdır.
11. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 060927 nömrəli akta görə baxış zamanı yuvaların əriməsi aşkar olunmuş və sayğac yenisi ilə əvəz olunmalıdır.
12. Cavabdeh tərəfindən tərtib olunmuş sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 311046 nömrəli akta görə iddiaçıya məxsus çıxarılan sayğac möhürlənmiş və laboratoriyaya göndərilmişdir.
13. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC elektrik sayğacının yoxlaanılması haqqında DY Q/M 027/15 nömrəli protokola görə sayğacın qrif hissəsi termiki təsir nəticəsində yanıb. Xəta faizlərini yoxlamaq, göstəricinin xüsusi cihaz vasitəsilə oxunması mümkün olmamışdır.
14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, həmin baxış nəticəsində iddiaçı barəsində 060927 saylı akt tərtib edilərək iddiaçıya 2636,20 manat borc hesablanmışdır.
16. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
17. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
19. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
24. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
25. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə yoxlama aparılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.
26. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
27. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 2636,20 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.
29. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 2636,20 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2636,20 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
31. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 300 manat hüquqi xidmət haqqı ödənilmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 47 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 2636,20 (iki min altı yüz otuz altı manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 47 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc, ümumilikdə 347 (üç yüz qırx yeddi) manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova